AZ EN RU

BQXK: Azərbaycanda hələ də insanlar partlayıcı qalıqların qurbanı olurlar

Aktiv döyüşlərin bitməsindən xeyli vaxt keçməsinə baxmayaraq, Azərbaycanda hələ də insanlar partlayıcı qalıqların qurbanı olurlar.
Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin 4 Aprel-Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü münasibətilə yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, minalar və MPQ-lər müharibələrin ən təhlükəli qalıqlarındandır:
“Onlar döyüşlər bitdikdən sonra on illiklər keçsə belə, insanların həyatlarına təhlükə yaradır. Aktiv döyüşlərin bitməsindən xeyli vaxt keçməsinə baxmayaraq, Azərbaycanda hələ də insanlar partlayıcı qalıqların qurbanı olurlar”.
Azərbaycan ərazisinə 30 illik işğal dövründə döşənmiş minaların təhlükəsini açıq şəkildə göstərmək üçün BQXK maarifləndirici məlumatda zərərçəkənlərin yaxınlarının fikirlərinə də yer verib:
“Bayram ərəfəsi axşamüstü idi, bizim uşaq əmisi oğlu ilə birlikdə kənddəki evimizə baxmağa getmişdilər. Elə oradaca minaya düşərək hər ikisi həyatını itirdi”, -İbrahim Həsənov deyir. Onun oğlu İsrayıl 2023-cü il martin 15-də 90-cı illərdən münaqişə səbəbindən tərk etməli olduqları evlərini görməyə gedərkən minaya düşərək həyatını itirib”.
BQXK onu da diqqətə çatdırıb ki, Komitə Mina və MPQ-lərin təhlükələri barədə məlumatlılığın artırılması ilə yanaşı, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) və bu yöndə fəaliyyət göstərən digər yerli qurumlarla sıx əməkdaşlıq edir:
“Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birlikdə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycanda münaqişənin təsirinə məruz qalmış ərazilərdə yaşayan insanlar arasında minalar və MPQ-lərin təhlükələri barədə məlumatlılığın artırılması üçün fəaliyyətlər həyata keçirir. BQXK-nın Silahlarla çirklənmiş ərazilərlə bağlı iş proqramının başlanmasından etibarən 36,000-dən çox insana (2023-cü il ərzində 13,000 nəfərə) bu istiqamətdə həyat xilasdedici məlumatlar çatdırılmış, eyni zamanda daha təhlükəsiz davranış haqqında mesajlar ötürülmüşdür. Mina və MPQ-lərin təhlükələri barədə məlumatlılığın artırılması ilə yanaşı, BQXK Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi və bu yöndə fəaliyyət göstərən digər yerli qurumlarla sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində aidiyyəti sahədə çalışan mütəxəssislər üçün müxtəlif təlimlər, o cümlədən Partlayış Travmalarına Yanaşma kursu, ilk yardım təlimləri təşkil edilir, mina təmizlənməsi üçün lazım ola biləcək fərqli avadanlıqların ianəsi həyata keçirilir”.

Nəşr edilib : 04.04.2024 11:44