AZ EN RU

Bolluq, bərəkət dolu Novruz süfrəsi

    Qabaqdan ən gözəl milli bayramımız olan, hər kəs tərəfindən səbirsizliklə gözlənilən Novruz gəlir. Bu o deməkdir ki, elimizə-obamıza yaz gəlir, təbiət dirçəlir, həyat rəmzi olan yaşıllıqlar oyanır, bütün aləm dilə gəlir. Evdə-eşikdə hər yer təmizlənir, həyət-baca bellənir, xalça-palaz, yorğan-döşək havaya çıxarılıb sərilir. El içində xoş arzuları, gözəl istək və diləkləri tərənnüm edən  Novruzu  Kosa, Keçəl, Bahar qızı, həmçinin Novruz süfrəsi olmadan təsəvvür etmək mümkündürmü? Bayramın bu məşhur personajları Novruzu daha da əyləncəli edir, əsas atributlarından olan Novruz süfrəsi isə ən əziz qonaqlarını bayram qurtarana qədər qarşılayır.  Novruz süfrəsini hər bir xanım evində özünəməxsus şəkildə hazırlayır. Və bütün süfrələrdə təbiətin yaşıl, qırmızı, çəhrayı, ağ rənglərinin harmoniyası yaradılır. 

    Biz də Ordubad rayon Tivi kənd sakini Lətafət Babayevanın evinin qonağı oluruq. Onunla Novruz süfrəsinə hazırlıqla bağlı həmsöhbət oluram: – İlk olaraq onu deyim ki, Novruz azərbaycanlıların sevərək qeyd etdiyi bayramlardandır. Bu bayramı ona görə çox sevirik ki, qədim adət və ənənələrimiz yenidən dirçəlir, ən əsası, bizdən sonrakı nəsillər, xüsusilə də gələcəyimiz olan gənclərimiz bundan özlərinə nümunə götürə bilirlər. Belə adətlərin içərisində bayrama hazırlıq mühüm yer tutur. Bütün evlərdə buğda qovrulur, yumurta boyanır, müxtəlif şirniyyatlar bişirilir. 
    Müsahibim deyir ki, bayram axşamı – martın 20-də Novruz süfrəsi hazırlanır: –  Qızım, bizim süfrələrimizdə həmişə bolluq olur. Süfrəyə milli mətbəximizin cürbəcür naz-nemətlərini – tort,  qoğal, paxlava, şəkərbura, şəkərçörəyi, badambura, halva növləri, çərəzlər və sair düzürük.  Səməni  və qırmızı yumurtanı isə süfrənin ən görünən yerinə qoyuruq. Paxlava, şəkərbura, badambura və digər şirniyyatlar Novruz süfrəsinə bolluq-bərəkət gətirən şirniyyatlardır. Cəvizli Novruz paxlavası nəinki süfrənin, xonçaların da bəzəyidir. Paxlava içliyinin növünə görə badam paxlavası, cəviz paxlavası, laylı paxlava, qatlamalı paxlava deyə fərqlənir. Lakin Ordubadda cəvizli paxlava bişirilir. Bilirsiniz ki, ölkəmizin digər bölgələrində də Ordubad cəvizi çərəz kimi çox bəyənilir, satılır. Cəviz ağacı bütün ordubadlıların həyətində olur. Payızda əldə edilən məhsuldan Novruz üçün xüsusi ayırırıq.  Paxlavanın, şəkərburanın, badamburanın içini ondan düzəldirik. Ordubad paxlavasının dadlı olduğunu və digər bişirmələrdən fərqləndiyini deyənlər çoxdur. Bu paxlavanın özəlliyi ondadır ki, iki, üç kiloluq məcməyilərdə hazırlanır və  təndirdə bişirilir. Cəvizli çöçəni, adətən, bayrama iki-üç gün qalmış təndirdə bişiririk. Elə bu zaman təndirin o istisində paxlavanı da məcməyidə hazırlayıb, üzərini romb şəklində səliqəli düzəltdikdən sonra sallayarıq təndirə. Əlbəttə ki, təndirdə bişən paxlava digərlərindən fərqlənəcək. Yaxşıca qızardıqdan sonra çıxarıb şərbət gəzdiririk. Bu şərbətin içərisinə Ordubadın bağlarında yetişən qızılgüllərdən hazırladığımız gülabdan bir-iki qaşıq əlavə edirik. Bu da paxlavaya xüsusi dad qatır. Süfrəyə təqdim edilən paxlava həm gözəlliyi, həm də ləzzəti ilə seçilir.
    Müsahibim deyir ki, paxlava kimi şəkərbura da bayram süfrəsinin olmazsa, olmazlarındandır. Üzərindəki incə, dolğun naxışları ilə süfrəyə gözəllik qatır. Naxışları itməyən, ağızda əriyən kövrək şəkərburanın hazırlanması da ustalıq tələb edir. Bu zaman mən də şəkərburanın hazır­lanma anına şahidlik edirəm. Xala un, yağ, süd, xama, yumurtanın qarışığından bir az bərk xəmir yoğurur. Müsahibim bildirir ki, xəmir boş olsa, şəkərburanın kənarlarını istədiyin kimi düzəldə bilməzsən. Sonra xəmiri kündələyib kəsir. Hər kündəni oxlovla kiçik dairələrə yayır. Dairələrin arasına içlik qoyub, kənarlarını bərkidir. Sonra vintvari şəkildə ehtiyatla bükür. İçərisinə əvvəlcədən hazırladığı qovrulmuş və maşında çəkilmiş cəvizin toz şəkərlə qarışığını qoyur. Şəkərburanın içliyi üçün qovrulmuş fındıq və badam da istifadə edilir, – deyir Lətafət xala. Əlavə dad qatsın deyə, bu qarışıma döyülmüş hil ədviyyatı da əlavə edir. Şəkərburaları soba qabına yığırıq. Sonra isə şəkərburaların üstünü bir-bir maqqaşla bəzəyir. Naxışları ehmalca və incə vurmaq lazımdır, onda daha gözəl görünür, – deyir müsahibim. Şəkərburaları  sobada, təxminən, 15-20 dəqiqə ərzində kənarları bir az qızarana kimi bişirir. Lətafət xala deyir ki, bişərkən üzərinin çox qızarmamasına fikir vermək lazımdır. Hazır olan yumşaq şəkərburalar soyuduqdan sonra ağız ləzzəti ilə Lətafət xala ilə birgə nübar etdik. Həmsöhbətim dedi: “Şəkərbura da paxlava kimi öz gözəl görünüşü ilə süfrəyə bəzək qatır. Qızım, Novruzda hazırlanan özünəməxsus görünüşü ilə seçilən şirniyyatlardan biri də badamburadır. Onun da içərisinə çəkilmiş badam, cəviz və şəkər tozundan hazırlanmış içlik qoyuruq. Qat-qat badambura alınır ki, sonra onun üstünə şəkər kirşanı səpilərək süfrəyə təqdim edilir. Süfrədə mühüm yer tutan nemətlərdən biri də qoğaldır. Qoğalın bir çox növləri olmasına baxmayaraq, əsasən, Novruz süfrəsinə şor və ya şirin qoğal qoyulur. Qoğalın içərisinə un, yumurta, yağ, duz, razyana, cirə, darçın, sarıkök, istiot və sair qatılmış içlik əlavə edir, üzərinə yumurta sarısı çəkilərək küncüt səpilir.  Şəkərçörəyi də süfrəyə düzülən şirniyyat növlərindən biridir. Buğda unu, ərinmiş kərə yağı və qənd ovuntusundan, bu olmadıqda şəkər tozundan hazır­lanır. Girdə kündələrin üzərinə yumurta sarısı sürtülür və bişirilir. Cəvizli Ordubad dürməyi də Novruzda bişirilən şirniyyatlardandır. Xəmiri un, yağ, xamadan hazırlayır, içərisinə çəkilmiş cəviz ləpəsi, şəkər tozu, bal və ədviyyat əlavə edilib  qarışdırılır. Xəmiri paylara bölüb, üç-dörd millimetr qalınlıqda yayırıq. Yayılmış xəmir üzərinə lay şəklində içlik qoyur və xəmiri bükərək rulet formasına salır, xüsusi formada kətə kəsənlə kəsirik. Üzərinə yumurta sarısı çəkib bişiririk. Novruz süfrəsinə nabat şirniyyatı da qoyulur. Şəffaf bozumtul, çəhrayı və sarı rəngli iri şəkər parçaları damağa dad qatır. Adətimizə görə, nişan və toy mərasimlərində şirinlik məqsədilə qız evinə xonçalarda nabat da göndəririk”.
    Novruz süfrəsində müxtəlif növdə çərəzlərin də mühüm yeri vardır, – deyir Lətafət xanım: – Püstə, innab, ləbləbi, kişmiş, mövüc, xurma, badam, cəviz və fındıq ləpəsi, alma, armud, ərik qaxı, qovurğa və sair ənənəvi çərəzlərdir. Qızım, nişanlı oğlan evindən qız evinə bayram payı kimi xonçalarda çərəz də göndəririk. Naxçıvanda, xüsusilə də Ordubadda süfrəyə çərəz kimi sucuq, miyanpur, alana da düzürük. Müsahibim onların hazırlanma qaydası haqqında məlumat verərək bildirir ki, miyanpuru, əsasən, ərik və şaftalı, eləcə də əncirin yetişən vaxtı hazırlayırıq. Bunun üçün bu meyvələri toplayıb qurudur, qurudulmuş meyvələrin çəyirdəyini çıxararaq içərisinə cəviz və ya badam ləpəsi qoyur, sonra onları sapa düzüb, quruduruq. Miyanpur qanazlığına xeyirlidir. Alananı isə şaftalı və armuddan hazır­layırıq. Meyvənin qabığı soyulub, günəş altında qurudulduqdan sonra saplaq tərəfdən dairəvi kəsilir, içərisi ovulur, oraya cəviz ləpəsi, şəkər, hil qarışığı doldurulub, ağzı kəsilmiş hissə ilə örtülür, saplara düzülərək qurudulur. Sucuğun isə yaş cəviz ləpələrini sapa düzüb, ondan sonra xüsusi hazırlanmış bulamac içərisinə basır və sərərək quruduruq. Bütün bunlar qışda çay süfrələrimizi bəzəyir, eləcə də evə gələn bütün qonaqların da xoşuna gəlir. Qovurğa da Novruz  süfrəsinin əsas çərəzlərindəndir.  Əsasən, buğdadan, həmçinin qarğıdalı və noxuddan da hazırlanır. Sacda qovrulmuş buğdaya küncüt, cəviz, fındıq ləpəsi (qovrulmuş halda) qatırıq. İlaxır çərşənbə axşamı papaq atan uşaqlara da bu qovurğadan pay veririk.  
    Müsahibim bildirir ki, Novruz süfrələrini bişmiş, boyadılmış yumurtasız təsəvvür etmək mümkün deyil: – Bayramın əsas atributlarından biridir yumurta. Həmçinin Novruzun dörd çərşənbəsinin əlamətlərini də özündə daşıyır. Belə ki, yumurta qabığının dairəviliyi torpaq mənasında olan dünyanı, pərdəsi, bir növ havanı, ağı suyu, sarısı isə odu simvollaşdırır. Əsasən, yumurtaları qırmızı rəngə boyasalar da, son zamanlarda müxtəlif üsullarda və müxtəlif rənglərdə boyamalar yayılıb. Nəinki Novruz bayramı, çərşənbə günlərində oğlan uşaqları, cavanlar arasında keçirilən oyun əyləncələrindən ən maraqlısı yumurta döyüşdürməkdir. Bu zaman həm bişmiş, həm də çiy yumurtadan istifadə olunur. Yumurta döyüşənlər əvvəlcə onların bərk-boşluğunu dişə vurmaqla müəyyənləşdirirlər. Döyüşmədə yumurtası sındırılmış şəxs öz təzə yumurtasını qazanana verir. 
    Müsahibim söhbətinin sonunda bir də bayatı deyir:

         Əzizinəm Novruzum, 
         Şirin, şəkər Novruzum.
         Qəm-kədəri dağıdıb,
         Sevinc gətirən, Novruzum!

    Biz isə deyirik, qədəmin mübarək Novruzum! Gəlişinlə elimizə-obamıza  sülh, əmin-amanlıq gətir. Süfrələrimiz ruzi, qəlbimiz xoş hisslərlə dolub daşsın. Novruz bütün xalqımıza, millətimizə düşərli olsun!.. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 16.03.2022 19:18