AZ EN RU

Böyük Zəfərin bir addımlığında

Tovuz döyüşləri vətənpərvərlik və qəhrəmanlıq nümunəsidir

Tovuz döyüşləri tariximizin qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılıb. Ordumuzun 44 günlük şanlı Vətən müharibəsinə, Zəfərə gedən yolu 2016-cı il Aprel döyüşləri, 2018-ci il Günnüt əməliyyatı, 2020-ci il Tovuz döyüşləri ilə qoyulub.  Bu döyüşlər təxribatçı Ermənistan ordusunun məğlubiyyəti ilə başa çatan uğurlu əməliyyatlardan biridir. Beşgünlük iyul döyüşlərində rəşadətli Ordumuz vətənpərvərliyini, qəhrəmanlığını, cəsarətini bir daha bütün dünyaya nümayiş etdirdi.

Döyüşlərin birinci günü – 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutmaqla hücuma keçməyə cəhd göstəriblər. Ordumuz tərəfindən görülən adekvat tədbirlər nəticəsində qarşı tərəf itki verərək geri çəkilib. İyulun 13-nə keçən gecə Ermənistan hərbi birləşmələri Tovuz istiqamətində artilleriya qurğularından istifadə etməklə Ordumuzun mövqelərinə, o cümlədən Tovuz rayonunun Ağdam kəndinə minaatanlardan yenidən atəş açıb. Həmin gün Prezident cənab İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Ölkə başçısı iclasdakı çıxışında dedi: “Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin”. Bölmələrimiz qarşı tərəfin fəaliyyətini dayandırmaq üçün cəza tədbirləri görüb, hərbçilərimizin qisası alınıb. Ermənistan silahlı qüvvələrinin bölmələri həmin gün yenidən Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndlərini minaatanlardan və toplardan atəşə tutub. Şiddətli döyüşlər iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində davam edib. Bu döyüşlərdə hərbi qulluqçularımız arasında şəhidlər, yaralılar olub. Eləcə də Ermənistan tərəfi çoxsaylı itkilər verib.

Ermənistan silahlı birləşmələri iyulun 14-də Tovuz rayonunun Ağdam, Əlibəyli və Dondar Quşçu kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə məruz qoyub. Həmin gün döyüş zamanı müdafiənin ön xəttindəki Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev, eləcə də düşmən hücumunun qarşısını alarkən beş hərbi qulluqçumuz qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Bu, Silahlı Qüvvələrimizin yüksəkrütbəli zabitlərinin  vətənpərvərliyinin, döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetməsinin  bariz ifadəsi idi. Ordumuz şəhidlərimizin qisasını tezliklə alıb. Lakin vəziyyəti daha da gərginləşdirən Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində açdığı artilleriya atəşi nəticəsində rayonun Ağdam kənd sakini də həlak olub.

Tovuz döyüşlərində xalqımız Ordumuzla milli həmrəylik nümayiş etdirdi. İyulun 14-dən 15-nə keçən gecə on minlərlə gənc paytaxtımızda yürüş edərək Azərbaycan Ordusuna dəstəyini göstərib, həmçinin çoxsaylı azərbaycanlı gənc ordu sıralarına yazılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə müraciət edib. Nazirlər Kabinetinin iyulun 15-də keçirilmiş iclasında Prezident cənab İlham Əliyevin “Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram” çağırışına səs verən minlərlə vətəndaşımız  könüllü şəkildə orduda xidmət etmək barədə müraciətlər edib. İyulun 16-da səhər mövqelərimizə yenidən hücum etməyə cəhd göstərən qarşı tərəf Tovuz rayonunun Ağdam, Dondar Quşçu və Vahidli kəndlərini iriçaplı silahlar və minaatanlardan atəşə tutub, yenindən cavab atəşi ilə susdurulub. İyulun 17-də Tovuz rayonu istiqamətində nisbi sakitlik olsa da gərginlik davam edib. Beləliklə, Azərbaycan Ordusunun cəsarətinin, qəhrəmanlığının daha bir nümunəsi olan Tovuz döyüşləri zamanı Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhidlik zirvəsinə ucalıb və 1 mülki şəxs həlak olub. Bu döyüşlərdə Ermənistanın  100-dən çox hərbçisi məhv edilib, döyüş texnikaları sıradan çıxarılıb.

Dövlətimizin başçısı deyib: “İyul ayında Azərbaycan düşmənə layiqli cavabını verdi, öz ərazi bütövlüyünü qorudu və bir daha göstərdi ki, Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaqdır. Əfsuslar ki, bu, onlar üçün dərs olmadı. Halbuki mən iyul təxribatından sonra demişdim ki, Ermənistanın bu acı məğlubiyyəti onlar üçün dərs olmalıdır”.  Beləliklə, Tovuz döyüşlərindən bir az sonra 2020-ci il sentyabrın 27-də uzun illərdir işğal altında qalan torpaqlarımızı azad etmək üçün haqq savaşımız başladı. Həmin gün növbəti təxribatın qarşısını almaq üçün genişmiqyaslı əks-həmlə əməliyyatı keçirən rəşadətli Silahlı Qüvvələrimiz 44 günlük Vətən müharibəsində qalib gələrək torpaqlarımızı işğaldan azad etdi. Otuz illik həsrətə son qoyuldu, üçrəngli bayrağımız Qarabağda əbədi qaldırıldı. Haqq savaşı yolunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayır.

Bu gün işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq tədbirləri həyata keçirilir, bir vaxtlar həmin torpaqlardan məcburi köçkün düşmüş vətəndaşlarımız artıq öz doğma yurdlarına  qayıdıblar. Qazilərimiz, şəhid ailələri dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunublar.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 12.07.2024 16:40