AZ EN RU

Borcluyuq bu gün üçün şəhidliyə ucalmış qəhrəmanlara, yaşayan qəhrəmanlara!

    İki həftə öncə Azərbaycan Tələbə-Gənclər Təşkilatı İttifaqının sosial şəbəkə hesabında bir layihə haqqında paylaşılan məlumat diqqətimi çəkdi: “Şuşa tələbələrin gözü ilə”... Dərhal bu layihə haqqında məlumat əldə etdim. Layihənin əsas məqsədi Azərbaycanda Diplomatiya, Hüquqşünaslıq, Jurnalistika və Memarlıq ixtisasları üzrə təhsil alan, müəyyən kriteriyalar əsasında seçiləcək istedadlı gənclərin ölkəmizdə gedən proseslərə müsbət təsirinin artırılması, tələbələrin Şuşanın tarixi və mədəni irsi ilə bağlı maarifləndirilməsi, Şuşaya qayıdış prosesində həvəsləndirilməsi idi. Bir neçə gün davam edən həyəcanlı gözləyişdən sonra müsahibə mərhələsindən keçdik və artıq Şuşaya səfərimiz təsdiqləndi.

    5 sentyabr, saat 430-dur. Artıq gənclər yola düşəcəyimiz məntəqədə toplaşmağa başlayıb. Hər kəs səbirsizliklə yola çıxmağı gözləyir. Hamımız 8 saatlıq yol üçün hazırıq. Bakı şəhərinin üzərindən Günəşin ilk şüaları görünür. Şəhərdən çıxar-çıxmaz yol kənarlarında “Şuşa” yazısını görə bilirik. Mədəniyyət beşiyinə uzanan bu yolun xeyli maraqlı olmasını bu yolu qət edənlərdən öyrənmişəm. Şuşaya uzanan yollar bizi Azərbaycanın görmədiyimiz səfalı, gözəl guşələri ilə də tanış edir. Yol kənarında uzaqdan görünən mavi Xəzər, səhər saatlarında Salyan şəhərinin üstünü örtən çən, uzanan üzüm bağları və pambıq tarlaları, Beyləqan və İmişli rayonlarında arabir görünən Kür çayı hər birimizi valeh edir. Heç görmədiyimiz bu yollarla irəlilədikcə qarşımıza çıxan hər yol lövhəsində bir rayonumuzun adını oxuya bilmək qürurvericidir. Gənclər söhbətləşir, Şuşada bizi nələrin gözlədiyini müzakirə edirlər. 
    Füzuli rayonunun işğal edilməmiş ərazisinə daxil oluruq. Uzaqdan Qayıdış qəsəbəsi görünür. Doğrudan da burada Vətənə qayıdışın izləri xeylidir. Qəsəbədə məcburi köçkünlərin yaşadıqları evlər, içərisindən keçdiyimiz Bala Bəhmənli kəndinin mərkəzindəki müxtəlif ticarət obyektləri, tikilməkdə olan yeni infrastruktur burada həyatın yenidən canlandığını sübut edir. Lakin yola davam etdikcə, tədricən, mərkəzdəki canlı həyat geridə qalır, seyrək kəndlərlə davam etdiyimiz yolun sonunda Füzuli rayonunun işğaldan azad edilmiş hissəsinə çatırıq. Buradakı yoxlanış məntəqəsində qürurla xidmət edən polislərimiz həm bizim, həm də bölgənin təhlükəsizliyini təmin edə bilmək üçün öz vəzifələrini yüksək səviyyədə yerinə yetirirlər. Təlimçilərimiz bizə keçdiyimiz kəndlərin tarixi barədə məlumat verirlər. Elə bu anda ermənilərin “keçilməz” hesab etdiyi Ohanyan səddi görünür. Öyrənirik ki, bu sədd erməni nazirinin adı ilə bağlıdır 30 il ərzində möhkəmləndirdiyi 10 mərhələli müdafiə xətti olduğu üçün ermənilər düşünüblər ki, Azərbaycan Ordusu bu səddi keçə bilməyəcək. Tikanlı məftillər və dirəklərlə qurulan sədd tank əleyhinə minalarla əhatə olunmuşdu. Burada gördüklərimiz, öyrəndiklərimiz bizi sarsıtmış olsa da, igid döyüşçülərimizin bu “keçilməz” səddi yararaq torpaqlarımızı düşmən tapdağından azad etdiyini artıq hamımız bilirik. 
    Yol boyunca erməni işğalı zamanı kəndlərimizin vəhşicəsinə dağıdılaraq acınacaqlı görkəminə məruz qoyulduğunu ürək ağrısı ilə izləyirik. Gördüyümüz dağıdılmış tikililər bir vaxtlar kiminsə ata-baba ocağı olsa da, bu gün buranı kənd adlandırmaq mümkün deyil. O qədər uzun zaman keçib ki, evlərin qalıqlarına baxanda nə yolu bilinir, nə cığırı. 1993-cü ildə Ermənistan silahlı qüvvələri bu kəndləri işğal edəndə ermənilər bu evləri söküb Ermənistana daşıyıblar. Sökülən evlərin içində yabanı otlar bitib. Təsəllmiz odur ki, yeni nəfəs verilmiş bütün bölgələrimiz kimi, bura da yaxın vaxtlarda qaynar həyat mərkəzinə çevriləcək. 
    İrəlilədikcə yenidənqurma işlərinin yüksək səviyyədə aparıldığı, müxtəlif infrastruktur işləri görülən, eyni zamanda açılışında Prezident cənab İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi Füzuli Beynəlxalq Hava Limanının yerləşdiyi Füzuli şəhərinə daxil oluruq. Şəhərdə məskunlaşacaq insanların rahat və müasir həyat şəraitini təmin edən yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi yaşayış evləri tikilib, təhsil, səhiyyə, mədəniyyət, istehsal müəssisələri yaradılır.
    Şuşa şəhərinə yaxınlaşdıqca, kəndləri ötdükcə yolların necə çətin keçilən olduğunu, məntəqələrin nə qədər yüksəklikdə yerləşdiyini daha yaxşı anlayırsan. Artıq Xocavənd rayonunun Tuğ kəndi ərazisinə yaxınlaşırıq. Buraya çatmazdan öncə Azıx mağarasına gedən yolu görürsən. Tuğ kəndi valehedici gözəlliyə malikdir. Şuşa şəhərinə gedən Zəfər yolu üzərində yerləşən bu kənd zəngin təbiətə və ekoloji resurslara sahibdir. Burada da vəziyyət fərqli deyil. Dağ yamacında yerləşən evlər dağıdılıb, amma zəngin təbiət dağıdılmış, xəsarət almış bu evləri öz ağuşunda gizlədir. 
    Budur, Şuşa şəhərinə qalxan Zəfər yolu sanki bizi salamlayır. Artıq hər birimiz səbirsizliklə yolun bitməyini, doğma torpağa ayaq basmağı gözləyirik. Avtobus sürətini azaldır, sanki yuxarı çıxa bilmir. Bu anda, ilk növbədə, bu torpaqları azad etmək üçün bu yolları öz gücləri ilə qalxan, əziyyətlərə qatlaşan, Vətən eşqi ilə döyüşüb canını tapşıran şəhidləri düşünürsən. Axı onların yolu asan olmayıb. Onları bu zirvəyə qaldıran isə torpağa sonsuz məhəbbət və sönməyən intiqam alovu idi. 
    Zəfər yolunun iki tərəfində bir yurd yeri var. Burada dərin sükut hökm sürür. Yalnız əbədiyyətə qovuşan ruhların pıçıltısı duyulur. Bura Daşaltı kəndidir. 1992-ci il yanvarın 25-dən 26-na keçən gecə tariximizə uğursuz əməliyyat kimi düşmüş “Daşaltı əməliyyatı” burada baş vermişdi. Yoldan açıq-aydın görünən Daşaltı kəndini izləyərkən “Bayatı-şiraz” səslənir. Belə təsirli dəqiqələrdə burada neçəsinin taleyi hələ də məlum olmayan, şəhadətə yüksəlmiş 90-a yaxın döyüşçümüzün əziz xatirəsi bizi də Daşaltı kimi sükuta qərq edir...
    Daşaltını geridə qoyaraq davam etdiyimiz yolda, böyük hərflərlə dağın üstündə yazılmış ŞUŞA sözü  uzaqdan diqqətimizi cəlb edir. Ötüb keçdiyimiz səliqəli, amma bir o qədər də çətin yollar bizi Azərbaycanın incisinə – Şuşa şəhərinə gətirib çatdırır. Təlimçimiz elan edir: “Biz artıq Şuşa şəhərindəyik!” Köhnə binaların, bərpa olunan abidələrin, tikinti-quruculuq işlərinin aparıldığı küçələrdən keçərək Şuşanın mərkəzinə çatırıq. Doğma torpağa ilk qədəmlərimizi qoyuruq. Düşünürəm: deyirlər ki, bu dünyada ən böyük qüvvə sözdür. Bu necə sevgidir, bu necə məhəbbətdir ki, onu sözlə ifadə etmək olmur? Hansı söz, hansı ifadə bu duyğuları izah edə bilər? Bilmirəm. Ciyərlərimizi sarıb-sarmalayan ipək kimi havası, sonsuz mavi səması, yaşıla qərq olmuş təbiəti ilə Şuşa sanki cənnətdən bir mənzərədir. İlk tanış olduğumuz məkan Şuşa Şəhər İcra Hakimiyyəti binasının yerləşdiyi küçədən bir az aşağıda kiçik, amma gözəlliyi, quruluşu ilə gözoxşayan parkdır. Parkın yanında restoran, market şəbəkələri tikilib. Bura keçmişlə bu günün vəhdətini xatırladır. Daha sonra İcra Hakimiyyətinin binasına doğru hərəkət edirik. Bu kiçik şəhərin cəmi 12 məhəlləsi var, yəni istənilən yerə çox tez bir zamanda çata bilirsən. İcra Hakimiyyətinin binası önündəyik. Bura bir zamanlar televiziyadan izlədiyimiz, hərbçilərimizin “Şuşa işğaldan azad edildi!” şüarını səsləndirdiyi məkandır. Binanın qarşısında Azərbaycanın görkəmli incəsənət xadimlərindən Üzeyir Hacıbəyov, Xurşidbanu Natəvan və Bülbülün güllələnmiş heykəlləri qoyulub. Bu, Şuşanın tarixinin ədəbiləşdirilməsi, erməni quldurlarının Azərbaycan xalqına, torpağına və mədəniyyətinə olan nifrətinin bariz sübutudur. Bu heykəllər sanki öz aralarında söhbətləşir, Şuşanın keçmişini və bu gününü müqayisə edirlər. Erməni işğalı dövründə buradakı fəlakətlərə şahid olan heykəllər indi dirçəlməkdə olan xoşbəxt Şuşanı qürurla izləyirlər. 
    İcra Hakimiyyəti binasının aşağısında, Çöl qala məhəlləsində Xan qızı Natəvanın sarayının yanında Xan qızı bulağı yerləşir. Buz kimi sərin suyu can dərmanı olan bu bulaq öz gözəlliyi ilə hər kəsi heyran edir. Bulağın aşağısında isə bütün əzəməti ilə Şuşa qalası bizi salamlayır. Qalanın üç qapısı – Gəncə, İrəvan və Ağoğlan qapıları öz möhtəşəmliyi ilə göz oxşayır. Qalanın divarlarına toxunduqca sanki Şuşanın ən gözəl illərini yaşayırsan. Burada şəkillər çəkdirdikdən və qalanın tarixi ilə tanış olduqdan sonra növbəti məntəqəyə doğru yola düşürük. Bu isə igidlər oylağı olan şəhərin ən böyük düzənliyi mahnılara, şeirlərə, igidlərin at yarışlarına ilham olan Cıdır düzüdür. Daşaltı dərəsinin yuxarısında yerləşən Cıdır düzünə qalxan yolla irəliləyirik. Bu yol boyunca Seyidli məscidi, minadan təmizlənmiş ev və bağlar, Vaqifin məqbərəsi, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda şəhid olanların dəfn edildiyi Şəhidlər xiyabanını yaxından görə bilirsən. Yol kənarındakı bağlardan meyvə dərərək Şuşanın hər qarışını gəzmək, bələd olmaq istəyirsən. Bu yolda isə bizi Vaqifin məqbərəsi qarşılayır. Səliqəli, hamar yol bir az aşağıda Vaqifin məqbərəsinə doğru uzanır. Məqbərənin kənarındakı gül bağçası buraya xüsusi gözəllik bəxş edir. Tikilinin kənarında məqbərənin tarixi, Ümummilli Liderin o zamanlar abidənin bərpası istiqamətində gördüyü işlərlə yanaşı, II Qarabağ müharibəsindən sonra da görülən işlər lövhədə əks olunub. Məqbərəyə girib Vaqifin məzarını da ziyarət edib təlimçilərimizdən buranın tarixi haqqında məlumat alırıq. 
    Dik yolun sonuna – Cıdır düzünə gəlib çıxırıq. Cıdır düzünün girişi təhlükəsizlik məqsədilə hasarlanıb. Şuşanın bu məşhur ünvanı – Cıdır düzü ata-babalarımızın at çapdığı, uzaqlara açılan heyrətamiz mənzərəsi ilə bizi qarşılayır. Buradan baxarkən aşağıda Şuşa, uzaqda isə Xankəndi şəhəri görünür. Bu anda dillər əzbəri məşhur “Qarabağ” mahnısı yada düşür: 

    Bu çəmənlərdə gəzib Vaqifin şux gözəli.
    Ruhunu burdan alıb Natəvanın qəzəli.

    Bu çəmənlər yenidən Vaqif ruhlu şairlərin, Xan qızının təsvir etdiyi gözəllərin və sözsüz ki, qanı bahasına bu yurdu azad edən igid oğulların ana torpağıdır. Elə buradaca ağsaçlı bir qadın bizə yaxınlaşaraq öz doğmaları kimi bağrına basır, “xoş gəlmisiniz!” – deyir. Öyrənirik ki, Fəzilə adlı bu qadın Şuşanı ən son tərk edən və bu qədim yurd yerinə ilk qayıdan şuşalıdır. Onun Vətən, doğma yurd təəssübü sifətinin cizgilərində də özünü göstərir. Bir anlığa düşünürəm ki, 30 il düşmən tapdağında olan torpaqlarımızın azad edilməsində məhz belə anaların övladları şəhidlik zirvəsinə ucala, sağlamlığını itirərək qazi ola bilərdilər.
    Gözlərim sonsuzluğa uzanan yaşıl meşələrə, sonu görünməyən Zəfər yoluna dikilib. Şuşa məhəbbəti hər bir azərbaycanlının qəlbində əvəzolunmaz yerə sahibdir, amma burada olanda bu sevgini daha dərindən hiss edirsən. Sanki Şuşanın daşı-torpağı dilə gəlib mahnı oxuyur, təbiət səni bağrına basır. Ötən əsrdə Azərbaycanın bağrından qoparılan bu el, buradakı hər bina, abidə səni gülərək salamlayır.
     Axşam saatlarıdır. Artıq Şuşadan ayrılmaq vaxtı çatıb. Yenidən Zəfər yolu ilə geriyə dönərkən bir daha geriyə boylanıb Şuşaya baxıram. Mənə elə gəlir ki, sanki burada gecələr olmur, Günəş daim bu torpaqların üzərinə öz istisini, hərarətini yayır. Bizə bu səadəti, əminliyi verən, bu torpaqlarda heç nədən qorxmayaraq addımlamağımıza şərait yaradan, Vətəni öz canlarından artıq sevən igidlərin əziz ruhu qarşısında baş əyir, Azərbaycan gəncliyi olaraq söz veririk ki, biz bu torpaqların üzərində əbədiyyət atəşi ilə alovlanan Günəşin sönməyinə əsla yol verməyəcəyik! 

Aysel YUSİFZADƏ
Naxçıvan-Bakı-Şuşa-Bakı-Naxçıvan 

Nəşr edilib : 11.09.2023 20:39