AZ EN RU

Bu gün gənclər böyük coşğu ilə hərbi xidmətə yollanır

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Naxçıvan şəhər idarəsində keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən müharibəsində canlarından keçmiş soydaşlarımızın, qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Dövlət Himni səsləndirilib. 

Tədbiri giriş sözü ilə baş idarənin rəis müavini vəzifələrini müvəqqəti icra edən polkovnik-leytenant Sultan Zamanov açaraq bildirib ki, “Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu il sentyabrın 16-da  imzaladığı Sərəncama müvafiq olaraq müddətli həqiqi hərbi xidmətə çağırış davam edir.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi polis kapitanı Abbasəli Həsənov, ikinci Qarabağ müharibəsi qazisi Arif Niftəliyev, Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov və çağırışçı valideyinləri çıxış edərək bildiriblər ki, Gənclər əsgər olmaq kimi şərəfli bir missiyanı yerinə yetirəcəkləri üçün qürur hissi ilə Azərbaycan bayrağının altından keçərək hərbi xidmətə yola düşür.  Bu hissi yaşayan hər kəs xoşbəxtdir. Xoşbəxtdir ki, doğma yurdu, müstəqil dövləti var. Vətənimiz də xoşbəxtdir ki, ona ürəkdən bağlı xalqı var. Onu yağılardan qoruyan güclü ordusu var.

Gənc əsgərlər adından Elmin İskəndərov çıxış edərək xidmətini layiqincə yerinə yetirəcəyinə, nümunəvi əsgər olacağına və verilən tapşırıqları layiqincə icra edəcəyini diqqətə çatdırıb.

Sonda Azərbaycan Respublikası SHXÇDX-nin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Naxçıvan Şəhər İdarəsinin vəzifələrini müvəqqəti icra edən Polkovnik-leytenant Anar Aqilov çağırışçılara bildirib ki, əsgəri xidmət keçmək hər bir gəncin şərəf borcudur. Məktəblisindən tutmuş, ahıl yaşına çatmış hər kəs sizə xüsusi rəğbət bəsləyir. Sizə ona görə rəğbət bəsləyir ki, düşmən qarşısında dayanır, torpaqlarımızı qoruyursunuz.

Sonda çağırışçılar xidməti vəzifələrini yerinə yetirmək üçün hərbi xidmətə yola salınıb.

Fariz ƏHMƏDOV

Nəşr edilib : 13.10.2023 16:31