AZ EN RU

Böyük müəllim Mirzə Məhəmməd Zamanbəyli…

Xeyriyyəçi və pedaqoq Mirzə Məhəmməd Zamanbəyli 1 avqust 1860-cı ildə (Azərbaycan Dövlət Arxivinin kameral siyahısına əsasən) Şahbuzkənddə məşhur sərkərdə, Rus-İran müharibələrinin iştirakçısı Zaman-Xan Kəngərlinin oğlu Hacı Fərzəli Sultan Kəngərlinin ailəsində anadan olub. Kəngərlilərin Bilici qolundan olan Naxçıvan hakimi Kərim xanın nəticəsidir. O, XVIII əsrin sonlarında Zaqafqaziyada yeganə peşəkar təhsil işçiləri yetişdirən Qori Müəllimlər Seminariyasının ilk məzunlarındandır. Mirzə Məhəmməd Zamanbəylinin nüfuzu və göstərdiyi fədakarlığın sahəsində Qori Müəllimlər Seminariyasında Azərbaycan dilində tədris bölməsi fəaliyyətə başlayıb. Seminariyanı bitirdikdən sonra o bir müddət İrəvan Müəllimlər Seminarıyasında müəllim kimi çalışıb (Памятная Книга Эриванской губернии 1914), sonra Naxçıvana qayıdıb və doğma Şahbuz rayonunda (Şahbuzkənd) öz vəsaiti hesabına orta məktəb tikdirib. Həmin illərdə Naxçıvanda “Xeyriyyə” cəmiyyəti təsis edib. Yüzlərlə kəndli və fəhlə övladlarının təhsil almasına yardımçı olan, aztəminatlı ailələrə maliyyə yardımı edən Mirzə Məhəmməd Zamanbəyli dövrünün görkəmli simalarından biri kimi tanınıb.

Mirzə Məhəmməd Zamanbəyli həm də 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması üçün mübarizə aparan ziyalılardan biri olub. Cümhuriyyətin Gəncədə fəaliyyəti dövründə M.M.Zamanbəyli Nəsib bəy Yusifbəylinin rəhbərlik etdiyi maliyyə və xalq maarifi sahəsində şuranın üzvü kimi fəaliyyətə başlayıb. O, elmi biliyi və pedaqoji təcrübəsini nəzərə alaraq təklif olunan vəzifələrdən imtina edib, yalnız təhsil sahəsində xidmət göstərib. Xalq Cümhuriyyətinin Gəncə və Bakıda fəaliyyəti zamanı təhsil sistemində, eləcə də ali təhsil sisteminin yaradılmasında Zamanbəylinin xidmətləri çox olub. Bundan əlavə, xeyriyyəçi pedaqoq Paris Sülh Konfransında iştirak edib. 1919-cu ildə fəaliyyətə başlayan Bakı Dövlət Universitetinin qurucularından biri olub. Amma təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti devrildikdən sonra M.M.Zamanbəyli İran dövlətindən sığınacaq istəsə də, onun müraciətləri cavabsız qalır. Görkəmli maarifçi 1923-cü ildə vəfat edib.

Mirzə Məhəmməd Zamanbəylinin nəticəsi, hazırda Bakı şəhərində yaşayan, ixtisasca mühəndis olan Anar Zamanbəyli bizimlə söhbətində babası haqqında maraqlı faktlara toxundu: “Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra özü və ailəsi çox əziyyətlər çəkiblər. Maraqlı faktlardan biri odur ki, Azərbaycan realist rəssamlığının banisi Bəhruz Kəngərli 1907-ci ildə öz dövrünün böyük mütəfəkkir ziyalısı kimi onun portretini hazırlayıb. Daha sonra o portret bizim ailəmiz tərəfindən təmənnasız olaraq Azərbaycan Milli İncəsənət Muzeyinə hədiyyə olunub. Doğulduğu Şahbuzkənddə öz vəsaiti hesabına ikimərtəbəli məktəb tikdirib. Həmin məktəb sökülüb və hazırda yerində başqa bir məktəb inşa edilib. Yüzlərlə aztəminatlı ailələrin övladlarının təhsil almasına şərait yaradıb. Cümhuriyyət dövründə bir çox vacib sənədləri dilimizə tərcümə edib. O, Azərbaycan Xalq Cümhuriyyətinə öz maddi dəstəyini də əsirgəməyib. Ancaq onun ölümü ilə bağlı bizdə dəqiq məlumat yoxdur, harada dəfn olunduğu da məlum deyil. Bircə onu bilirik ki, cümhuriyyətin devrilməsindən sonra babamın bütün mülkü əlindən alınıb. Hətta bununla bağlı komissiya təşkil olunub, sovet hökuməti tərəfindən məktəb, xeyriyyə cəmiyyəti ondan təhvil alınıb”.

Söhbətinə davam edən müsahibimiz bildirdi ki, M.M.Zamanbəylinin maarifçilik ənənələri onun övladlarına da keçib. Övladları Xurşud xanım və Qafar Zamanovlar həm də Ümummilli Lider Heydər Əliyevin müəllimləri olublar. Xurşud xanım Naxçıvan şəhər 2 saylı orta məktəbdə, Qafar müəllim isə Naxçıvan Pedaqoji Muəllimlər İnstitutunda (1939-il buraxılışı) Ümummilli Liderimizə dərs deyiblər. Hətta Ulu Öndərə təhlükəsizlik orqanlarında çalışmaq üçün ilk xasiyyətnaməni də məhz Qafar müəllim təqdim edib.

2017-ci ildə Naxçıvanda “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunmuş “Bəhruz bəy Kəngərli taleyi” kitabında Mirzə Məhəmməd Zamanbəylinin rəssam Bəhruz Kəngərlinin rus dili müəllimi olduğu bildirilir. Rəssam tərəfindən kömürlə işlənmiş qrafik lövhə isə kitabda belə qeyd edilib: “Rus dili müəllimi Mirzə Məhəmməd Zamanbəyovun portreti”.

Anar Zamanbəyli onu da qeyd etdi ki, onların ailə arxivində babası, Ulu Öndər Heydər Əliyevin müəllimi olmuş Qafar Zamanovdan qalmış yadigar bir foto da var idi. M.Ə.Rəsulzadə, Ə.Topşubaşov, M.M.Zamanbəyli və o dövrün bir çox tanınmış tarixi şəxsiyyətlərinin yer aldıqları həmin tarixi fotonu ötən il Naxçıvana gələrək Naxçıvan Dövlət Tarix Muzeyinə hədiyyə edib. Hazırda da həmin fotoşəkil muzeydə nümayiş etdirilir.

Bəli, Mirzə Məhəmməd Zamanbəyli dövrünün tanınmış maarifçisi və xeyriyyəçisi olmaqla bərabər, Azərbaycan xalqının milli azadlığı, istiqlalı uğrunda mətinliklə mübarizə aparan ziyalılarımızdan olub. Bu cür şəxsiyyətlərimizi tanımaq milli tariximizi öyrənmək baxımından çox əhəmiyyətlidir.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 15.12.2023 11:24