AZ EN RU

Bu gün həmin gündür

"Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”,-- deyən Ulu Öndərin dediyi həmin gündür bu gün. Artıq 4 ildir ki, biz Novruz bayramını Şuşada, Laçında, Zəngilanda,Xocalıda qeyd edirik.Biz öz doğma yurdunda ocaq başına yığılıb bir ocağın istisinə isinənlərin sevincini görürük. Azərbaycan xalqı öz doğma Qarabağına qovuşmağın qürurunu  yaşayır. Bahar da artıq bütöv Azərbaycana qədəm qoyur. Qaranquşlar silah səsindən qorxub pərən-pərən düşdükləri yuvalarına geri dönüb artıq.  Xocalıda qalanan tonqallar soyuq, qanlı  fevral gecəsində qarlı meşələrdə buz tutan ruhları isidir. Xankəndidə alovlanan ocağın işığı düşmənin gözünü kor edir. Şuşa cənnətə dönür öz doğmalarının əlləri ilə. Zəngilandan körpə səsi, Laçından toy havası eşidilir. Artıq Laçında uşaqlar bayram axşamı qapılara şal atır, gənclər qulaq falına çıxırlar. Ahılların könlü bir alma ilə xoş olur. İllərdir ,öz evindən ayrı düşənlər  bayram aşını öz ocağında dəmlənməyə qoyur artıq.  Uzun illərdən sonra torpağın da, daşın da  üzü gülür. Baharın gəlişinə sevinir hər kəs.Çünki baharın gəlişini Şuşada seyr edirik, yazın istisini Füzulidə duyuruq, Həkərinin şən axınını Laçında izləyir, çinar meşələrinin  necə oyandığına Zəngilanda şahidlik edə bilirik.

Nəşr edilib : 20.03.2024 17:36