AZ EN RU

Böyük dramaturqun anadan olmasının ildönümü qeyd edilib

    Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev-muzeyində görkəmli yazıçı, ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 153-cü ildönümü münasibətilə tədbir keçirilib.
    Tədbiri giriş sözü ilə muzeyin direktoru Aytən Ələkbərova açaraq bildirib ki, Azərbaycan xalqının çoxəsrlik mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr vermiş söz ustadı, böyük yazıçı, publisist, mütəfəkkir və ictimai xadim Cəlil Məmmədquluzadə 1869-cu ildə Şərqin qədim mərkəzlərindən olan Naxçıvan şəhərində anadan olmuşdur. Görkəmli ədib, eyni zamanda, məşhur “Molla Nəsrəddin” jurnalının redaktoru, tənqidi-realist üslubun banisi və mollanəsrəddin hərəkatının başçısı kimi ədəbiyyat tarixində böyük iz qoymuşdur. Azərbaycan ədəbiyyatında tənqidi-realist nəsrin və ilk satirik mətbu orqanı olan “Molla Nəsrəddin”in əsasının qoyulması milli dramaturgiyamızda tragikomediyanın, ilk alleqorik mənzum dramın yaradılması məhz Cəlil Məmmədquluzadənin adı ilə bağlıdır.
     AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Milli mücadilə və istiqlal ədəbiyyatının avanqardı”, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklor şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova “Cəlil Məmmədquluzadə yaradıcılığı və “Molla Nəsrəddin”də folklor”, Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, pedaqogika üzrə elmlər doktoru Kamal Camalov “Cəlil Məmmədquluzadə yaradıcılığında təlim-tərbiyə problemləri” mövzularında çıxış ediblər.  
    Tədbirin sonunda “Cəlil Məmmədquluzadə-153”    başlıqlı sərgiyə baxış olub.

***

    Fevralın 22-də ümumtəhsil məktəbləri ilə Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev-muzeyi arasında görkəmli dramaturqun anadan olmasının 153-cü ildönümü münasibətilə interaktiv dərs keçilib. İnteraktiv dərsi muzeyin bələdçisi apararaq dramaturqun həyatı və yaradıcılığı haqqında şagirdlərə geniş məlumat verib.
    İnteraktiv dərs muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbinin şagirdləri tərəfindən izlənilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 22.02.2022 20:00