AZ EN RU

Böyük nailiyyətlərlə zəngin xarıbülbül rayihəli, Zəfər rəmzli il...

    Hər dəfə alın açıqlığı, könül rahatlığı ilə müzəffər, qalib xalqın nümayəndələri kimi qazandıqlarımızla, əldə etdiklərimizlə qürur duyaraq, fəxarət hissi ilə dönüb nəzər salacağımız tarixə, mədəniyyətə, milli kimliyə sahiblik, nailiyyətlərlə zəngin, uğurlarla dolu daha bir ili də arxada buraxdıq. Dünyada siyasi qarşıdurmaların, daxili çaxnaşmaların, qızğın müharibələrin, münaqişələrin davam etdiyi 2022-ci il ölkəmizin həyatına müxtəlif sahələr üzrə yeniliklər, yeni siyasi, iqtisadi qələbələr, zəruri sosial islahatlar, hərbi zəfərlər gətirdi, layiqli varisin, qətiyyətli siyasi liderin rəhbərliyi ilə xalqımız aydın sabahlara qədəm qoydu...
    Tariximizin 2022-ci səhifəsində ilk diqqət çəkən mühüm amil ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, `onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır” ideyasının növbəti dəfə əyani təsdiqi oldu. Sosial ədalət, sosial rifah prinsipi ilə ilin əvvəlindən etibarən iki milyon yüz min insanı əhatə edən, ümumi həcmi 1,5 milyard olan sosial paket uğurla icra olundu, maaşlar, pensiyalar, təqaüdlər əhəmiyyətli dərəcədə artırıldı, dövlət qulluğu sahəsində çalışanların əməkhaqlarına böyük ölçüdə əlavələr müəyyən edildi, əmək pensiyalarının ortaaylıq məbləği 2021-ci illə müqayisədə 39 manat artırılaraq 371 manata çatdırıldı. Şəhid ailələrinə, qazilərə, müharibə əlillərinə böyük dəstək göstərildi, məişət şəraitləri xeyli yaxşılaşdırıldı, sağlamlığını itirmiş hərbçilər ən müasir protezlərlə təmin edildi, 1500 ailəyə mənzillər verildi, eləcə də bu qəbildən olan insanlara minik avtomobilləri hədiyyə olundu. Təbii ki bütün bu sosial layihələri həyata keçirmək üçün sarsılmaz, davamlı xarakter alan iqtisadi müstəqillik, qüdrət gərəkdir ki, Azərbaycanda da bu vardır. Bu mənada, 2022 iqtisadi uğurlarla zəngin il kimi də tarixə yazıldı, ölkəmizdə iqtisadiyyat, təxminən, 5 faiz, qeyri-neft sektorunda 9 faizdən çox artdı, ümumi daxili məhsul rekord həddə – 134 milyard manata çatdı. Ölkə rəhbərinin bir neçə il öncə hökumət qarşısında xarici borcla bağlı qoyduğu vəzifə uğurla icra olundu, xarici borc ümumi daxili məhsulun 10 faizinin altına, 9,5 faizə endirildi...
    2022-ci ili həm də qəhrəmanlıq, igidlik, vətənpərvərlik rəmzi sayılan qədim mədəniyyət beşiyi Şuşanın adı ilə daim xatırlanacaq, qürurla, fəxrlə anılacaq bir il kimi xarakterizə etmək olar. Cəsur Azərbaycan əsgərinin dünya hərb tarixinə qızıl hərflərlə yeni səhifə yazaraq böyük şücaətlə azad etdiyi Şuşada aprel ayında dosta sevinc, düşmənə gözdağı verən, həqiqət carçısına çevrilən Dünya Azərbaycanlılarının Zəfər qurultayı keçirildi, qədim mədəniyyət mərkəzinin 270 illik yubileyi V Xarıbülbül Beynəlxalq Folklor Festivalı, Vokalçıların Bülbül adına VIII Beynəlxalq müsabiqəsi,  “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forumu, Şuşa Türk Biznes Forumu  və digər möhtəşəm tədbirlərlə də yüksək səviyyədə qeyd olundu. Müzəffər Ordumuz daha da qüdrətləndi, yeni hərbi birliklər formalaşdırıldı, Azərbaycanla Türkiyə arasında 20-yə yaxın birgə təlim keçirildi, Fərrux, “Qisas”, “Qətiyyətli cavab” hərbi əməliyyatları ilə igid oğullarımız düşmən təxribatına layiqli cavab verdi, əlverişli yüksəkliklər ələ keçirildi, razılaşmaya əsasən Zabux, Sus kəndləri, Laçın şəhəri mənfurlardan təmizləndi, Ali Baş Komandanımız üçrəngli bayrağımızı ucaltdı əzəli-əbədi torpağımız Laçında. Dövlət başçısının “Nəticə etibarilə, sentyabrın 13-də bizə qarşı növbəti təxribat törədilərkən Azərbaycan Ordusu cavab verərək düşməni yenə də yerinə oturtdu. Ümid edirəm ki, nəhayət, bu onlara dərs olacaq. Çünki gördülər ki, bizi heç kim və heç nə dayandıra bilməz. Heç kimin zəngi, heç bir bəyanat, heç bir təşəbbüs bizi dayandıra bilməz. Biz öz torpağımızdayıq və öz torpağımızı qoruyuruq. Sərhəd boyunca əldə etdiyimiz mövqelər imkan verir ki, biz istənilən erməni təxribatını qabaqcadan görək və lazımi tədbirlər görək” kimi qətiyyətli fikri düşmənə, onun havadarlarına gözdağı verdi, onları yerinə oturdan, həddini göstərən növbəti sərt siyasi mesaj oldu. Azadlığına qovuşan bütün torpaqlarımızda ötən il ölkə rəhbərinin də dəfələrlə bildirdiyi kimi, heç bir beynəlxalq təşkilatdan, qurumdan maliyyə dəstəyi almadan, dövlətimizin öz gücü hesabına aparılan tikinti-quruculuq işləri xeyli sürətləndirildi, tarixi abidələrimiz bərpa olunmağa, mədəni irsimiz yenidən dirçəldilməyə başlandı, Türkiyə-Azərbaycan qardaşlığını, birliyini bütün dünyaya bir daha bəyan edən, siyasi mesajlarla zəngin Zəngilan Beynəlxalq Hava Limanının təntənəli açılış mərasimi keçirildi, rayonun Ağalı yaşayış məntəqəsi “ağıllı kənd”ə çevrildi, Böyük Qayıdışın ilk müjdəsindən nəsibini alan Ağalı sakinləri öz el-obalarına geri döndülər, məktəblərdə zənglər çalındı, güllərlə, yaşıllıqlarla bəzənən küçə-bacalara, həyətlərə uşaqların şən-şaqraq səsləri yayıldı, mədəniyyət ocaqlarında tarın, kamanın, qavalın sədaları ucaldı...
    2022-ci il həm də xalq-dövlət, xalq-rəhbər həmrəyliyinin təntənəsinin ildönümü kimi tarixə düşdü. Ölkəmizi, dövlətimizi əbədi qüdrətə, xalqımızı qalibiyyətə aparan Ulu Öndərin ideyalarından güc alan, böyük siyasi qüvvə sayılan Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 ili tamamlandı. Yubiley tədbirində ölkəmizin qazandığı uğurlardan, nailiyyətlərdən ətraflı bəhs edən ölkə Prezidentinin də dediyi kimi: “Bu gün Yeni Azərbaycan Partiyasının yubileyini qeyd edərkən hər birimiz, şübhəsiz, hər birimiz yenə də Ulu Öndərin xatirəsinə ehtiramımızı ifadə edirik. Çünki illər keçdikcə və dünya dəyişdikcə həmişə hər birimiz çox gözəl bilirik ki, əgər o vaxt Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz çox böyük fəlakətlə, daha böyük fəlakətlə üzləşə bilərdi”. İlin ən önəmli siyasi hadisələrindən biri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşməsi idi. Həmin gün Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə də tanış olan dövlət başçısı görüşdəki dərin məzmunlu nitqində Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının işlənməsi ilə bağlı qarşıya vəzifələr qoyaraq, tarixi ədalətin, həqiqətin bərpasının vacibliyini ön plana çəkərək atılacaq addımlarla bağlı siyasi elitaya mühüm mesajlar verdi: “...Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarixboyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır...” Ötən il növbəti həmrəylik, birlik, irsə sahiblik, yüksək keyfiyyətə maliklik, əcdadlarımızdan miras qalan mübarizlik nümunəsini yüzlərlə azərbaycanlı fəal gənc Şuşa-Xankəndi yolunda hər hansı təhlükədən, təxribatdan qorxmadan, çəkinmədən ermənilərin vandalizminə, ekoloji terrorizminə, təbii sərvətlərin talanmasına qarşı aksiyalara başlamaqla göstərdi.
    “Zəngəzur dəhlizi artıq reallıqdır. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda beynəlxalq yükdaşımaları üçün yeni bir yol olacaq, beynəlxalq bir yol olacaq...” söyləyən dövlətimizin başçısı böyük coğrafiyanı əhatə edən və strateji layihə sayılan dəhlizin açılması uğrunda 2022-ci ildə də dönməz mövqe nümayiş etdirdi, qətiyyət, səriştə ortaya qoydu, fikrini açıq şəkildə əminliklə keçirilən ikitərəfli, üçtərəfli görüşlərdə bəyan etdi, dəhlizin reallaşması məqsədilə ölkəmizə aid ərazidə genişmiqyaslı işlər aparılmağa, dəmir yolları, avtomobil yolları çəkilməyə başlandı. Ölkə rəhbərinin də qeyd etdiyi kimi, 2020-ci ildə döyüş meydanında qazanılan tarixi Qələbəmiz 2022-ci ildə siyasi müstəvidə daha da möhkəmləndi, oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan ölkəmizin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdı. Ötən il iqtisadi inkişafın, siyasi nüfuzun artırılmasında əhəmiyyətli rol oynayan xarici siyasi kursun uğurlu icrası da diqqəti çəkdi, Prezident cənab İlham Əliyev Türkiyəyə, Serbiyaya, Gürcüstana, Özbəkistana, Rusiyaya və digər ölkələrə mühüm xarici səfərlər etdi, böyük iqtisadi irəliləyişlərə, mədəniyyət, təhsil, turizm əlaqələrinin genişlənməsinə yol açan əməkdaşlıqlar quruldu, Avropa İttifaqı  ilə enerji sahəsində strateji tərəfdaşlığa dair memorandum imzalandı. Azərbaycanla Türkiyə arasında 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi təsdiqləndi, Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının üçtərəfli zirvə görüşü də yaddaqalan siyasi hadisələrdən oldu, ABŞ, Çin ilə intensiv dialoq davam etdirildi, Qoşulmama Hərəkatı çərçivəsində fəal uğurlu siyasət həyata keçirildi, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrlə fəal qarşılıqlı fəaliyyət aparıldı, NATO ilə əməkdaşlıqda strateji əhəmiyyət saxlanıldı, 69 ölkə ilə diplomatik danışıqların 30, iki ölkə ilə isə 25 illiyi qeyd olundu...
    Ölkə başçısının “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik” qənaəti 2022-ci ilə də öz möhürünü vurdu, aparılan daxili siyasətdə, reallaşdırılan kadr islahatlarında, dövlət idarəçiliyinin təkmilləşdirilməsi prosesində də özünün əyani təzahürünü müfəssəl şəkildə tapdı. 2022-ci il dekabrın 22-də işğaldan azad olunan Qarabağ regionundan sonra Naxçıvan Muxtar Respublikasında da dövlət idarəçiliyi sistemində yeni mərhələyə keçid bu qədim diyarın insanları, ictimaiyyət nümayəndələri, ziyalıları tərəfindən böyük rəğbətlə qarşılandı. Dövlət başçısının müvafiq fərmanları ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis olundu və Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edildi. Səlahiyyətli nümayəndəni təyinatla bağlı qəbul edən ölkə Prezidenti tapşırıq verdi ki, səlahiyyətli nümayəndə insanların qayğısına qalınması, korrupsiya, rüşvətxorluqla mübarizə, şəffaflıq, düzgün kadr siyasətinin həyata keçirilməsi, mərkəzi icra orqanları ilə sıx təmasda fəaliyyətlə bağlı bütün səylərini göstərsin. Yeni idaretmə strukturu əvvəllər mövcud olmuş bir sıra nöqsanların aradan qaldırılmasına, qaranlıq məqamların aydınlığa çıxmasına vəsilə oldu. Qısa zamanda aidiyyəti təşkilatların nümayəndələrinin insanlara qarşı sadə, səmimi rəftarı, vətəndaşları qəbul edərək onların problemləri ilə yaxından maraqlanması, həllinə baxılması sakinlər tərəfindən yüksək qiymətləndirilir. Prezident təmsilçisinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramını insanlarla bir arada qeyd etməsi, naxçıvanlılara xitabən “Arxayın olun, hər şey yaxşı olacaq” deməsi ölkə başçısının tapşırıq və tövsiyələrinin düzgün yerinə yetiriləcəyinə böyük əminlik, inam hissləri yaradıb. Aparılan islahatlar çərçivəsində Fuad Nəcəflinin Real Televiziyasına verdiyi müsahibədə söylədiyi “Naxçıvanda kiminsə kefinə görə tətbiq edilən qadağalar ləğv olunacaq” prinsipiallığı da artıq əməli təsdiqini tapmaqdadır. Nümunə üçün ictimai nəzarətin gücləndirilməsini, sərnişin nəqliyyatında gediş haqqının yenidən tənzimlənməsini, ticarət mərkəzlərində alınmış mallara görə ƏDV-lərin alıcılara geri qaytarılmasını, inhisarçılıq hallarının yavaş-yavaş aradan qaldırılmasını qeyd etmək olar...
    Bax beləcə, sadaladığımız və sadalaya bilmədiyimiz nailiyyətlərlə, uğurlarla dolu, xarıbülbül rayihəli, Zəfər rəmzli “Şuşa ili”ni arxada buraxıb, ölkəmizi bugünkü qüdrətə, xalqımızı müzəffərliyə qovuşduran əbədiyaşar Ümummilli Liderimizin 100 illik yubileyini möhtəşəm şəkildə qeyd edəcəyimiz “Heydər Əliyev İli”nə qədəm qoyduq. Dahi şəxsiyyətin adıyla bağlanan 2023-cü ilin ölkəmiz, xalqımız, hər birimiz üçün daha uğurlu, daha düşərli olması diləyi ilə...

Nail ƏSGƏROV

Nəşr edilib : 12.01.2023 19:22