AZ EN RU

Bu gün Füzuliyə köçən ailələrə mənzillərinin açarları təqdim olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə mənzillərin açarları təqdim olunub.

Açarların təqdim edilməsi mərasimində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər şəxslər iştirak ediblər.

Ailələr sevinc hissi ilə mənzilllərinin açarlarını təhvil alaraq öz evlərində məskunlaşıblar.

Bununla da Füzuli şəhərində 333 ailə olmaqla, 1186 nəfərin daimi məskunlaşması təmin edilib. Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.

13:37

İşğaldan azad olunan Füzuli rayonuna sakinlərin qaydışı davam edir. Səhər saatlarında növbəti köç karvanı ilə Bakı şəhərinin Qaradağ rayonundan yola salınan 25 ailə Füzuliyə çatıb.

Yenidən çiçəklənən Füzuli doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 25 ailə olmaqla, 80 nəfər Füzuli sakini doğma yurduna qovuşub. Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıb, onlar doğma yurduna qovuşmağın sevinc hisslərini yaşayıblar. Yeni köçən ailələr daha öncədən Füzulidə məskunlaşan həmyerliləri ilə görüşürək Vətənə qovuşmağın sevincini paylaşıblar.

Nəşr edilib : 07.12.2023 14:33