AZ EN RU

Bu da bir xatirədir

 Həftənin axırıncı dərs günü idi. Dekanımız Arif müəllim auditoriyaya daxil olaraq böyük sevinclə universitetimizə gələn qonaqlar olduğunu və bu həftə sonu tələbələrlə görüş keçiriləcəyini xəbər verdi. Qonaqlar Bakı şəhərindən gəlmişdilər. Tanınmış incəsənət adamları idi. Hər bir sənətkar müxtəlif ixtisas üzrə təhsil alan tələbələrin qonağı olacaqdı.   Bizim fakültənin qonağı isə nəğməkar şair Baba Vəziroğlu idi. Bu  xəbəri eşidən kimi sevindim. Həftə sonu məni gözləyən işlərimin çox olmasına baxmayaraq məmnuniyyətlə tədbirə qatılmağa qərar verdim. Görüş günü  çöldə narın- narın yağış yağırdı. Bu gün sanki ana təbiətdə lirika, poeziya günü elan etmişdi. Narın yağan yağış, çiçək açan ağaclar, yaşıllaşa notlar, yazın ilıq nəfəsi sanki birləşərək şairlə görüşə tələsirdi. Elə tələbələr kimi...

Görüş universitetdə olacaqdı. Sanki axırıncı qatarın dayanacağına gedirmiş kimi tələsik evdən çıxaraq universitetə yollandım. Vaxtında çatmışdım. Qonağımız hələ gəlməmişdi. Salonda tələbələr üçün ayrılan yerdə əyləşib gözləməyə başladım. Divardan asılmış  səs ucaldıcılardan Baba Vəziroğlunun sözlərinə bəstələnmiş  məşhur musiqilər səslənirdi. Musiqinin sədaları zalda olan hər kəsi öz aləminə qapatmışdı. Birdən canlanma başladı. Arxaya dönüb baxanda Baba müəllimin gəldiyini gördüm. Artıq alqış səslərindən musiqi eşidilməz olmuşdu. Hər zaman şeirlərini və onlara  bəstələnən musiqiləri dinlədiyimiz şair qarşımızda idi. Ətrafıma göz gəzdirdim. Müəllimlərdə başda olmaqla halı  Baba müəllimi  sevinc və heyranlıqla izləyirdi. Arif müəllimin təqdimatından sonra sözə    başlayan şairin  hər sözü, kəlməsi sanki  həzin bir musiqi ədasıyla salonda yayılır, dinləyənləri feyziyab edirdi.  Adətən biz Baba müəllimin şerlərini ya kitabda oxuyardıq, ya da televiziyadan, yaxud internetdən qulaq asardıq. Bu gün isə onu canlı dinləyirdik.  Bu sevgi şairinin söylədiyi hər misra bir quş kimi insanı qanadına alıb başqa bir dünyaya aparırdı.  Elə bir dünya ki, orda şairin sadəliyi, səmimiliyi bir də şeirlərindəki  saf sevgi hisləri bəzək olmuşdu ətrafa. Həmin vaxt sanki bir poeziya dueli idi: gah şair şeir söyləyirdi, gah da tələbələr. Zaman su kimin axıb gedirdi. Bura gəlməzdən əvvəl özüm üçün bir neçə qeyd belə götürmüşdüm, Baba müəllimə verəcək suallarım var idi. Amma yalnız bircə sual verdim. Səslənən hər bir şeirində bütün suallarıma cavab tapmışdım artıq. Çünki şeirləri müəllifin daxili aləmindən, duyğularından, düşüncələrindən xəbər verirdi. İkinci istəyim bir şeir daha söyləməsi oldu.

Şairin şeirlərində bəzən maraqlı bir ritm, həzin, bəzənsə də kövrək bir duyğu  çağlayırdı. Canlı xalq dilinə bağlılıq, axıcılığı və  səlislik isə ayrı bir gözəllik, fərqli bir  melodiya qatırdı şeirlərə . Eşitdikcə dinləmək, dinlədikcə yazmaq istəyirdi  insan. 

Elə  şairlər var  ki, müəyyən müddət ərzində dəbdə olan mövzularla oxucu kütləsinin rəğbətini əldə edib geniş auditoriya marağını qazanır.  Onlar yalnız həmin müddətin, qısa bir zaman kəsiyinin şairi olurlar. Amma o şairlər ki, idrakın zirvəsindən, hissin yanğınlarından keçir, şeirinin yolu əsrin ahəngi-vəznidir, ən böyük mükafatını alqışlardan, gül dəstəsindən deyil, şeirlərinin özündən alır – onların şair tərcümeyi-halı bitib-tükənmir. Baba müəllim bu ikincilərdəndir. O yaradıcılığının bütün mərhələlərində oxucuları tərəfindən sevilib, şeirləri dillər əzbəri olub. Məhz buna görədir ki şairin universitetimizdə olduğunu öyrənən hər kəs onun görüşünə gəlmişdi. Salonda oturanlar arasında nəğməkar şairi görmək üçün gələn orta məktəb şagirdi də,  başqa universitetdə təhsil alan tələbələrdə var idi. Bütün tələbələr sanki şairin şeirlərini söyləmək üçün yarışırdılar. Sözün , şerin ahəngi dinləyənləri feyziyab etmişdi.

Onu da qeyd edim ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü Baba Vəziroğlu nasir, şair, tərcüməçi, kinodramaturq kimi tanınır. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Baba müəllim ixtisasca jurnalistdir, amma yaradıcılıqla, yəni ədəbi fəaliyyətlə də məşğul olub. Ona görə də  müxtəlif mətbuat orqanları ilə yanaşı Azərbaycan Yazıçılar İttifaqında da çalışıb. Minə qədər şeirinə mahnı bəstələnib. Maraqlı burasıdır ki, bu mahnılar uzun illərdir ki, hər kəs tərəfindən  sevilir və ən populyar müğənnilər  tərəfindən ifa edilir.

... Heç kim bu görüşün bitməsini istəmirdi. Gələcəyin jurnalistləri olacaq tələbələr maraqlı suallar verdilər. Lakin qonağımızı yormamaq üçün tədbiri bitirmək məcburiyyətində idik. Xoş ovqatla ayrıldığımız görüşdən isə bizə unudmayacağımız bir xatirə qaldı. Şairin məşhur şeirində deyildiyi kimi:

Gerçəkdir, yoxsa yalan,

Gəlib keçdi nə zaman

Sevginin, ömrübir an

Qalanı xatirədir.

İlahə ALLAHVERDİYEVA

Naxçıvan Dövlət Universitetinin “Jurnalistika”

ixtisası üzrə III kurs tələbəsi

Nəşr edilib : 11.04.2022 15:14