AZ EN RU

Brüssel görüşü: Qərbin siyasi maraqlarının acı nəticələri

 Ermənistan məhvə sürüklənir

Bu bir reallıqdır ki, Qərb, xüsusilə, rəsmi Paris bütün imkanları ilə Cənubi Qafqazda sülhə və davamlı inkişafa əngəl törədir. Həmçinin, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur. Qərb isə təşkilatlarından digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Çünki, Cənubi Qafqazda sülh mövcud şəraitdə Qərbin siyasi və iqtisadi maraqlarına uyğun gəlmir. Nəticədə ABŞ və Avropa İttifaqı bölgədəki təsir imkanlarını qorumaq, münaqişəni alovlandırmaq üçün bütün güclərini səfərbər edirlər. Hər dəfə isə bu oyunun qurbanına regionda ən zəif və alət  hesab olunan Ermənistan çevrilir.

Son günlər Ermənistanın sülhdən uzaqlaşması, şərti sərhəddə qoşun yığması da məhz Qərbin planlarıdır. Aprelin 5-də baş nazir Nikol Paşinyan, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen və ABŞ Dövlət katibi Antoni Blinken arasında Brüsseldə keçirilən üçtərəfli görüş deyilənləri təsdiqləməklə yanaşı regionda davamlı münaqişəyə rəvac yaratdığı da aydın görünməkdədir.

ABŞ, Avropa İttifaqı və Ermənistan arasında Brüsseldə keçirilən üçtərəfli görüşə toxunan ölkə rəhbəri cənab İlham Əliyev  bu formatda görüşün Cənubi Qafqazda növbəti təhlükə mənbəyi yaratmağa xidmət etdiyini qeyd etdi: “Son günlər həm ABŞ-ın, həm də Avropa İttifaqının yüksək vəzifəli şəxslərinin təşəbbüsü ilə baş tutan telefon danışıqları əsnasında bizi inandırmağa çalışdılar ki, bu görüş Azərbaycanın əleyhinə deyil. Amma biz bunun Azərbaycanın və Cənubi Qafqazda işbirliyinin əleyhinə olduğunu bilirik. Bu, ayırıcı xətlərin yaradılması və ölkəmizi təcrid etmək məqsədini güdür”.

Bu gün “sülh” carçıları kimi Avropa Parlamenti, Avropa Şurasının Azərbaycan əleyhinə bəyanatlar verməklə, Ermənistanı Cənubi Qafqazda silahlandırmasının gələcəkdə çox böyük fəsadlara yol açacağı şübhəsizdir.

Rəsmi İrəvanın da etiraf etdiyi kimi, son altı ayda iki ölkə arasındakı şərti sərhəddə sakitliyin hökm sürdüyü, Ermənistan və Azərbaycanın sülhə heç vaxt olmadığı qədər yaxınlaşdığı hazırkı durumda “üçlər”in Brüssel görüşü Qərbin bölgədə sülhə və sabitliyə əngəl törətdiyi, ayrı-seçkilik yaratdığı, öz məkrli niyyətlərini reallaşdırmaq üçün ən rəzil vasitələrdən istifadə etdiyini bütün çılpaqlığı ilə ortaya qoydu. Ermənistanın öz istəyinə uyğun olaraq yox, Qərbin diktəsi ilə hərəkət etdiyi məlumdur. Faktiki olaraq, diplomatik müstəvidə atacağı hər bir addımını Qərb ilə razılaşdırmağa məcbur edilən Nikol Paşinyan hələ də fərqində deyil ki,  bölgədənkənar oyunçuların iştirakı ilə Cənubi Qafqazı təhlükə zonasına çevirməyə hazırlaşırlar.

Ermənistanın ABŞ və Qərbə bağladığı böyük ümidlər bəzən Paşinyan hakimiyyətini o qədər cəsarətləndirir ki, hətta Azərbaycana qarşı hərbi təxribatlar törətməkdən belə çəkinmir. Ancaq rəsmi Bakı nə Qərbə, nə də Afrikadan qovulub nüfuzunu itirməkdə olan Fransaya heç bir əhəmiyyət vermədən Ermənistana lazımi anda öz yerini göstərir.

Qısası ABŞ və Fransanın timsalında Qərb regionda yeni bir oyuna baş vurur. Elə Aİ, ABŞ və Ermənistan təhlükəsizlik görüşü də bu məqsədə xidmət etdi. Qərb Azərbaycanın formalaşdırdığı yeni geosiyasi reallığı möhkəmləndirmək, dəstək vermək əvəzinə belə addımlarla Cənubi Qafqazda qeyri-sabitlik yaradaraq öz maraqlarını təmin etmək niyyətindədir. Bu siyasətin acı nəticələrini isə hər zaman olduğu kimi bu dəfə də Ermənistan çəkəcək.

Nikol Paşinyan yaddaşını təzələsə görər ki, ötən dövrlərdə olduğu kimi bu görüşdə də Qərb çirkin niyyətlərini məhz Ermənistan üzərində həyata keçirir.

Bu da Ermənistanın sonu ola bilər. Qərbin maşası olan Ermənistan hakimiyyəti həm dövlətlərini, həm də xalqlarını məhvə sürükləyənlərə göz yummamalı, onları fəlakətə aparan siyasətə qarşı çıxmalıdır. Ona görə də nə qədər ki gec deyil, Ermənistan papağını qabağına qoyub, özünə gün ağlasın.

 

Arzu ABDULLAYEV

Naxçıvan Dövlət Universitetinin prorektoru,

tarix üzrə fəlsəfə doktoru, dosent

 

 

Nəşr edilib : 09.04.2024 12:17