AZ EN RU

Brüssel görüşü – siyasi arenada növbəti parlaq diplomatik qələbə

    Mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü ölkəmizin siyasi arenadakı imicini, qətiyyətli mövqeyini göstərən bir sıra vacib məqamlarla yadda qaldı. Dörd saat davam edən üçtərəfli görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata bəyanatla çıxış etdi. Bəyanatın detallarına toxunmadan öncə onu xüsusi vurğulamaq lazımdır ki, Ermənistan rəhbərinin Fransa tərəfinin də görüşə qatılması, danışıqlar masası arxasında əyləşməsi baxımından müxtəlif manevrləri Azərbaycan Prezidentinin siyasi iradəsi, nüfuzu qarşısında duruş gətirə bilməyib növbəti dəfə fiyaskoya uğradı. Bu məqamda xatırlatmaq yerinə düşər ki, ötən il dekabrın 7-də Brüsseldə keçirilməsi nəzərdə tutulan cənab İlham Əliyevlə Nikol Paşinyanın növbəti görüşü də məhz qarşı tərəfin bu ambisiyası ucbatından baş tutmamışdı. Azərbaycan Prezidenti 2022-ci il noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında bəyan etmişdi ki, Ermənistanın baş naziri həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə biləcəyi şərtini irəli sürdüyündən həmin görüş baş tutmayacaq. Ermənistan tərəfi budəfəki görüş üçün eyni şərti irəli sürsə də, arzusu yenə gözündə qaldı, görüş Azərbaycanın prinsipial mövqeyinə uyğun keçirildi, qalib ölkə başçısı cənab İlham Əliyevin sülh, regional inkişaf vəd edən qələbə əzmli ideyaları qarşısında məğlub Paşinyan heç bir əsaslı arqument ortaya qoya bilməyərək Belçikadan əliboş, peşman halda geri qayıtdı.
    Mətbuata verilən bəyanatın detallarına gəlincə onu qeyd etmək olar ki, Ermənistanın hər vəchlə 30 ilə yaxın onların nazını çəkən ATƏT-in Minsk qrupunu danışıqlar masasına çəkməsi, eləcə də 1975-ci ilin xəritələrinin gündəmə gətirilməsi barədə israrı uğursuzluğa düçar oldu, müzakirələrdə Azərbaycanın maraqlarını kompleks şəkildə ifadə edən “Alma-Ata Bəyannaməsi” əsas götürüldü. Belə ki, liderlər 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə və Ermənistanın 29,800, Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etdilər. Xatırladaq ki, bəyannamənin 3-cü bəndində MDB üzvü olan dövlətlərin qarşılıqlı şəkildə dövlətlərin ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını tanıması qeyd olunur. Təəssüf ki, 1993-cü ildə Ermənistan Azərbaycanla bərabər “Alma-Ata Bəyannaməsi”ni imzalasa da, onun müddəalarına əməl etməkdən hər zaman boyun qaçırıb... Brüssel görüşünün nəticələrinə dair mətbuata açıqlamasında Şarl Mişelin dediyi “Bizim fikir mübadiləmiz səmimi, açıq və nəticəyönümlü idi. Əsas diqqət Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə yönəldilmişdi. Liderlər Cənubi Qafqazda sülhün bərqərar olunması üçün birgə istəklərini ifadə etdilər. Mən müvafiq səyləri təqdir edirəm. Biz gündəliyimizdə olan bütün məsələləri birlikdə nəzərdən keçirdik. Bu yaxınlarda sülh sazişi ilə bağlı ABŞ-da keçirilmiş müsbət danışıqlardan sonra bu impuls saxlanılaraq Azərbaycan ilə Ermənistan arasında əhatəli sülh sazişinin imzalanması üçün qətiyyətli addımlar atılmalıdır” sözləri Avropa İttifaqı Şurası Prezidentinin vasitəçilikdən daha çox dialoqa dəstək verən, sülhün əldə edilməsində maraqlı olduğunu, danışıqlarda bitərəf, ədalətli mövqe tutduğunu göstərdi.
    Sərhədlərin delimitasiyası ilə bağlı məsələlərin də əsas müzakirə predmetinə çevrildiyini göstərən bəyanatda digər diqqətçəkən və regional inkişafa töhfə verəcək məqamlardan biri Zəngəzur dəhlizi ilə bağlı məsələnin danışıqlar masasına yatırılmasıdır. Belə ki, Şarl Mişelin sözlərinə görə, görüşdə tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində müzakirələrdə aydın irəliləyişə nail olublar. Bu mövzuda, xüsusilə də Naxçıvana və əks istiqamətdə dəmir yolu əlaqəsinin bərpasına dair mövqelər olduqca yaxınlaşıb. Dəmir yolu əlaqələrinin bərpası ilə bağlı modallıqları və konkret qrafik üzrə zəruri inşaat işlərini özündə ehtiva edəcək ümumi razılaşmanın yekunlaşdırılmasına dair müvafiq heyətlərə təlimatlar verilib. Bu işdə tərəflər Ümumdünya Gömrük Təşkilatından dəstək alınmasına dair razılığa gəliblər. Şarl Mişelin bu fikirləri təsdiqləyir ki, böyük güclərin xüsusi marağında olan Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycanın irəli sürdüyü ideya Avropa İttifaqı tərəfindən də tam dəstəklənir. Cərəyan edən hadisələr, mövcud siyasi vəziyyət belə bir yekdil nəticəyə gəlməyə əsas verir ki, müharibədən ötən 2 il yarım ərzində cənab İlham Əliyevin dəhlizin açılması ilə bağlı qətiyyətli mövqeyi qarşısında Paşinyanın göstərdiyi lüzumsuz dirənişlər də artıq müvazinətini itirmək üzrədir və dövlət başçımızın dediyi kimi: “Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır”.
    Bəyanatda vurğulanan digər vacib məqam isə ölkəmizin beynəlxalq hüquq norma və qaydalarına uyğun hər zaman vacib bildiyi humanitar məsələlərlə bağlıdır. Belə ki, görüşdə yolunu azan və qarşı tərəfə keçən əsgərlərin sürətli prosedur vasitəsilə azad edilmələrinə dair qarşılıqlı anlaşmanın təmin olunmasının davam etdirilməsi vurğulanıb. İtkin düşmüş şəxslərin taleyi ilə bağlı müzakirələr də aparılıb ki, bu da ölkə başçımızın davamlı olaraq gündəmə gətirdiyi birinci Qarabağ müharibəsində əsir götürülən azərbaycanlıların qaranlıq taleyinə işıq salınması baxımından mühüm əhəmiyyət kəsb edir. Həmçinin görüşdə ölkəmizin maraqlarına xidmət edən digər bir əsas məsələ – yüzlərlə soydaşımızın həyatına son qoyan minaların təmizlənməsinin sürətləndirilməsinin vacibliyi də diqqətə çatdırılıb.
    Brüssel görüşündə Laçın yolunun başlanğıcında, Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqəsinin yaradılmasına dair, eləcə də Qarabağ məsələsinin, ümumiyyətlə, gündəmə gətirilməməsi beynəlxalq platformanın Azərbaycan Prezidentinin siyasi iradəsi ilə hesablaşması, dövlətimizin regionda yaratdığı reallıqların Avropa miqyasında qəbul edilməsi baxımından olduqca mühüm amil kimi diqqətləri çəkdi. Rəsmi Bakının Qarabağın erməni əhalisi ilə şəffaf və konstruktiv dialoq aparması zərurəti məsələsinin qaldırılması da özlüyündə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, Konstitusiyasına hörmət və cənab İlham Əliyevin qətiyyətli mövqeyinin təsdiqi deməkdir: “Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq mərkəzlə müzakirə etməyəcəyik”.
    Ümumilikdə, mayın 14-də Belçikanın paytaxtında keçirilən, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası, sülh müqaviləsinə doğru növbəti addımların atılması, kommunikasiyaların açılması, humanitar, o cümlədən Azərbaycana qarşı mina terroru, itkin düşənlərin taleyi və digər məsələləri özündə ehtiva edən üçtərəfli görüş çox mühüm siyasi-tarixi əhəmiyyətə malikdir. Görüş, xüsusilə də Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü bu dəfə Avropa İttifaqı platformasında tanıması baxımından ölkə­mizin siyasi arenada qazandığı növbəti parlaq diplomatik qələbəsi kimi tarixə düşdü. Növbəti Brüssel görüşünün iki ay sonraya, iyula salınması isə ATƏT-in Minsk qrupundan fərqli olaraq, bu formatın məqsədinin gərəksiz yerə vaxt uzatmaq deyil, konkret nəticələri hədəflədiyini deməyə əsas verir...

Nail ƏSGƏROV

Nəşr edilib : 16.05.2023 20:48