AZ EN RU

Böyük Britaniya nümayəndə heyəti Azərbaycanın mina probleminin törətdiyi fəsadlar barədə məlumatlandırılıb

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi İdarə Heyəti sədrinin müavini Samir Poladov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfirinin müavini Eduard İvansın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

ANAMA-nın mətbuat xidmətindən verilən məlumata görə, Samir Poladov ölkəmizin üzləşdiyi mina problemi və minaların törətdiyi fəsadlar, bu problemin aradan qaldırılması istiqamətində icra edilən fəaliyyətlər, əldə olunan nəticələr, eləcə də mina təhlükəsilə mübarizə sahəsində beynəlxalq əməkdaşlıq barədə qarşı tərəfə məlumat verib.

Samir Poladov Böyük Britaniyanın ölkəmizdə icra edilən humanitar minatəmizləmə fəaliyyətini ilk gündən dəstəklədiyini və bu sahədə kifayət qədər uğurlu layihələrin olduğunu qeyd edib.

Görüşdə Eduard İvans Azərbaycanın qarşılaşdığı mina probleminin miqyasının böyük olduğunu bildirib və bu istiqamətdə işləri təqdirəlayiq qiymətləndirib.

Görüşdə Böyük Britaniyanın ölkəmizdə həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə göstərdiyi dəstəyin genişləndirilməsi, bu sahədə mövcud əməkdaşlıq imkanlarının artırılması, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 13.06.2024 11:24