AZ EN RU

“BOOKFEST”in fəalları mükafatlandırılıb

Naxçıvan şəhərində təşkil olunan dördgünlük “BOOKFEST” Kitab sərgisində fəaliyyətləri ilə fərqlənən təşkilatçıların, media tərəfdaşlarının,  könüllülərin, etüd-rəsm sərgisində iştirak edən tələbə və şagirdlərin mükafatlandırma mərasimi keçirilib. 

Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən tədbiri giriş sözü ilə İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova açaraq “BOOKFEST” Naxçıvan Kitab sərgisinin əhəmiyyətindən danışıb.

Bildirib ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və “TEAS Press” Nəşriyyat Evinin təşkilatçılığı ilə 8-11 may tarixlərdə Naxçıvan şəhərində keçirilən Kitab Festivalı hər kəs tərəfindən rəğbətlə qarşılanmışdır. Festival çərçivəsində müəlliflərlə oxucular arasında maraqlı görüşlər keçirilmiş, panel müzakirələri olmuş, kitabların endirimli qiymətlərlə satışı təşkil edilmişdir. Eyni zamanda festivalda yaradıcı insanların əl işlərindən ibarət nümunələr də təqdim edilmişdir. Keçirilən tədbir muxtar respublika ziyalıları və oxucular tərəfindən maraqla qarşılanmış, festival bayram əhvali-ruhiyyəsində keçirilmişdir.

Sonra sərginin keçirilməsində fərqlənən təşkilatçıların, media tərəfdaşlarının və  könüllülərin mükafatladırılma mərasimi olub.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 14.05.2024 19:16