AZ EN RU

Brüssel Sülh Gündəliyi Azərbaycanın haqlı mövqeyinə uyğun həll variantının tezliklə gerçəkləşməsini hədəfləyir

    İki ay bundan öncə, daha dəqiq desək, mayın 14-də Belçikanın paytaxtında keçirilən üçtərəfli görüşdən sonra mətbuata bəyanat verən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu formatda növbəti danışıqların iyulda təşkil olunmasını təklif etmişdi. Beləliklə iyulun 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında 6-cı Brüssel görüşü baş tutdu.

    Üç saat davam edən danışıqların ardından Avropa İttifaqı Şurasının Prezidenti mətbuata maraqlı açıqlamalarla çıxış etdi, müzakirələrin səmimi, dürüst və məzmunlu olduğunu diqqətə çatdırdı. Detallara toxunmadan öncə onu xüsusi vurğulamaq yerinə düşər ki, Brüssel Sülh Gündəliyinin ölkəmizin haqlı mövqeyinə uyğun hazırlanmasını, görüşdə Qərbi Azərbaycan icması və onların qayıdışı məsələsinin gündəmə gətirilməsini 2020-ci ildən bəri simasında məyusluq kök salan erməni rəhbəri üzərində qalib Azərbaycan Liderinin növbəti diplomatik qələbəsi kimi xarakterizə etmək olar...
    Suverenlik, ərazi bütövlüyü, kommunikasiya, humanitar yardımlar, hüquqlar, təhlükəsizlik, əsirlərin, itkin düşənlərin taleyi və digər məsələlərin masaya yatırıldığı Brüssel görüşünün yekunlarına dair açıqlamadan aydın olur ki, tərəflər may görüşündən sonra bir daha Ermənistanın 29,8 min kvadratkilometr, Azərbaycanın isə 86,6 min kvadratkilometr olmaqla ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdıqlarını qəti şəkildə təsdiqləyiblər. Sərhədlərin delimitasiyası məsələsində isə ötən görüşdəki kimi, yenə 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürülüb ki, bu, sülh sazişinin Azərbaycanın lehinə imzalanması yolunda növbəti uğurlu addım kimi dəyərləndirilir. Halbuki 1993-cü ildə Ermənistan Azərbaycanla bərabər həmin bəyannamənin dövlətlərin qarşılıqlı şəkildə bir-birlərinin ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını tanıması müddəalarını rəsmi formada üzərinə götürsə də, heç vaxt ona praktik şəkildə əməl etməyib. Əksinə, 44 günlük Vətən müharibəsindən sonra dəfələrlə 30 ildir, münaqişənin həllində vasitəçi kimi heç bir mühüm rol oynamayan ATƏT-in Minsk qrupunu yenidən danışıqlar masasına çəkməyə, eləcə də tanınmayan, qondarma 1975-ci il xəritələrini gündəmə gətirməyə çalışıb. Məhz, bu mənada, Brüssel Sülh Gündəliyi sayəsində kifayət qədər müsbət addımların atıldığını söyləmək olar. Şarl Mişel mətbuata açıqlamasında hər iki sərhəd komissiyasının 12 iyul tarixli iclasını alqışladığını, bu komissiyaların nizamnaməsi və sərhədlərin müəyyənləşdirilməsinin əsasları ilə bağlı müzakirələrdə irəliləyiş əldə edildiyini, görüş zamanı liderlərin komissiyaların işini intensivləşdirmək və sürətləndirmək barədə razılığa gəldiklərini də vurğuladı. Xatırladaq ki, sayca dördüncü dəfə keçirilən həmin iclasda tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikasının rəhbərləri səviyyəsində müxtəlif formatlarda əldə edilən razılaşmaları nəzərə alaraq delimitasiya məsələlərinin müzakirəsini davam edib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər. Həmçinin komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılaşıblar.
    Brüssel görüşünün müzakirə predmetləri sırasında yer alan, təkcə Azərbaycanın deyil, əksər region ölkələrinin, böyük güclərin də xüsusi marağında olan məsələ isə, heç şübhəsiz, kommunikasiyaların yaradılması, Zəngəzur dəhlizinin açılması məsələsidir. Belə ki, tərəflərin son iki ayda regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpasına yönəlmiş müzakirələrdə də aşkar irəliləyişə nail olduğunu diqqətə çatdıran Avropa İttifaqı Şurasının rəhbəri suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsiplərinə cavab verən gələcək nəqliyyat razılaşmalarının şərtlərini müzakirə etdiklərini diqqətə çatdırıb. Səsləndirilən “Dəmir yolu xəttinin tikintisinə dərhal başlanılmalıdır. Avropa İttifaqı maliyyə töhfəsi verməyə hazır olacaq. Bəzi detallar hələ də aydınlaşdırma tələb edir, lakin bu mövzuda indi mövqelər yaxınlaşır və variantlar fəal şəkildə araşdırılır” fikirləri artıq Avropanın da erməni nazı ilə oynamaqdan səbir kasasının dolub-daşdığını, problemin həllinin bir addımlıqda olduğunu deməyə əsas verir. 
    Mətbuata açıqlamadan bəlli olur ki, görüşdə Azərbaycanın humanist siyasəti, xüsusilə də Ağdamdan humanitar yardımları təmin etmək istəyi təqdir edilib, Qarabağda yaşayan erməni əsilli sakinlərin Azərbaycan tərkibində Konstitusiyamıza uyğun şəkildə yaşamasının təmin olunması müzakirəsiz dəstəklənib. Beynəlxalq təşkilatın rəhbərinin bu xüsusda “Dağlıq Qarabağ Muxtar Vilayəti” ifadəsinin qarşısında “keçmiş” sözünü işlətməsi və məsələyə heç bir əlavə şərh verməməsi ölkə Prezidenti cənab İlham Əliyevin siyasi qətiyyətinin növbəti parlaq göstəricisidir: “Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq mərkəzlə müzakirə etməyəcəyik”. Görüşdə ictimaiyyətimizi ən çox maraqlandıran məsələlərdən sayılan ehtiyatsızlıqdan qarşı tərəfə keçən əsgərlərin azad olunmasının, itkin düşən şəxslərin taleyinin müəyyənləşdirilməsinin, minatəmizləmə üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyi də müzakirə olunub. Bu məqamda təəssüf hissi ilə qeyd etməliyik ki, müxtəlif beynəlxalq bəyanatlara, diplomatik çağırışlara baxmayaraq, bu günədək Ermənistan tərəfi Birinci Qarabağ müharibəsində əsir götürülən minlərlə azərbaycanlının taleyi barədə heç bir məlumat verməyib, eləcə də Vətən müharibəsindən sonra ehtiyatsızlıqdan sərhədi keçən soydaşlarımızı amansız işgəncələrə məruz qoyub, barələrində saxta ittihamlarla həbs qətimkan tədbiri çıxarıb. Azərbaycan Xarici İşlər Nazirliyinin cari il aprelin 18-də yaydığı məlumata görə, İkinci Qarabağ müharibəsindən sonra 291 nəfər mina qurbanına çevrilib...
    İyulun 15-də Belçikanın paytaxtında keçirilən, Azərbaycanın haqlı mövqeyini dəstəkləyən görüşün ümumi nəticələri belə qənaətə gəlməyə əsas yaradır ki, keçmişdəki digər danışıq formatlarından fərqli olaraq Brüssel Sülh Gündəliyi məsələnin mümkün həll variantının yubatmadan, tez bir zamanda gerçəkləşməsini hədəfləyir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuata açıqlaması ilə yanaşı, ölkə başçısı cənab İlham Əliyevin 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər də bunu bir daha təsdiqləyir: “...Bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər. Hər halda mən hesab edirəm ki, belə imkanlar var. Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmaslar bir məqsədi güdür ki, biz sülh anlaşmasına daha da yaxınlaşaq. Biz bunu arzulayırıq, bunu təşəbbüskar kimi irəli sürmüşük...”

Nail ƏSGƏROV

Nəşr edilib : 18.07.2023 18:45