AZ EN RU

Böyük şair Məhəmmədhüseyn Şəhriyara həsr olunmuş konfrans

    AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda “Məhəmmədhüseyn Şəhriyar və milli-mənəvi dəyərlər” mövzusunda elmi konfrans keçirib.
    Konfransı giriş sözü ilə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev açıb.
    Alim əvvəlcə fitri istedada malik şairin keşməkeşli ömür yolu barədə konfrans iştirakçılarına məlumat verib, Azərbaycanın şimal və cənubu arasında mədəni əlaqələrin möhkəmləndirilməsində və yenidən canlanmasında Məhəmmədhüseyn Şəhriyarın mühüm rolunu qeyd edib. Şəhriyar yaradıcılığının səciyyəvi xüsusiyyətlərindən danışan professor Ulu Öndər Heydər Əliyevin şairin irsinə, dərinməzmunlu yaradıcılığına rəğbətindən söz açıb. Vurğulanıb ki, dövrün çətin siyasi rejiminə rəğmən məhz Ümummilli Liderin göstərişi ilə ötən əsrin 70-ci illərinin sonlarında  şairlərimiz ustad Şəhriyarla əlaqə yaratmış, məktublaşmışlar. Bu görkəmli dövlət xadimi Heydər Əliyevin Cənubi Azərbaycanda da böyük nüfuz sahibi olması sayəsində mümkün olmuşdur.
    Daha sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov “Şəhriyar poeziyası Türk dünyasının ortaq mənəvi xəzinəsidir” mövzusunda məruzə edib. Məruzəçi diqqətə çatdırıb ki, Məhəmmədhüseyn Şəhriyar təkcə Azərbaycan türklərinin deyil, Türk dünyasının, eyni zamanda farsdilli ədəbiyyatın görkəmli nümayəndəsidir.
    İnstitutun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Azərbaycan ədəbiyyatının Heydərbabası – Məhəmmədhüseyn Şəhriyar” adlı məruzəsində şairin anadilli şeirimizin zənginləşməsindəki müstəsna xidmətlərindən söz açıb. 
    “Şəhriyar dilində dialektizmlər” mövzusunda məruzə edən Dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Nuray Əliyeva şairin yaradıcılığında ədəbi dil normalarının əksi məsələsinə, “Heydərbabaya salam” poemasında Təbriz dialekti üçün səciyyəvi olan qanunauyğunluqlara nəzər salıb. Bu dialektin Naxçıvan, xüsusilə Ordubad şivəsi ilə oxşarlıqlarından, eləcə də Şəhriyar yaradıcılığında böyük önəm təşkil edən Azərbaycanın bütövlüyü problemindən bəhs edib.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

Nəşr edilib : 18.09.2023 19:43