AZ EN RU

Bu gün gərək qəlbimizin hər duyğusu, hər vurğusu Vətən! – desin

    Köksünə sancılan oxla ayaqda qalan, uğrunda tökülən qanla qidalanan, əsir düşmüş, didərgin olmuş insanları bağrına basan, özünü sığınacaq edib onlara yurd olan, onlara nəfəs olan, özü nəfəssiz qalan uşağından-böyüyünə Qarabağ deyən dillərdə bir əfsanə Qarabağ yaşayır artıq. O artıq bizim qürur mənbəyimiz, inanc yerimiz, isti beşiyimiz, mərd oğulların qanından yoğrulmuş Vətən torpağıdır. Əsrlərdir, bu torpaq Qarabağın intiqamı üçün şərəf, namus, ləyaqət yetişdirib, torpağın qoynunda cücərtdi. Minlərlə ölən günahsız insanların qanı ilə ağarıb ağ günə çıxan Qarabağ “Dəmir yumruq” olub düşmənin başına, ox olub bağrına sancıldı.

    Xarıbülbül əsarətdən qurtulub Azərbaycan üçün cəsarət rəmzinə çevriləndə, babalar da baş qaldırdı məzar altdan. Bizim olanı özümüzə qaytarıb həsrəti vüsala çevirən ey qəhrəman qardaşlarımız, torpaqlarımızda azğınlaşan, at oynadan haram əlləri kəsib, torpaqlarımızı məhbəsdən azadlığa buraxdığınız üçün bu Vətən sizi heç zaman unutmayacaq. İllər keçsə də, tarixlər təqvimdən bir göz qırpımında düşsə də, Qarabağ şəhidlərimizin qəhrəmanlıq dastanı, igidlik simvolu, xarıbülbülün duası olaraq xatırlanacaq. Axı necə xatırlanmaya bilər ki? Xarıbülbül susduğu illərlə cavab verdi tarixə, sizsə susmadığınız illərlə dinlədiniz onu. Xarıbülbül sizə illər ərzində neçə dəfə saralsa da, solmadığından; ləçəklərini necə duaya çevirdiyindən, bitdiyi yerə bağlılığından, Qarabağından danışdı... Siz isə onun bitdiyi yeri hər gün qanınızla necə suvardığınızdan danışdınız.

    Daha adlarınızla yox, Vətən uğrunda axıtdığınız qanla tanınacaqsınız. Hərəniz bir Şuşa, hərəniz bir Əsgəran olub çiyin verəcəksiniz Xudafərinə, göz olacaqsınız Laçına. Zəngəzura ümid dolu yol, Araza həsrət dolu baxış, Hadruta sancılan bayraq olan ey şəhid qardaşlarım, sizi qoynuna alan yumruq boyda torpağınız varsa, siz ölməzsiniz. Tarix yaşadıqca siz yaşayacaq, bu Vətənin hər qayasında qeyrət, hər daşında ar olacaqsız... Bu yurdda yeni bədənlərdə, eyni ruhdan doğulanlar dolaşacaq...Vətən olub, vətənləşən; qan olub bayraqları bayraq edən, mavi səmalara yüksələn, Azərbaycan deyə hökm edən bayraq olacaq... Siz heç zaman ölməyərək, “Bayraqları bayraq edən üstündəki qan, torpaq uğrunda ölüb Vətəni Vətən edən olacaqsınız!!!”
    Daha torpaq eşitməyəcək mərmi səsi, güllə səsi, lalədən, qərənfildən qan damlamayacaq. Daha analar övlad həsrəti çəkməyəcək, qız-gəlinlər qara bağlamayacaq. Daha nişanlı qızlar yorğan altda gildir-gildir göz yaşı tökməyəcək, səhəri yeni bir şəhid xəbəri ilə açmayacaq.
    Hansı yara sağalmadı ki, məlhəmi torpaq, qucağı vətən olan?! Tarix yaraları, qanla yazılmış izləri unutmaz, öz daş yaddaşına həkk edib daşlaşar, tarixləşər. Şairin də dediyi kimi:
        Vətən! Səni səndən alıb belə
        Yüz illərlə uyutdular.
        Səni səndə ələdilər,
        Səni səndə üyütdülər.
        Dibək oldun öz duzunla, öz daşınla...
    Artıq quşlar da qıy vurur “Azadlıq!”, “Azadlıq!” deyə... Natəvanın yarım qalmış misraları, Müşfiqin simi qırılmış, yasa batmış tar-kamanı, Xanı, Bülbülü, Üzeyiri, Rəşidi yenidən dünyaya gəlib. Şuşada, Kəlbəcərdə səslənən musiqilər, mahnılar, ətək-ətək sinəsinə yara vurulan  dağları, daşları sağaldır indi. Cıdır düzündə Qarabağ atları şaxə qalxıb düşmənə “təpik” göstərir. Şuşada təkrarlanan tarix ananı balaya, övladı ataya, ən əsası da, torpağı torpağa qovuşdurub. Vətən nisgilli, Araz həsrətli Məmməd Araz sanki bu günü görür və 30 ildən artıq bir zamanda zamanı qabaqlayaraq yazırdı:
        Bu gün gərək
         hər anımız Vətən! – desin
        Qılıncımız, qalxanımız 
        Vətən! – desin
        Ölənlərin əvəzinə
        Qalanımız Vətən! – desin. 
        Vətən! – desin
        Qəlbimizin hər duyğusu,
        hər vurğusu
        Vətən! – desin 
        Fərqi yoxdur harda olaq, 
        Zamanımız, məkanımız
        Vətən! – desin
    Dalğalandığın yerdə nə qorxu, nə kədər var kölgəsinə sığındığım ay-ulduzlu and yerim. Füzulidən Murov dağına, Hadrutdan Kəlbəcərə, Laçından Şuşaya, Kəlbəcərdən Zəngilana şanlı tariximizi qanlarıyla torpağa yazaraq bizlərə əmanət edən din, dövlət, mülki-millət, istiqlal və istiqbalımız üçün canlarını fəda edən, ürəklərini sipər edən Odlar Yurdunun qəhrəman şahidləri, siz       ölməzsiniz, siz əbədisiniz. Ey mavi göylərin bəyaz süsü, qız bacımın gəlinliyi, şəhidimin son örtüyü. Dalğalanan ay-ulduzlu bayrağım, sənin dastanını oxudum, sənin dastanını yazıram. Yazıram, tarix şahid olsun ki, bir hilal uğruna, bir qarış Vətən torpağı uğruna nə günəşlər qürub etdi! 
    İndi birlik zamanıdır, eşq zamanıdır... Ruhunuzu candan qoparan mərmilərin caynaqlarında, hər gün üçrəngli bayrağa sarılıb, saçlarının bəyazında, üzlərin qırışında böyüyən candaşlarınızın otuzillik eşqinə qovuşduğu zamandır. Bu uğurda öz canlarından keçən candaşlarımız Vətən həsrətini özləri ilə ürəyində, gözlərində haqq dünyaya apardı. Qanınızın son damlasını axıtdığınız o torpaqda artıq azan səsləri eşidildi, qələm əlimizdə partladı, cümlələr çilikləndi yazımızda söz-söz...  Artıq hiss edə bilirik o ağrının içindəki duyğunu! Sərhəddən keçən mərmiyə göz yummadığınız üçün, gözümüzdə Vətən böyüyüb dağ oldu. Artıq bu dağın zirvəsində “Azərbaycan” adlı Vətən oğulları tarix yazdı: 
    Azərbaycan – qayalarda bitən bir çiçək,
    Azərbaycan – çiçəklərin içində qaya.
    Mənim könlüm bu torpağı vəsf eyləyərək,
    Azərbaycan dünyasından baxar dünyaya.
    Torpaq uğrunda gedən döyüşlərdə, əslində, Vətən yenidən yaradılır, yenidən şəkillənir. Vətən adı gələndə insanın bütün hissləri bir nöqtəyə cəmlənir. Ən məhrəm hisslər, ən ümidsiz gözləntilər, ən uzaqdakı hədəflər birləşərək Vətən yaradır. Bir də Vətən yolu gözləyən saçı ömrünün baharında ağarmış əsgər analarının gözündə Vətən duyğusunu düşünək. Bu o qədər böyük bir duyğudur ki, onu bir qəlibə salıb düşməni hədəf alsaq, onların kökünü qurudub nəfəsini kəsər. Bu qəlibin arxa planında göz yaşı, hicran, ayrılıq dayanır. Ayrılığın mərkəzində isə ovuc-ovuc torpaq gətirən Vətən oğulları var. Əsgər yolu gözləmək səngərdən atılan qəlpələrin gözə batmasıdır, o duyğuları bağrına basıb bir ömür o xatirələrlə baş-başa yaşamaq, bomba üstündə ev tikib yaşamaq kimidir. Bu hiss o qədər təlatümlü, o qədər güclüdür ki, Çingizi öz məzarından qaldırır. Yenə könüllü bayraqlardan könlü bayraqlara xoş müjdə verərək filmlər çəkir, Azərbaycanın birlik dühasını dünyaya göstərir, yenə də filmin gücü dünyanı çalxalandırır. 
    Torpaq üçün “nəfəs” olan ey şəhid qardaşlarım, indi yaşayan, yeni dünya quran, ayaq basdığınız torpaqlara kök salıb həyat olan sizsiniz. Biz gördük, ey şəhid qardaşlarım, canından keçib torpağa can olanları...zəfər cənglərini...əbədiyyət uğurlarını. Sizlərsiniz öz bağınıza keşik çəkib bağban olan, torpağı qərənfillə, lalə ilə allandıran, Vətən oğulları, qeyrət simvolları. Bir dəfə can verib, hər zaman yaşayan, ey şəhid qardaşlarım!
    Bizi qoynuna alan yumruq boyda torpağımız varsa, biz ölmərik. Yağış ətri gətirən küləklərə qoşulub Vətənimizə torpaq kimi səpilib, hər qayasında qeyrət, hər daşında ar olarıq. Bəlkə, vücudumuz himn, dua olub oxuya:
    Minlərlə can qurban olsa da,
    Sinəmiz hərbə meydan olsa da,
    Sən, hər zaman
    Üçrəngli bayrağınla
    Məsud yaşayacaqsan, Vətən!..

 Fariz  ƏHMƏDOV
 

Nəşr edilib : 27.09.2023 20:41