AZ EN RU

Bolluq və ucuzluq olan “Yaşıl bazar”da insanların məşğulluğu da təmin edilir

    Muxtar respublikamızda yaşayan insanların məşğulluğunun təmin edilməsində müxtəlif emal və istehsal sahələri arasında kənd təsərrüfatı mühüm rola malikdir. Regionda bu sahənin inkişafına böyük diqqət göstərilir. Münbit torpaqları, bol suyu və digər amillərlə yanaşı, bu sahə ilə məşğul olan insanların texnika, məhsuldar toxum sortları, mineral gübrələrlə təchizatının da yüksək səviyyədə təşkili aqrar sahəyə marağın daha da artmasını şərtləndirib. Bu da bol məhsul istehsalına imkan verib. Bəs əldə olunan məhsulların satışı necə təşkil edilir? Sevindiricidir ki, muxtar respublika sakinlərinin müxtəlif kənd təsərrüfatı məhsullarına əlçatanlığını təmin etmək də unudulmayıb. Naxçıvan şəhərində, rayon mərkəzlərində, böyük kənd yaşayış məntəqələrində fəaliyyət göstərən bazarlarda hərtərəfli şəraitin yaradılması, həftənin şənbə və bazar günləri yarmarkaların keçirilməsi həm məhsul istehsalçıları, həm də istehlakçılar tərəfindən razılıqla qarşılanır.

    Azərbaycan Respublikasının Prezidenti “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2023-cü il 5 iyun tarixli Sərəncam imzalayıb. Muxtar respublikanın ən böyük inzibati ərazilərindən biri olan Şərur rayonunda bu günlərdə istifadəyə verilən “Yaşıl bazar” ticarət kompleksini bu istiqamətdə görülən işlərin davamı kimi dəyərləndirmək olar. Həmin Dövlət Proqramında kənd təsərrüfatı məhsulları istehsalının və emalının inkişafı üçün müxtəlif işlərin görülməsi, muxtar respublikada spesifik və orqanik kənd təsərrüfatı məhsullarının brendləşdirilməsi və təşviqi, həmin məhsulların emalı və qablaşdırılması da diqqət mərkəzində saxlanılıb. Şərur şəhərində adıçəkilən ticarət kompleksinin tikilərək istifadəyə verilməsi şərurluların bu və digər kənd təsərrüfatı sahələrinə maraqlarını daha da artırıb.
     Məlumat üçün bildirək ki, kompleks üçün 8384 kvadratmetr ərazi ayrılıb. 132 mağazanın, 18 rəfdən ibarət meyvə-tərəvəz satışı məntəqəsinin yaradıldığı yeni obyektdə ət, balıq, quşçuluq və süd məhsullarının satışı yerləri də istehsalçıların istifadəsinə verilib. Burada 400 nəfərin işləməsi üçün şərait yaradılıb. Onu da qeyd edək ki, əvvəlki illərdə mülkiyyət hüquqları pozulmuş 32 şərurlu üçün ödənişsiz satış yerləri nəzərdə tutulub.
    Bu günlərdə rayonda olduq. Erkən yazdan əkin sahələrində çalışan, min bir zəhmətlə məhsul hasilə gətirən şərurluların üzlərinin güldüyünü gördük. Bunun da təsadüf olmadığı təbiidir. Çünki həm bol məhsul yetişdiriblər, həm də həmin məhsulu itkisiz toplamaq üçün ana təbiət onlara imkan verib. Yeni ticarət kompleksində öz məhsullarını satmaq üçün yaradılan şərait isə ancaq məmnunluq doğurur.
    Oxucularımızın da çoxu yaxşı bilir ki, Şərur torpaqlarında yetişdirilən orqanik məhsullar muxtar respublikadan da kənara göndərilir. Bu isə, keyfiyyətlə yanaşı, həm də bolluqla bağlıdır. Bu bolluğu yaradanlar bir deyil, beş deyil. Məlumat üçün bildirək ki, bu gün rayonda 370-dən artıq ailə təsərrüfatı yaradılıb. Rayonun məhsuldar torpaqlarını daimi iş yerinə çevirən ailə təsərrüfatları bacardıqları, iqtisadi cəhətdən səmərəli olan sahələrdə çalışmağa üstünlük verirlər. Torpaq da onların zəhmətini itirmir. Hər il bol məhsula sahib olurlar.
    Həmin ailə təsərrüfatlarından bir neçəsinin başçısı ilə görüşdük; onlara göstərilən yeni qayğı münasibətilə təbrik etdik. Rayonun Məmmədsabir kəndində yaşayan Əli Rüstəmov deyir ki, şərurlular tarixən torpağa bağlı adamlar olublar. Qazanılmış təcrübə onların torpaqdan səmərəli istifadə etməsində mühüm rol oynayıb. Onlar bu təcrübəni gənclərə də aşılayıblar. Nəticə də göz qabağındadır. Yəni bu gün Şərurda bir qarış torpaq əkilməmiş qalmır. Hətta rayonun ucqar dağ yaşayış məntəqələrində belə ərazilər üçün müvafiq olan kənd təsərrüfatı sahələri inkişaf etdirilir. Deyək ki, aran ərazilərdə daha çox taxılçılığa, tərəvəzçiliyə, bağçılığa maraq göstərilirsə, ucqar yerlərdə heyvandarlıq, arıçılıq inkişaf etdirilir. Müsahibimiz özü də əkinçiliklə məşğul olur. Bu il əkin sahələrindən 450 ton kartof, 90 ton soğan götürüb. Məhsullarını gündəlik olaraq bazara çıxarır. Burada yaradılmış şərait ona da imkan verir ki, öz məhsullarını sata bilsin. Buna görə də minnətdarlığını bildirir.
    Natiq İsmayılov Şərur şəhərində yaşayır, sürücüdür. Kompleksə bazarlıq etməyə gəlib. Buradakı bolluq və ucuzluqdan razılığını bildirir:
    – Dövlətimizə minnətdarıq ki, öz vətəndaşına belə qayğı göstərir. Şərurda bundan əvvəl də bazar olub. Ancaq çox balaca bir ərazini əhatə etdiyindən sıxlıq yaranırdı, bazara gətirilmiş məhsullar üst-üstə qalanır, gigiyenik qaydalar pozulurdu ki, bu da məhsul istehsalçılarında narazılıqlar yaradırdı. Yeni kompleks inşa olunarkən əvvəlki şərait nəzərə alınıb, mövcud çətinliklərin aradan qaldırılması təmin edilib.
    Rayon ziyalısı Vidadi Süleymanov:
    – Hər bir insanın layiq olduğu səviyyədə yaşamasını təmin etmək müstəqil dövlətimizin reallaşdırdığı tədbirlərdən biridir. Şərurlular da sevinirlər ki, bu tədbirlərdən onlar da bəhrələnirlər. Götürək əhalinin təmin edilməsini. Bir müddət əvvəl tikintisinə başlanılmış Şərur Sənaye Məhəlləsində bu gün bir istehsal müəssisəsi artıq fəaliyyət göstərir. Burada nə qədər insan işlə təmin olunub, bundan sonra da bu davam edəcək. Yaxın günlərdə öz qapılarını şərurluların üzünə açmış ticarət kompleksi məşğulluq problemini həll etməklə yanaşı, həm də Şərurun görkəminə gözəllik gətirib. Hər iki ünvanda yaradılmış iş yerləri isə insanların məşğulluğunun təmin olunmasına göstərilən qayğıdır. İnanıram ki, zəhmətsevər şərurlular bu qayğıdan daha səmərəli istifadə etməklə həm gün-güzəranlarını yaxşılaşdıracaq, həm də öz səmərəli fəaliyyətləri ilə rayonun iqtisadiyyatının gücləndirilməsinə töhfələrini verəcəklər.
    Hər məqsədyönlü iş, son nəticədə, bəhrəsini göstərir. Elə “Yaşıl bazar” ticarət kompleksinin istifadəyə verildiyi və fəaliyyətə başladığı qısa müddət ərzində maşahidə etdiklərimiz və həmsöhbət olduğumuz insanların minnətdarlıqları da bunu sübut edir.

 Muxtar MƏMMƏDOV

Nəşr edilib : 27.11.2023 18:08