AZ EN RU

“BOOKFEST” kitab festivalına start verilib

Bu gün Naxçıvan şəhərindəki  “Saat Meydanı”nda keçirilən “BOOKFEST” kitab festivalına start verilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və “Teas Press” Nəşriyyat Evinin təşkilatçılığı ilə baş tutan və dörd gün ərizndə  davam edəcək tədbirdə bir birindən maraqlı layihələr təqdim olunacaq. Tədbir çərçivəsində muxtar respublikamıza gələn qonaqlar öz təəsürratlarını “Şərq qapısı” qəzeti ilə  bölüşdülər.

Müəllif Rauf Raqifoğlu: – “Teas Press” Nəşriyyat Evinin təklifi ilə gəlmişik. Bu gün burada belə bir tədbirin baş tutması çox sevindirici haldır. İnanırıq ki, bu dörd gün ərzində bütün kitabsevər oxucularımız buyurub gələcək. Yeni çapdan çıxmış “Ustad kitab”da aktual məsələlər var. Oxucularımız kitabda axtardıqları bir çox sualın cavabına rast gələcək. Həmçinin bu tədbirdə biz panellərdə şeir səsləndirməyi düşünürük. Çünki oxucular şeirləri müəllifindən dinləməyi daha çox sevirlər. Muxtar respublikada kitabsevərlərlə görüşmək bizim üçün çox sevindiricidir.

Müəllif Mürşüd İsmayılzadə: – İlk öncə onu deyim ki, bu mənim muxtar respublikaya olan ilk səfərimdir. Və doğrudan da, belə tədbirdə iştirak etdiyim üçün  çox sevinirəm. Ümumiyyətlə, son zamanlar  ölkəmizdə kitab təbliğatı ilə bağlı  çoxlu tədbirlər həyata keçirilir. Bu da həmin tədbirlərdən biridir. Və düşünürəm ki, “Bookfest”in Naxçıvanda keçirilməsi oxuculara ərməğandır. Ümid edirəm ki, gələcəyimiz olan gənclərin daha çox kitab mütailə etməsi üçün Naxçıvanda belə tədbirlərdə tez-tez görüşərik. Və kitablarla yanaşı, oxucularımıza maraqlı intellektual oyunlar da təşkil olunub, eyni zamanda  maraqlı əl işləri, satış sərgisi həyata keçirilir. Bu da tədbirimizə xüsusi gözəllik və rəng qatır.  Oxucularımızı səbirsizliklə gözləyirəm və onların suallarını cavablandırmağa hazıram.

Müəllif Elçin Əzimli: – Naxçıvan şəhərində təşkil olunmuş “Bookfest” kitab festivalından gözləntilərim çoxdur. Çox sevinirəm ki, ölkəmizin hər yerində, sadəcə, Naxçıvanda deyil, Bakıda, Sumqayıtda, Gəncədə də bu cür festivallar, kitab bayramları keçirilir. Kitab festivallarına olan qatılım, insanların axını bizi məmnun edir. Yazıcı kimi çox xoşdur ki, insanımız mütaliəyə artıq əvvəlkindən daha çox qiymət verir. Sevinirik həm də ona görə ki, ölkəmizdə “Teas Press” kimi nəşriyyatların sayı çoxalır. Mən millətin, cəmiyyətin gələcəyini oxumaqda görürəm. Nə qədər çox oxusaq, o qədər həm fərd olaraq özümüzə investisiya yatırım eləmiş oluruq, həm də ölkəmizin gələcəyinə. Bu cəhətdən çox sevincliyəm.

 Aidə İBRAHİMOVA

Bülbül QULİYEVA

Nəşr edilib : 08.05.2024 12:23