AZ EN RU

Böyük maraqla qarşılanan futzal turnirində mükafatçılar bəlli olub - FOTOLAR

Muxtar respublikada fəaliyyət göstərən nazirliklər arasında keçirilən "Heydər Əliyev kuboku" uğrunda futzal turnirində üçüncülük və final matçları keçirilib. İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan oyunları ümumilikdə 500-ə yaxın idmansevər, o cümlədən rəsmilər, ictimaiyyət nümayəndələri birbaşa tribunadan izləyib.

Nəticələrə gəlincə, finalda Fövqəladə Hallar Nazirliyi (FHN) ilə Maliyyə Nazirliyini təmsil edən komandalar bir-birinə rəqib olub. Güclü tamaşaçı dəstəyi, gərgin mübarizə fonunda ümumilikdə 5 qol qeydə alınıb. Yekunda 4:1 hesablı qələbəyə nail olan FHN turnirin qalibi olub. Gənclər və İdman Nazirliyi (GİN) ilə Rabitə və Yeni Texnalogiyalar Nazirliyi arasında keçirilən üçüncülük matçı isə bol qollu keçib. Tərəflərin maraqlı mübarizəsi ilə yadda qalan oyun GİN təmsilçilərinin 9:3 hesablı qalibiyyəti ilə yekunlaşıb. 

Final matçının ardınca mükafatlandırma mərasimi keçirilib. Komandalar diplom, kubok və medallarla təltif olunublar. FHN komandasına baş mükafat – “Heydər Əliyev Kuboku” təqdim edilib. Mükafatları gənclər və idman naziri Ramil Hacı, fövqəladə hallar naziri Şahin Mirzəyev və maliyyə nazirinin müavini Həsən İsmayılov təqdim ediblər.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Futbol Federasiyası tərəfindən birgə təşkil olunan turnir 9 komandanın iştirakı ilə mayın 27-də ilə start götürüb. Komandalar iki qrupda mübarizə aparıb, ən yaxşı göstəriciyə malik olan heyətlər pley-ofda mübarizəni davam etdiriblər. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 26.06.2023 15:21