AZ EN RU

Bu festival soydaşlarımızın ata-baba ocaqlarının qayıdışına inam yaratdı

Naxçıvanda artıq ikinci dəfə keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresi möhtəşəm təşkil olunmuşdu. “Kitabi-Dədə Qorqud” dastanında deyilir ki, Oğuz eli şad günlərində dağ başında üç tonqal qalayar, ətraf ellərə, obalara xəbər verərdi. Oğuz elinin çaparları Batabat yaylağında da uca dağ başında bayram rəmzi olan üç tonqal qalayaraq qərbi azərbaycanlılara öz doğma el-obalarına, ata-baba yurdlarına sülhlə qayıdışın müjdəsini verdi.

Zəngəzur Milli Parkında, Batabat yaylağında keçirilən “Qərbi Azərbaycana qayıdış” festivalında  hər bir mahal üçün ayrıca qurulan alaçıqlar, həmin alaçıqda sərgilənən milli geyimlər, yeməklər, əkinçilik və toxuculuq alətləri, gündəlik məişətdə istifadə olunan əşyalar, xalçalar festival iştirakçılarında xoş ovqat yaratdı. Festivalda Qərbi Azərbaycanın folklor nümunələri, adət-ənənələri, milli mətbəxi və digər dəyərləri ən gözəl şəkildə təbliğ olunurdu. Festivalın təntənəli açılış mərasimindən sonra qərbi azərbaycanlı iki gəncin toy mərasimində iştirak edən xarici və yerli qonaqlar Qərbi Azərbaycanın maraqlı toy adət-ənənələrini də canlı şəkildə izlədi.

“Qərbi Azərbaycana qayıdış” festival-konqresinin ikinci günü Naxçıvan Dövlət Universitetində ölkəmizin alimlərinin və elmi işçilərinin “Qərbi Azərbaycan: tarix, həqiqətlər və faktlar”, “Qərbi Azərbaycanın mədəni sərvətləri”, “Qərbi Azərbaycan: dil faktları və toponimika”, “Qərbi Azərbaycan ədəbiyyatı və folkloru”, “Qərbi Azərbaycanda elm və təhsil”, “Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri”, “Qərbi Azərbaycanın  təbii sərvətləri”, “Qərbi Azərbaycanın mədəni sərvətləri” mövzularında ciddi elmi məruzələri dinlənildi. Bu məruzələr gələcəkdə qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı üçün sanballı, tutarlı faktlar, mənbələr olacaq.

“Qərbi Azərbaycana qayıdış” festival-konqresində həm də Ordubad rayonunda məskunlaşmış, Qərbi azərbaycandan didərgin salınan soydaşlarımızla görüş də baş tutdu. Zəngəzur dəhlizinin Ordubad rayon Kotam kəndindəki başlanğıcında Qərbi Azərbaycana simvolik yürüş soydaşlarımızın doğma yurdlarına qayıdış hərəkatının sülh şəraitində uğurla nəticələnəcəyinə inam yaratdı.

Şərqin qapısı Naxçıvanda, Zəngəzur Milli Parkında, Batabat yaylağında keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresi qərbi azərbaycanlıların doğma yurd yerlərinə, ata-baba ocaqlarına dönüşünü bütün dünyaya çatdırmaq baxımından da olduqca əhəmiyyətli və vacib idi. Qərbi Azərbaycana qayıdış soydaşlarımızın beynəlxalq hüquqa söykənən haqqıdır. Onların doğma yurdlarına qayıdış hüquqları bərpa olunmalıdır. 

Tədbirin yüksək şəkildə təşkil olunmasına görə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevə və onun komandasına xüsusi təşəkkür edir, uğurlar arzulayıram.

Əpoş VƏLİYEV

AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

Nəşr edilib : 24.06.2024 14:34