AZ EN RU

Bolqarıstan Prezidenti: Azərbaycanla yaşıl enerji sahəsində əməkdaşlıq üçün yaxşı imkanlar var

Azərbaycan və Bolqarıstan sadəcə strateji tərəfdaş ölkələr deyil, həm də çox yaxın ölkələrdir. Ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq müntəzəm xarakter daşıyır. Onun sözlərinə görə, Azərbaycan və Bolqarıstan beynəlxalq müstəvidə baş verən bir çox proseslərdə də eyni baxışlara malikdir, hər iki ölkənin regionların sabitliyinə və təhlükəsizliyinə dair mövqeləri eynidir.

Bu sözləri Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə görüşü zamanı deyib.

Bolqarıstan Prezidenti ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edərək, Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ildə və bu il Bolqarıstana, özünün isə 2023-cü ilin martında Azərbaycana səfərlərini xoş təəssüratlarla xatırlayıb.

Prezident Rumen Radev digər sahələrdə olduğu kimi, parlamentlər arasında əməkdaşlığın vacibliyini qeyd edərək, bu istiqamətdə də təmasların sıxlaşdırılmasının ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verəcəyini bildirib. O, həmçinin regionda sülhün və təhlükəsizliyin təmin olunmasını istədiklərini, sülh danışıqlarını dəstəklədiklərini diqqətə çatdırıb.

Rumen Radev ölkələrimiz arasında enerji sahəsində də uğurlu nəticələrin müşahidə edildiyini qeyd edərək bildirib ki, Azərbaycan qazı artıq Bolqarıstana gəlib çatıb. Strateji tərəfdaşlıq münasibətlərimiz yalnız enerji sahəsini əhatə etmir. Ölkələrimiz arasında digər sahələrdə də uğurlu əlaqələr mövcuddur. Azərbaycan və Bolqarıstan Avropa İttifaqının enerji təhlükəsizliyi ilə bağlı strateji baxışını icra etdi.

“Həmrəylik Halqası – STRİNG” layihəsinin ölkələrimizin birgə təşəbbüsü olduğunu deyən Rumen Radev, həmçinin bildirib ki, SOCAR-ın Bolqarıstanda ofisinin açılması da bu sahədə uğurlu əməkdaşlığı göstərir. O, eyni zamanda, ölkələrimiz arasında yaşıl enerji sahəsində də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu qeyd edib.

Nəşr edilib : 13.09.2023 12:06