AZ EN RU

“Böyük Qayıdış”ın addım səsləri

Azərbaycanın bütün Qarabağ bölgəsi sıfırdan yenidən inşa edilir

Prezident cənab İlham Əliyevin ötən həftə Cəbrayıl və Zəngilan rayonlarına səfəri 2017-ci ildən başlayan “Böyük Qayıdış”ın növbəti mərhələsi, Tarixi Zəfərdən sonra görülən işlərin bir qisminin yekunu, bir qisminin isə yeni başlanğıclara uyğun davam etdirilməsi ilə xarakterizə olunur. Xüsusilə Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi və cənab Prezidentin bu tədbirdəki çıxışı zamanı səsləndirdiyi fikirlər, verdiyi mesajlar olduqca əhəmiyyətli və regionun gələcəyi baxımından diqqətəlayiqdir. 

    Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun 2016-cı ildə azad etdiyi Lələtəpə zirvəsi Qarabağa dönüşün və məskunlaşmanın möhkəm istinadgahına çevrildi və “Böyük Qayıdış” Cocuq Mərcanlıdan başladı. Hələ 2020-ci il oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində cənab Prezidentin dediyi “Mən demişdim ki, Cocuq Mərcanlı ləyaqətimizin rəmzidir, iradəmizin rəmzidir və Cocuq Mərcanlı bizim qayıdışımızın rəmzidir. Mən demişdim ki, qayıdışımız indi başlayır. Mən əminəm ki, o ərazilərdən köçürülənlərin hamısı geri qayıdacaq” fikirləri məhz bu səfər müstəvisində həmin bəyanatın həyata keçirilməsi və xalqımızın illərdən bəri gözlədiyi tarixi ədalətin reallaşması baxımından böyük əhəmiyyətə malikdir. 
    Prezident cənab İlham Əliyevin sentyabrın 28-də Cəbrayıl və Zəngilan rayonlarına səfəri çərçivəsində Cəbrayıl şəhərində inzibati binanın təməlinin qoyulması, burada inşa edilən ilk yaşayış məhəlləsi – 718 mənzildən ibarət Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanışlıq, ümumilikdə, 1833 mənzildən ibarət olması nəzərdə tutulan Şirvan, Lənkəran və Yevlax Yaşayış kompleksləri, bundan başqa, 960 şagird yerlik orta məktəb binası və 80 yerlik uşaq bağçasının da tikilməsi üçün görülən işlər, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin istifadəyə verilməsi, 2568 sakin üçün 498 fərdi evdən və 144 mənzildən ibarət 2-3 mərtəbəli bloklaşdırılmış evlərin layihələndirildiyi Zəngilan rayonunun Alıbəyli kəndinin, Oxçuçayın sahilində, Zəngilan-Mincivan yolunun üzərində düzənlik ərazidə yerləşən 1631 sakin üçün 306 fərdi evin və 102 mənzildən ibarət 2-3 mərtəbəli bloklaşdırılmış evlərin tikilməsinin nəzərdə tutulduğu Zəngilan kəndinin təməlinin qoyulması, eyni zamanda Zəngilan şəhərində 2-ci, 3-cü və 4-cü yaşayış komplekslərinin, 160 yerlik uşaq bağçasının əsasının qoyulması, Zəngilan şəhər məscidində görülən işlərlə tanışlıq Şərqi Zəngəzurda sürətlə aparılan işlərin real mənzərəsini və miqyasını təsəvvür etməyimizə imkan verməklə yanaşı, eyni zamanda ölkə başçısının “Bu gün isə bu torpağın sahibləri, əsl sahibləri qayıdıb, sürətli inkişaf baş verir” fikirlərinin ən yaxşı təzahürü olaraq görünür. 
    “Böyük Qayıdış” proqramına uyğun olaraq Zəngilanda növbəti yaşayış məhəllələrinin salınması çərçivəsində 410 mənzildən ibarət yeni yaşayış komplekslərinin tikintisi, bu komplekslərdə “taunhaus” tipli evlərin, 3, 4 və 5 mərtəbəli çoxmənzilli binaların inşası nəzərdə tutulur. Bu isə Prezidentin öz çıxışlarından birində səsləndirdiyi “Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib” fikirlərini bir daha təsdiq edir. 
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılışında iştirakı isə regiondakı enerji layihələrinin uğurla icra olunmasını bir daha təsdiq etdi. Beləliklə, işğaldan azad edilən ərazilərdə tam yeni tikilən 4 stansiyadan ibarət “Zəngilan” Su Elektrik stansiyaları silsiləsində il ərzində 130 milyon kilovat-saatdan artıq “yaşıl enerji” istehsal ediləcək. Bu da alternativ enerji mənbələrinə keçiddə çox böyük rol oynamaqla, Prezident cənab İlham Əliyevin regionu “yaşıl enerji” zonasına çevirməklə bağlı tapşırığının icrasına mühüm töhfədir. Silsilə SES layihəsi regionun enerji və iqtisadi inkişafına töhfə verməklə bərabər, əhalinin məşğulluğu baxımından da əhəmiyyətlidir.
    Onu da qeyd edək ki, 42 meqavatlıq “Zəngilan” Su Elektrik stansiyaları silsiləsi işğaldan azad edilən ərazilərdə tamamilə yeni inşa edilən ilk ən böyük enerji istehsalı layihəsidir. Bu layihə rekord müddətdə – cəmi bir ilə ərsəyə gəlib. İndiyədək nə Azərbaycanda, nə də digər yerlərdə bu sayda, bu gücdə və bu müddətdə SES-lərin tikilməsi faktına rast gəlinib. Bu isə ötən həftə Zəngilanda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu ilə paralel şəkildə Naxçıvanda baş tutan Azərbaycan-Türkiyə III Enerji Forumu və “Naxçıvan – Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransında regionun “yaşıl enerji” potensialı və istehsal olunan enerjinin ixrac məsələləri ilə bağlı qarşıya qoyulan işlərin icrası baxımından bir-birilə səsləşən proses idi. 
    Enerji siyasətindən danışıldıqda Azərbaycan-Türkiyə tərəfdaşlığı xüsusi qeyd olunmalıdır. Xüsusilə Zəngəzur dəhlizinin açılması perspektivində Naxçıvanın enerji potensialından səmərəli istifadə və muxtar respublikanın “yaşıl enerji” zonasına çevrilməsi sahəsində nəzərdə tutulan layihələr mühüm əhəmiyyət daşıyır. Yaxın gələcəkdə qarşıya qoyulan əsas hədəf isə Naxçıvanda alternativ və bərpa olunan enerji potensialından maksimum istifadə etməkdən, elektrik enerjisinin Türkiyəyə ixrac edilməsi və Avropaya ötürülməsindən ibarətdir. 
    Naxçıvanda “yaşıl enerji” konsepsiyasının həyata keçirilməsi və enerji potensialından səmərəli istifadə məqsədilə sistemli işlər aparılır. “Heydər Əliyev İli” çərçivəsində Bakı Enerji Forumunun “Naxçıvan və Şərqi Zəngəzurun “yaşıl enerji” potensialı” mövzusunda xüsusi sessiyasının bu il iyunun 3-də Naxçıvan şəhərində keçirilməsi, bu zaman bir sıra müqavilələrin imzalanması bu sahədə atılan mühüm addımlardır. Naxçıvanda həyata keçirilən bu layihələrin Zəngəzur dəhlizinin onurğa sütunu kimi bu regionun Şərqi Zəngəzurda istehsal ediləcək “yaşıl enerji”nin Türkiyə və Avropaya ötürülməsində müstəsna əhəmiyyəti var.
    Sentyabrın 29-da Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində cənab Prezidentin “Bu gün bu region Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən inşa edilir” bəyanı isə işğalçı dövlətin ötən illər ərzində regionda yürütdüyü talançılıq siyasətinin hansı ağır nəticələrə gətirib çıxardığını bir daha beynəlxalq aləmə göstərməklə yanaşı, “Bu bizim ikinci Azərbaycan Milli Şəhərsalma Forumumuzdur, bizim dostluğumuzun təzahürüdür. Bizim birgə marağımızın təzahürüdür ki, işğal dövründə tamamilə dağıdılmış əraziləri yenidən inşa edək” ifadələri isə Azərbaycanın beynəlxalq gücünün bəyanı idi. 
    Zəngilan şəhərinin ilk sakinlərinin qayıdacaqları vaxtın müjdəsini verən Prezident bu bölgənin xüsusi əhəmiyyətini də qeyd etdi: “Biz Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edirik, çünki onun coğrafi mövqeyi bunu labüd edir. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur”. Bu həm labüd reallıq olan Zəngəzur dəhlizinin fəaliyyətə başlamasından sonra bölgənin qeyd olunan istiqamətdə artan əhəmiyyətini bir daha göstərir, həm də ölkə başçısının gələcəyə hədəflənmiş, Azərbaycanın regionda liderliyini təmin edən düşünülmüş siyasətinin və uğurlu diplomatiyasının əyani təzahürüdür. Görülən hər bir iş perspektiv gələcəyə hesablandığından bir-birilə sistemli şəkildə əlaqələndirilmiş və məntiqi ardıcıllıqla həyata keçirilir. Bu həm də ölkəmizin artan qüdrəti fonunda regionda reallaşan hər bir layihənin, həyata keçirilən hər bir prosesin əsas hərəkətverici qüvvəsi rolunu oynayan Azərbaycanın aparıcı söz sahibi olduğunu, o olmadan bölgədə heç bir qlobal layihənin gerçəkləşmə imkanının olmadığını bir daha təsdiq edir. 
    İstər azad olunmuş ərazilərdə inşa edilmiş ikinci hava limanı olan Zəngilan Beynəlxalq Hava Limanı, istər sovet dövründə mövcud olan və hazırda erməni qüvvələri tərəfindən sökülmüş olan dəmir yolu xəttinin bərpa edilməsi, Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası tezliklə bu nəqliyyat dəhlizinin mühüm hissələrini hazır vəziyyətə gətirəcək. Bu isə Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət, Avropaya çatacaq. Tezliklə bu layihələrin istifadəyə verilməsi Zəngilanın çox vacib nəqliyyat mərkəzi olmasına imkan verəcək. 
    Regionda görülən işlər təkcə bərpa etmək deyil – burada müasir texnologiyalar, “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa olunur. Burada ən müasir şəhərsalma nümunələrindən istifadə edilir. İndi artıq məcburi köçkünlər Laçın şəhərinə, Füzuli şəhərinə, Ağalı kəndinə, Talış və Zabux kəndlərinə qayıdıblar. 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiqlənib və 30 kəndin təməli qoyulub. Bu isə “Böyük Qayıdış Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir”, – deyən Prezident cənab İlham Əliyevin bu istiqamətdə bu günə qədər gördüyü işlərin hələlik yekun hesabatı kimi səslənir. 
    Təbii ki, görülən bu işlərin fonunda digər əsas bir element isə infrastrukturdur. Bölgənin mövcud enerji potensialı, nəqliyyat və yaşayış layihələri növbəti üç ildə 100 mindən çox keçmiş məcburi köçkünün evlərinə qayıtmasına imkan verəcək. Yeri gəlmişkən qeyd edək ki, artıq 2300 məcburi köçkün evlərinə qayıdıb və ilin sonunadək onların sayının 5500-ə çatdırılması nəzərdə tutulur. “Mən Ağalı kəndində dəfələrlə olmuşam – sakinlərin qayıdışından əvvəl və sonra. Mən onun şahidi oldum ki, oraya qayıdan insanlar öz köklərinə nə dərəcədə bağlıdırlar. Heç zaman öz vətənini görməyən gənc nəsil qayıdıb. Bu onu nümayiş etdirir ki, Azərbaycan xalqı öz köklərinə necə dərindən bağlıdır” fikirləri cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin yüksək nəticəsi olaraq hər kəs tərəfindən rəğbətlə qarşılanır. Çünki Azərbaycan xalqının yaddaşından bu tarixi, bu torpaqları heç kim silə bilməz. 
    53 ölkədən 200-ə yaxın nümayəndənin iştirak etdiyi forumda Azərbaycan Prezidentinin genişməzmunlu çıxışı görülən işlər, qarşıya qoyulmuş məqsədlərə çatmaq yolunda həyata keçirilən tədbirlər və xüsusilə son günlərin əsas mövzularından biri olan – etnik ermənilərin Qarabağı könüllü şəkildə tərk etməsi kontekstində kifayət qədər əhəmiyyətli mesajlar verdi. “İndi isə müharibədən sonra və sonuncu hərbi əməliyyat ki, baş verdi, on gün əvvəl biz yenidən bunu bəyan etdik: Qarabağın erməni əhalisinin hüquqlarını təmin edəcəyik. Artıq biz onlara bu məsələ ilə bağlı, reinteqrasiya ilə bağlı öz baxışımızı təqdim etmişik” fikirləri isə beynəlxalq konvensiyalara uyğun olaraq bütün bu məsələlərin həll ediləcəyinin ifadəsi idi. Bununla da Azərbaycanın iştirakçısı olduğu bütün konvensiyalara, Konstitusiyamıza və beynəlxalq öhdəliklərə sadiqliyini, beynəlxalq aləmdə “Bizim sözümüz imzamız qədər keçərlidir” faktını bir daha təsdiqləyən və rəsmiləşdirən bəyanat idi. 
    Azərbaycanın öz ərazilərində suveren hüquqlarını bərpa etmək üçün keçirdiyi lokal xarakteri antiterror tədbirlərini beynəlxalq müstəviyə ölkəmiz əleyhinə çevrilmiş proseslər kimi təqdim etməyə çalışan, beynəlxalq hüquqa uyğun şəkildə görülən işləri Azərbaycanın həyata keçirdiyi “qanunsuz əməllər” kimi əks etdirməyə cəhd göstərən, nədənsə 30 il ərzində beynəlxalq hüququn bərpa olunmasına qarşı kar, kor və lal olan bəzi qüvvələrin indi birdən-birə Azərbaycana qarşı fəal mövqeyə keçib ölkəmizi ədalətsiz proses aparmaqla günahlandıran erməni havadarlarına və Ermənistan hakimiyyətinə Ali Baş Komandan olaraq ölkə başçısının dediyi sözlər və verdiyi açıq mesajlar, xüsusilə Şərqi Zəngəzurda olduqca qüdrətli və əzəmətli səsləndi. “Biz, nəticədə, harada istəsəydik, orada dayanacaqdıq. Bunu demək o qədər də çətin deyil. Ancaq bizim niyyətimiz bundan ibarət deyildi. Biz Ermənistanın ərazi bütövlüyünü tanımışıq, bunu bəyan etmişik və bunu səmimi deyirik. Yəni bizim başqa niyyətlərimiz olsaydı, əməliyyat sentyabrın 20-də dayanmazdı. Mən bunu hər kəsin bilməsini istəyirəm. Bunu Ermənistan hakimiyyəti də bilsin, onun arxasında duran himayədarları da bilsin” kimi əsl sərkərdə, Ali Baş Komandan açıqlaması bizim hərbi-siyasi gücümüzü, beynəlxalq müstəvidəki iradəmizi, nüfuzumuzu çox açıq və qətiyyətli şəkidə bütün dünyaya bəyan etməkdir. Bu bizim sözümüzə sadiqliyimizin, sülh tərəfdarı olduğumuzun və regionun gələcəyi üçün əhəmiyyətli işlər görmək istədiyimizin ən yaxşı göstəricisi idi. 
    Ölkə başçısı cənab İlham Əliyevin öz çıxışında “Biz sülh istəyirik, biz bu əraziləri bərpa etmək istəyirik, soydaşlarımızı Vətəninə qaytarmaq istəyirik. Biz Qafqazda sülh və sabitlik istəyirik. Bu, mümkündür və seçim Ermənistanındır” çağırışını səsləndirməsi isə qarşı tərəf üçün kifayət qədər açıq səslənən və növbəti dəfə onlara uzadılmış sülh əlinin təzahürüdür.

    Yekun olaraq onu deməliyik ki, Şəhərsalma Forumu çərçivəsində keçirilən “Viranlıqdan dayanıqlılığa: parlaq gələcəyə aparan yol” mövzusunda ikinci sessiyanın sərlövhəsi belə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin artıq keçmişdə qalmaqda olan mənzərəsindən perspektivdə görünən parlaq gələcəyə aparan yol xəritəsinin sürətlə reallaşmasının beynəlxalq müstəvidə qəbul olunmuş formasıdır. Ölkə başçısının “Biz səbirliyik, ancaq qətiyyətliyik” iradəsi isə yaxın gələcəkdə bizi daha möhtəşəm dəyişikliklərə, uğurlu yeniliklərə şahid etmək əzmindədir. 

Məmməd BABAYEV

Nəşr edilib : 02.10.2023 19:04