AZ EN RU

Bu gün Azərbaycan Ordusu daha da güclüdür və hər şeyə qadirdir

Azərbaycan Ordusunun formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin təşəbbüsü ilə sovet dövründə Cəmşid Naxçıvanski adına İxtisaslaşdırılmış Hərbi Məktəbin yaradılması milli zabit kadrlarının hazırlanmasında mühüm rol oynamış, burada yetişən peşəkar zabitlər dövlət mütəqilliyimizin, ərazi bütövlüyümüzün qorunmasının təminatçısı olmuşlar. Görkəmli dövlət xadiminin əsasını qoyduğu ordu quruculuğu siyasətinin ölkə prezidenti, Ulu Öndərimizin layiqli davamçısı Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmiz müstəqil siyasət yeridir, güclü hərbi potensiala malikdir, dünyada söz sahibidir və heç kimdən asılı deyil. 

Məhz ordu quruculuğu sahəsində aparılan məqsədyönlü siyasət nəticəsində 30 il işğal altında qalan torpaqlarımız düşmən tapdağından azad edildi, xalqımız tariximizə qızıl hərflərlə yazılan şanlı Zəfəri əldə etdi. Məhz elə bu Zəfərin möhürü Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada vuruldu. Əsgərlərimizin, hərbçilərimizin əliyalın, böyük şücaət və qəhrəmanlıq göstərərək azad etdikləri Şuşa Ermənistanı məğlubiyyətə düçar etdi. Üçrəngli bayrağımız tarixi torpaqlarımızda əbədi qaldırıldı.  Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri hesabına keçmiş məcburi köçkünlər öz dədə-baba torpaqlarına qaytarılır.

Lakin, ötən müddətdə kapitulyasiya aktına imza atmaqla məğlubiyyətini qəbul edən, keçən ilin oktyabr ayında rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıyan Ermənistan görünür hələ də “Qarabağ Azərbaycandır!” ifadəsinin yükü altında əzilir. Üçtərəfli bəyanatın prinsiplərinə laqeyd yanaşaraq üzərinə düşən öhdəlikləri  yerinə yetirməyən, dəfələrlə müxtəlif addımlarla onu pozan , sülh çağırışlara məhəl qoymayan bədnam qonşumuz sərhəddə təxribatlar törətməyə davam edir.  Bu təxribatlar Ordumuz tərəfindən layiqli cavabını alır.

İkinci Qarabağ müharibəsindən sonra ölkə başçısının rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan ardıcıl və məqsədyönlü tədbirlər Ordumuzun gücünü daha da artırıb. Ölkəmizin uğurlu iqtisadi siyasəti orduya yeni silahların, texnikaların  alınmasına rəvac verib.  İyunun 23-də Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident cənab İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib. Burada dövlətimizin başçısı ölkə qarşısında dayanan prioritet məsələləri açıqlayıb. Bu yaxınlarda dövlət büdcəsinə əlavələr edildiyini vurğulayan ölkə başçısı bu ilin dövlət büdcəsinin müstəqil Azərbaycan tarixində rekord büdcə olduğunu və onun çox hissəsinin prioritet məsələlərdən biri olan ordu  quruculuğu, Qarabağ və Şərqi Zəngəzurun bərpa olunması üçün ayrıldığını bildirib.

Dünyada geosiyasi vəziyyət gərginləşdiyi, Ermənistanda revanşist qüvvələrin baş qaldırdığı bir vaxtda Ordumuzun daha da gücləndirilməsinin bir nömrəli vəzifə olduğunu qeyd edən prezident cənab İlham Əliyev bu mənada yeni pilotsuz uçuş aparatlarının, uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi ilə bağlı kontraktlar imzalanmasının, yeni döyüş birləşmələrinin, ilk növbədə, Komando Qüvvələrinin yaradılmasının, xüsusi təyinatlı qüvvələrdə şəxsi heyətin say tərkibi genişləndirilməsinin önəmli olduğunu deyib.   Ölkə başçısı qeyd edib ki, iki ay əvvəl Ermənistan-Azərbaycan sərhədində, onun Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması bizim çox güclü siyasi iradəmizin göstəricisidir: “Yəni, biz bütün addımlarımızı vahid proqram əsasında atmışıq. Əgər son iki il yarım ərzində baş vermiş hadisələr təhlil olunarsa, hər kəs görə bilər ki, hər bir addımımızın arxasında güclü siyasi iradə dayanmışdır, güc dayanmışdır, məntiq dayanmışdır, beynəlxalq hüquq dayanmışdır və hər növbəti addım əvvəlki addımın məntiqi davamı idi”.

Müharibə dövründə şəhərlərimizi dağıdıcı  raketlərlə bombalayaraq şəhərlərimizin dağıdılmasına, yüzlərlə vətəndaşımızın ölümünə səbəb olan, bu gün isə bizi qisasçılıqda ittiham edən Ermənistan və onun xarici himayədarlarına səslənən ölkə başçısı deyib: “Bizi qisasçılıqda ittiham edənlər qoy gedib güzgüyə baxsınlar. Biz qisas yox, ədalət tələb edirik. Biz tələb edirik ki, haqq-ədalət qorunsun. Biz tələb edirik ki, bizim daxili işlərimizə heç kim müdaxilə etməsin. Biz tələb edirik ki, bütün ölkələr sözdə yox, əməldə bizim ərazi bütövlüyümüzə hörmətlə yanaşsın və belə olan halda biz də onların ərazi bütövlüyünə hörmətlə yanaşacağıq. Əks təqdirdə bizim də addımlarımız adekvat olacaq”.

Cənubi Qafqazda uzunmüddətli sülh prosesinə toxunan  dövlətimizin başçısı buradan bir daha bildirdi ki, Ermənistanla aparılan sülh danışıqlarının yekunlaşması daha çox Ermənistanın xeyrinə olacaq. Əlbəttə ki, bu sülh anlaşması beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalanmalı, postmüharibə reallıqları nəzərə alınmalı, eyni zamanda, haqlı tələbimiz olan Zəngəzur dəhlizinin açılması yerinə yetirilməli, Ermənistan ordusunun silahlı birləşmələri Qarabağ bölgəsindən çıxarılmalıdır. Əks halda sülh olmayacaq: Biz hələlik özümüzü təmkinlə aparırıq. Son iki il yarım ərzində biz bir neçə dəfə məcbur olub Ermənistan tərəfinə öz gücümüzü göstərmişik, birincisi, onların hərbi təxribatlarına cavab olaraq. İkincisi, onlara bir siqnal göndərmişik ki, özlərini yaxşı aparmasalar, öz imzalarına hörmət etməsələr, nəticə onlar üçün acınacaqlı olacaq. Ona görə hələ də özümüzü təmkinlə aparırıq. Biz heç vaxt tələskənliyə yol verməmişik, buna ehtiyac yoxdur. Bu gün güc də bizim tərəfimizdədir, zaman da bizim mövqeyimizi gücləndirir, beynəlxalq hüquq da”.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 23.06.2023 18:31