AZ EN RU

Bu gün muxtar respublikanın ümumtəhsil məktəblərində ilk dərs saatları 27-sentyabr Anım Gününə həsr olunub

Bu gün muxtar respublikanın bütün ümumtəhsil məktəblərində ilk dərs saatları 27 sentyabr-Anım Gününə həsr olunub. Dərslərdə şagirdlərin diqqətinə çatdırəlıb ki, 27 sentyabr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə Anım Günü kimi qeyd edilir. Bu təqvimin Azərbaycan tarixində çox mühüm əhəmiyyəti var. Məhz 2020-ci ilin bu günündə Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması üçün mübarizəyə qalxmış və 44 gün ərzində öz müqəddəs məqsədinə çataraq Vətənimizin ərazi bütövlüyünü təmin etmişdir.
Dərslərdə rəşadətli ordumuzun zəfər yürüşündə Naxçıvan döyüşçülərinin qəhramanlığından bəhs olunaraq qeyd olunmuşdur ki, müharibənin əsas canlı qüvvələrindən biri də məhz Oğuz eli, qədim diyar Naxçıvandan olan hərbiçi-zabitlər idi.
Qeyd edək ki, bu gün həmçinin muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Xatirə Muzeyi arasında "27 sentyabr Anım Günü” ilə bağlı interaktiv dərs də keçirilir.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 27.09.2023 10:14