AZ EN RU

Böyük düha, nəsillərə örnək ölməz şəxsiyyət

     Tarixin ən qüdrətli Azərbaycanı, regionun lideri, dünyada söz sahibi… Bəli, gənc olmasına baxmayaraq, respublikamızın əldə etdiyi bu böyük və genişmiqyaslı uğurlar vətənimizin dünyaya ən gözəl təqdimatıdır. Bu gün beynəlxalq miqyasda dövlətimizlə hesablaşır, mövqeyini bölüşür, gücünü və qüdrətini etiraf edirlər. İki il əvvəl isə Azərbaycanı dünyaya tanıdan uğurların sırasına möhtəşəm hərbi zəfərimiz də əlavə olundu. 

    Əlbəttə ki, nailiyyətlərlə, qələbələrlə dolu günlərə xalqımız birdən-birə gəlib çatmayıb. Bugünkü uğurlarımızın zirvəsindən tarixə nəzər salanda xalqımızı bu uğurlara gətirən yolun nə qədər düzgün olduğunu, nə qədər müdrik, düşünülmüş və uzaqgörən strategiyaya söykəndiyini görürük. Və bu yolun, bu strategiyanın müəllifi olan əbədiyaşar şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyevi hər zaman böyük minnətdarlıqla anırıq. 
    Ulu öndərin Azərbaycan xalqı və dövlətimiz qarşısında xidmətləri əvəzedilməz, ölçüyəgəlməzdir. İllər ötdükcə, Azərbaycan inkişaf edərək yüksəldikcə, uğurlarımızın miqyası genişləndikcə, görkəmli siyasət xadiminin ölkəmiz qarşısındakı tarixi missiyasının böyüklüyünü daha yaxından görürük. Azərbaycana birinci rəhbərliyi dövründə ölkəmizi inkişaf səviyyəsinə görə keçmiş ittifaqın öncülləri cərgəsinə çıxaran dahi rəhbər Heydər Əliyevin o illərdə iqtisadi sferada həyata keçirdiyi tədbirlər bu gün də xalqımıza xidmət edir. Görkəmli dövlət xadimi o dövrdə cəsarətli addımları ilə Azərbaycanı sovet ideologiyasının manqurtlaşma siyasətindən qorumuş, ermənilərin ölkəmizə qarşı ərazi iddialarının baş qaldırmasına imkan verməmişdi. 
    Bütün bunların nəticəsi idi ki, hər bir vətəndaş dahi şəxsiyyət Heydər Əliyevə məhəbbət və ehtiramla yanaşırdı. Həm də ulu öndərə böyük inam və etimad vardı. Təsadüfi deyil ki, sovet rəhbərliyinin yürütdüyü siyasətə etiraz edərək vəzifəsindən istefa verən ulu öndər Naxçıvana qayıtdıqdan sonra da lider kimi öz missiyasını layiqincə davam etdirmişdir. Çünki naxçıvanlılar bu diyarın başının üstünü təhlükələr aldığı ağır dönəmdə dahi şəxsiyyət Heydər Əliyevin timsalında özlərinin ən böyük dayaqlarını, himayədarlarını görürdülər.
    Ulu öndər 1990-cı ildə Naxçıvana qayıtdıqdan sonra qədim yurdumuzu erməni işğalından qorudu, ona yeni həyat verdi. Bu böyük dühanın təşəbbüsləri və liderliyi ilə Naxçıvanda qəbul edilən qərarlar, üçrəngli bayrağımızın ilk dəfə rəsmi şəkildə ucaldılması, Naxçıvanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması respublikamızda gedən milli azadlıq mücadiləsini daha da sürətləndirdi, müstəqillik uğrunda mübarizənin effektiv nəticələr verməsini şərtləndirdi. 
    Hələ sovet dövründə Azərbaycanı inkişaf yoluna çıxaran, daha sonra Naxçıvanı qoruyan, xalqımızın milli azadlıq mücadiləsinə böyük töhfələr verən ulu öndər Heydər Əliyev müstəqilliyimizin ilk illərində də öz liderlik missiyasını qətiyyətlə, layiqincə həyata keçirdi. Həmin çətin və mürəkkəb şəraitdə vəziyyəti düzgün dəyərləndirərək xalqımızın səsinə səs verən görkəmli siyasi xadimin Naxçıvandan Bakıya gəlməsi Azərbaycanı bütün real təhlükələrdən xilas etdi. Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, illər keçdikcə və dünya dəyişdikcə, hər birimiz çox gözəl bilirik ki, əgər o vaxt Azərbaycan xalqı görkəmli siyasətçi Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etməsəydi, ölkə­miz daha böyük fəlakətlə üzləşə bilərdi. Dahi rəhbərin gəlişi ilə bütün anti-Azərbaycan dairələrin planları iflasa uğradı, dövlətçiliyimiz və müstəqilliyimiz xilas oldu. Beləliklə, bugünkü uğurları ilə fəxr etdiyimiz müstəqil dövlətimiz məhz ümummilli liderin böyüklüyü və siyasi müdrikliyi ilə bütün təhlükələri dəf edərək yüksəliş yoluna qədəm qoyub, beynəlxalq birlikdə mövqelərini möhkəmləndirib. 
    Tariximizin bütün bu mərhələlərini təhlil etdikcə, fikir süzgəcindən keçirdikcə, bir daha ulu öndər dühasının böyüklüyünü görür, əzəmətinin şahidi oluruq.   Əbədiyaşar şəxsiyyət çalışdığı bütün vəzifələrdə yalnız və yalnız Azərbaycanın tərəqqisinə, xalqımızın rifahına xidmət edib, ölkəmizin yüksəlişi üçün mümkün olan nə varsa, həyata keçirib. 
    Müstəqilliyimizin əbədi olmasını təmin edən, Azərbaycanı inkişaf yoluna çıxaran, beynəlxalq miqyasda dövlətimizin mövqelərini möhkəmləndirən ümummilli liderin ən böyük arzusu isə torpaqlarımızın işğaldan azad olunması idi. Ulu öndər əmin idi ki, torpaqlarımız işğaldan azad ediləcək. Hələ 2003-cü ildə xalqa müraciətində bildirirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
    Ötən 19 ildə Azərbaycanın keçdiyi inkişaf yolu göstərir ki, ulu öndər Heydər Əliyev ideyaları yaşayır, onun tərəfindən müəyyən edilmiş inkişaf siyasəti davam etdirilir. Bu siyasətin nəticəsi kimi Azərbaycanın ən qüdrətli dövlətə çevrilməsi Prezident cənab  İlham Əliyevin ölkəmizə müdrik rəhbərliyinin təcəssümüdür. 
    Bu dövrün ən böyük hadisəsi isə, əlbəttə ki, torpaqlarımızın işğaldan azad edilməsidir. Dahi Heydər Əliyev siyasətinin layiqincə davam etdirilməsinin və Prezident cənab İlham Əliyevin müdrikliyinin və qətiyyətinin nəticəsi olaraq Azərbaycan ərazi bütövlüyünü təmin etdi.  İndi Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda,  Qubadlıda, Xocavənddə Azərbaycan bayrağı dalğalanır və əbədi dalğalanacaq. 
    Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, son 19 ilin hadisələri onu göstərir ki, ulu öndərin bütün tapşırıqları və tövsiyələri yerinə yetirildi: “Azərbaycan xalqı 2003-cü ildə bir daha müdriklik göstərərək, məhz ulu öndərin şəxsiyyətinə olan hörməti ifadə edərək Heydər Əliyev siyasətinə səs verdi. Mən 2003-cü ildə xalqa söz vermişdim ki, bu yoldan dönməyəcəyəm. Son 19 ilin hadisələri onu göstərir ki, belə də oldu, ulu öndərin bütün tapşırıqları, bütün tövsiyələri yerinə yetirildi. O öz siyasi vəsiyyətində demişdir ki, bir çox işlər görüldü, ancaq görə bilmədiyimiz işləri mənim davamçılarım görəcək, belə də oldu. Biz onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir”. 
    Ümummilli lider Heydər Əliyevin siyasi dühasının hər bir səhifəsi, fəaliyyətinin hər bir mərhələsi hər birimiz üçün böyük örnəkdir. Ulu öndərin mənalı ömür yolu bizlərə Vətəni sevməyin əbədi nümunəsi olacaq.

Cəbi QULİYEV
Milli Məclisin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər 
Fondunun icraçı direktoru

Nəşr edilib : 12.12.2022 19:49