AZ EN RU

Böyük qayıdışın başlandığı şəhər – Zəngilan

Artıq üç ildir ki, Qarabağ əzəli sahibinə qayıdıb, Şuşa bizimdir, Laçın bizimdir. Şəhidlərimizin qisası alınıb, onların ruhu ağ göyərçinə dönüb Qarabağımızın azad səmasında qanad çalır. Hər kəs qürurlu və sevinclidir.Çünki biz qalib ölkənin vətəndaşıyıq. Bütün Azərbaycan sevinc içərisindədir, amma aramızda elələri də var ki, onların sevinci tam başqadır. Bəli, onlar illərdir, öz yurdlarından zorla qovulub məcburi köçkün kimi vaxtı ilə qışın soyuğunda, yayın istisində çadırlarda yaşamağa məcbur olan insanlardır. Biri Cəbrayıldan, biri Şuşadan, digəri Zəngilandan, Qubadlıdan və vaxtilə işğalda olan başqa torpaqlarımızdan silah gücünə çıxarılanlar. İllərdir, o gün gələcək, – deyib ordusuna, dövlətinə, dövlət başçısına ümid bəsləyənlərin ümidi artıq gerçəyə dönüb.  İşğaldan qarış-qarış azad edilən torpağımızın ən yüksək zirvəsinə sancılan bayrağımız hər birimizin ürəyini dağa döndərib. Yurdlarından qovulanda özləri ilə təkcə evinin qapılarının açarlarını götürən, son nəfəsində “Bax o sandıqda evimizin açarları var, onları qoruyun yurdumuz alınanda qapımızı açarsınız”, – deyənlərin arzusu yerinə yetib. Bu gecə yuxuda evimizi görmüşəm, görən nə vaxt bir də görəcəyəm həyətimizi? Qış da gəldi, görən Şuşaya qar yağıbmi? Yaz gəldi, xarı bülbül açıbmı görəsən biz olmadan? Bəs nə vaxt çəkəcəyəm Zəngilanın havasını ciyərlərimə? – deyən neçə-neçə insanın ahla dolu sualları da bitdi artıq. Bu suallar da bitdi, yurd həsrəti də.

İşğaldan azad edilən kəndlər, şəhərlər artıq gözəl günlərinə geri dönür. Biz artıq  üç ildir daha rayonlarımızın işğal günündən keçən günləri saymır onların azad olunduğu günləri fərəhlə qeyd edirik. 30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edildi, mədəni irsimizə böyük zərbə vuruldu, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qaldı.İşğal illərində xarabaya döndərilən yurdlarımız azad edildikdən sonra ikinci mərhələ abadlıq və quruculuq işlərinə başlandı.  Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr  Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına həyata keçirildi.  Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə və Laçın, Fizuli  şəhərlərinə məcburi köçkünlərin qayıdışı təmin olunmub və bu istiqamətdə işlər davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 iyul 2023-cü ildə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən oktyabrın 20-si Zəngilan şəhəri günü kimi qeyd olunur.

Zəngilan işğaldan 44 günlük Vətən müharibəsinin 23-cü günündə azad edildi. Böyük Qayıdış ilk olaraq elə axarlı-baxarlı, çinar meşəli Zəngilandan başladı. Həmin Zəngilandan ki 29 il yad tapdaqda qalıb, amma əyilməyib. Quruculuğun ilk ünvanlarından biri də elə məhz Zəngilan oldu. Dövlət başçısı tərəfindən 2021-ci ildə ilk “Ağıllı kənd”in təməli qoyuldu. 2022 ci il mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi keçirildi. Həmin mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə Ağalı kənd meydanı ilə tanış oldular. Kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalmış əzəli torpaqlarımızda sülhün əbədi təmin olunmasını təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi yaradılıb.Kənd meydanında yaradılmış Dövlət Xidmətləri Mərkəzində “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstəriləcək. Vətəndaş birbaşa videobağlantı ilə “DOST” mərkəzlərinin sosial agentinə müraciət edəcək və müraciəti yerindəcə həll olunacaq. Kənddə gələcəyimiz olan uşaqların yaxşı təhsil alması üçün hərtərəfli şərait yaradılıb. Belə ki, 360 şagird yerlik ikimərtəbəli məktəb binası vəbirmərtəbəli 60 yerlik uşaq bağçası inşa olunub. Göründüyü kimi, “Ağıllıkənd”də müasirlik təkcə qurulan infrastrukturla məhdudlaşmır, burada təhsilə yeni yanaşmanın tətbiqi də mühüm rol oynayır. Həmin görüşdə Dövlət başçısı deyib: “...Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milliləyaqətimizi bərpa etdik. Bu gün, bax, bu gözəl Zəngilan torpağında həyat qururuq. Bax, həyat qayıdır - Zəngilana, başqa yerlərə, Şuşaya.Yaxşı bilirsiniz ki, bu bölgənin inkişafı üçün nə qədər böyük işlər görülür. İndi yol boyunca gələn hər bir adam dəmir yolunu görür,avtomobil yolunu görür. Özü də altı və dörd zolaqlı avtomobil yolu.Zəngilanda hava limanı tikilir, bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək… Birinci pilot layihə məhz Zəngilanda icra edildi, Ağalı kəndində. Bir il bundan əvvəl inşaat işləri başlamışdır. İndi 200 evdən ibarət gözəl kənd salınıb – “Ağıllı kənd”. Bu gün bu kəndlə tanış olarkən, – bilirsiniz, mən dəfələrlə burada olmuşam, – görürəm ki, doğrudan da böyük, necə deyərlər, mütərəqqi bir addım atmışıq”. Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi çərçivəsində keyfiyyətli ekoloji mühitin yaradılması və enerjidən səmərəli istifadə edilməsi üçün dayanıqlı enerji mənbələrinə üstünlük verilib.

Bu baxımdan, kəndin dayanıqlı enerji ilə təmin edilməsi üçün Həkəri çayı üzərində Almaniyanın “Rehart GmbH” şirkəti tərəfindən istehsal olunan və hər biri 212 kilovat olmaqla 3 hidravlik turbindən və müvafiq hissələrdən ibarət Arximed turbini tipli Su Elektrik Stansiyası inşa edilib. Üç ədəd generatorun quraşdırıldığı stansiya Ağalı kəndinin elektrik enerjisinə tələbatını tam təmin etmək gücünə malikdir.

Arximed qurğusunun digər enerji istehsal sistemləri ilə müqayisədə ən böyük üstünlüyü ondan ibarətdir ki, təzyiqsiz sudan enerji istehsal edə bilir, asan quraşdırılır və iqtisadi baxımdan sərfəlidir

Ölkə başçısının işğaldan azad edilmiş ərazilərə hər səfəri yeni bir ünvanın açılışı ilə yadda qaldı.  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılış isə daha bir əlamətdar hadisə idi. Həmin gün Zəngilana enən təyyarədə “Qarabağa xoş gəlmisiniz “sədası eşidildi. Bu 29 ildən sonra duyduğumuz ən gözəl cümlələrdən biri, bəlkə də ən gözəli idi. Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.

Dövlət başçısı həmin gün barədə deyib: “Zəngilan Hava Limanının açılışı ölkəmizin həyatında çox əlamətdar hadisədir. Hava limanının açılışı Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli hadisədir. Azərbaycan Ordusu 2 il bundan əvvəl Zəngilan şəhərini azad etdi və məhz belə bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır”.

Ölkə başçısının Zəngilana səfəri çərivəsində təməlini qoyduğu  ümumi sahəsi 2.06 hektar olan yaşayış məhəlləsinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Məhəllə Zəngilan şəhərinin mərkəzi küçəsində, məktəb və biznes zonanın yaxınlığında yerləşəcək, şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun olacaq. Bu məhəllədə ümumilikdə 10 bina tikiləcək. Bunlardan 6-nın ikimərtəbəli, 4-nün isə üçmərtəbəli olması planlaşdırılır.Məhəllədəki binaların inşasında modern və minimalistik memarlıq yanaşmalarından, həmçinin milli naxış elementlərindən də istifadə ediləcək.

Hər dəfə xəbər saytlarında, “Zəngilana, Füzuliyə, Laçına  qayıdış” xəbərini izləyəndə uzun illər birlikdə yaşadığm insanları xatırladım. Əminəm ki, onların hamısı sevinc içində bu xəbəri izləyir və növbənin onlara çatacağı günü səbirsizliklə gözləyirlər.. Vaxtilə onlar bir neçə dəfə o rayondan bu rayona, bu kəndən başqa kəndə köçmüşdülər. Onlar evləri, ocaqları  işğal edilən gün güllə yağışı altında yığmışdılar ev-eşiyi. Birini götürüb, beşini götürə bilməmişdilər zəhmətlə alıb yığdıqları əşyaları. Qurulu ev eşiklərini qoyub ancaq quru canını götürüb çıxa bilmişdi düşmənin yağış kimi yağan güllələrinin altından. Kimisi isə evinin qapısını tələm-tələsik qıfıllayıb açarlarını özü ilə götürmüşdü bir gün qayıtmaq ümidi ilə. Onların alınına məcburi köçkün adı yazılmışdı həmin gün.

Laçında, Fizulidə, Zəngilandakı evinin açarlarını sandığında ümidlə saxlayan insanları çox görmüşəm cəbhə bölgəsində yaşadığım illərdə. Yaşayışları nə qədər də asanlaşdırılsa da, onlar üçün yeni mənzillər inşa olunsa da, çoxunun fikri öz doğma yurdlarında qalmışdı. Vaxtilə Fizulidə Haramı düzündə salınan beş qəsəbəyə Sabirabaddakı yataqxanalardan köçürülən insanlar gəlir xəyalıma. Yan-yana düzülən yük maşınları yeni salınan qəsəbədə inşa edilən mənzillərin qarşısında dayanmışdı. Amma heç kim sevinmirdi, heç kim maşınları boşaltmağa tələsmirdi. Ona görə yox ki, onlar üçün Sabirabaddakı və ya Bakıdakı yataqxanada və ya çöllərdə qurduqları çadırlarda, qışı soyuq, yayı isti olan vaqonlarda yaşamaq daha asan idi. Ona görə ki, onlar o paslanmış açarlarla evinin qıfıllarını açmaq, öz doğulduqları həyətə qayıtmaq istəyirdilər. Dövlətin yaratdığı şərait nə qədər gözəl osa da, onların ürəyi yurd həsrəti ilə yanıb yaxılırdı. Bu gün isə tamam başqa bir mənzərə var - hamı tələsir ki, tez toplasın əşyasını, yol tez bitsin, tez çatsınlar yurdlarına. Onlar Böyük Qayıdışın başlanğıcının ilk insanları olmaqdan qürur duyurlar.

Deyirlər ki, evin əsl sahibi evindən çıxanda qapını bağlayıb çıxar. Amma sahibi olmayan, zorla məskunlaşan isə həmin evi tərk edəndə xarabaya döndərib gedər. 30 il öncə torpaqlarımızdan zorla çıxarılan insanlar öz doğma evlərinin açarlarını götürüb çıxmışdı, amma 44 günlük müharibədə məğlub olan düşmən Kəlbəcərdə, Laçında, Xankəndində 30 ildir yaşadıqları mənzilləri külə, xarabaya döndərib çıxmışdılar.

Ali Baş Komandanın dediyi kimi: Ermənilər bizim bütün kəndləri dağıdıblar. Elə ediblər ki, azərbaycanlılar daha heç zaman oraya qayıtmasınlar, qayıda bilməsinlər. Amma Azərbaycan xalqının iradəsini bilmirlər. Biz Cocuq Mərcanlını səkkiz aya qurduq. İndi orada insanlar yaşayırlar, qazı da, suyu da, elektriki də, məscidi də, xəstəxanası da, məktəbi də, evlər də var, hər şey var. Bütün o torpaqları biz cənnətə çevirməliyik. O torpaq canlanacaq, oraya həyat qayıdacaq, uşaqların gülüşü gələcək, insanların təbəssümü qayıdacaq”.

Biz bir xalq olaraq bunu bacardıq. Xarabaya dönən kəndlərimiz artıq gülüstana çevrilir. Yurdumuza sevinclə, qürurla qayıdırıq.

Bu duyğular içində həmin insanlardan heç olmasa birinin – Zəngilan rayon sakini olan Sumaya xalanın səsini eşitmək istəyir və ona zəng vururam. Telefona ağlaya- ağlaya cavab verir illərdir torpaq həsrəti ilə ürəyi yanan qadın. “Sevinclə evimizə qayıdıram, həmin küçəyə, gəlin köçdüyüm, övladlarımı dünyaya gətirdiyim evə, həyat yoldaşımı Vətənə qurban verdiyim, atamı,anamı tapşırdığım torpağa”, – deyir.

Əbədiyaşar ruhun qarşısında baş əyirik, dahi rəhbər. Yaşa, var ol Ali Baş Komandan, müzəffər Azərbaycan əsgəri! Haqqını bizə halal et bir qarış torpaq uğrunda canından keçən igid Vətən Oğlu. Haqqını halal et, övlad böyüdüb Vətən torpağına sipər edən, odu sinəsinə basıb məğrurluqla söndürən Azərbaycan Anası! Haqqını halal et, yollara dikilən gözlərinə çökən əbədi həsrəti qürurla əvəz edib şəhid olan həyat yoldaşının cənazəsini çiynində əbədiyyətə yola salmağa aparan Azərbaycan Qadını! Haqqınızı Azərbaycan xalqına halal edin, ata nəvazişini, ata sevgisini soyuq məzarlar daşları ilə əvəz edən Şəhid Övladları… Çünki biz sizin sayənizdə doğma yurdlarımıza qayıdırıq... Və sizin sayənizdə Böyük Qayıdış bundan sonra da davam edəcək...

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 20.10.2023 10:41