AZ EN RU

Bölgəyə sülhün, barışın gəlməsi çox yaxındır

    2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən II Qarabağ müharibəsi ordumuzun Böyük Zəfəri ilə nəticələndi və həmin il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla qarşı tərəf məğlubiyyətini etiraf edərək üzərinə bir sıra öhdəliklər götürdü. Ermənistan tərəfi ötən müddətdə bəyanatın müddəalarını pozaraq öhdəliklərinə əməl etmədi, regionda təhlükəsizliyi təmin edəcək sülh müqaviləsini imzalamaq yerinə müxtəlif təxribatlar törətdi. Son bir neçə ay ərzində Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz erməni silahlı birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı silahlardan intensiv şəkildə atəşə tutulur, ərazilərimizin minalanması, Azərbaycanın Qarabağ bölgəsindəki qeyri-qanuni silahlı birləşmələrin mövcudluğu davam etdirilirdi və bu hal gərginliyi daha da artırırdı. 

    Beləliklə, üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, separatçıların tərk-silah edilərək ərazilərimizdən çıxarılması, təhlükəsizliyin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Tədbirlər nəticəsində sentyabrın 20-də Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq saat 1300-da bir sıra şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu. Beləliklə, Qarabağdakı qanunsuz silahlı birləşmələr ağ bayraq qaldıraraq təslim oldular. Ordumuz, təxminən, 24 saatlıq antiterror tədbirləri nəticəsində Qarabağda yenə Tarixi Zəfər çaldı və bütün ərazilərdə suverenlik tam bərpa edildi. Azərbaycan qarşıya qoyulan bütün hədəflərə nail oldu, bütün kommunikasiyalar, yollar, yüksəkliklər nəzarətə götürüldü, bütün Qarabağ ərazisində Azərbaycan qanunları və siyasi hakimiyyəti təmin olunacaq. Ölkə başçısının bütün dünyaya nümunə olan “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” fikri öz real təsdiqini bir daha tapdı. 
    Sentyabrın 20-də Prezident cənab İlham Əliyev xalqa müraciətində antiterror tədbirləri nəticəsində hərbçilərimizin böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdiklərini qeyd edərək dedi: “Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır”.
    Onu da qeyd edək ki, dövlətimiz tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətinə tam şərait yaradılmışdır. Postmüharibə dövründə ölkəmizə münasibətdə qərəzli və ikili yanaşma sərgiləyən bu qurum görünür ki, lokal xarakterli antiterror tədbirlərindən sonra gerçəyi görməyə başlayıb. Belə ki, BQXK tərəfindən Laçın-Xankəndi və Ağdam-Xankəndi yolları ilə ərzaq və digər humanitar yardımın Xankəndiyə çatdırılması üçün bütün lazımi şəraitin yaradıldığı etiraf edilib və BQXK vasitəsilə erməniəsilli yaralı hərbçilərə tibbi yardım göstərmək istiqamətdə müəyyən addımlar atılıb. Bir sözlə, ölkəmiz öz humanistliyini göstərərək mülki-hərbi əməkdaşlıq konsepsiyası çərçivəsində mülki şəxslərə BQXK ilə birgə yardım edir və dövlətimiz Qarabağda yaşayan erməniəsilli əhaliyə ərzaq yükü də göndərib. 
    44 günlük müharibədən sonra xalqımızın əldə etdiyi böyük Zəfəri, eləcə də son hadisələr zamanı ordumuzun qazandığı uğurları həzm edə bilməyən, BMT kürsülərində qərəzli, qeyri-obyektiv çıxış edənlər, dezinformasiya xarakterli məlumatları müxtəlif platformalarda yayanlar oldu. Belə ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi antiterror tədbirlərini müzakirə etmək üçün sentyabrın 21-də iclas keçirərək regionu alov nöqtəsi kimi xarakterizə edib, bölgədə döyüşləri etibarlı və davamlı surətdə dayandırmağa çağırış etdi. Burada Fransa ilə birgə Almaniya da anti-Azərbaycan mövqeyini bir daha ortaya qoydu. Bütün bu maneələr suveren ərazilərimizdə separatizmin məhvi nəticəsini dəyişdirə bilmədi. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Təhlükəsizlik Şurasının iclasında fakt və fotoların dili ilə verdiyi peşəkar cavablar, Türkiyənin, hər zaman olduğu kimi, Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi bizə diplomatik üstünlük qazandırdı. Bir sutkadan az müddət ərzində həyata keçirilən lokal antiterror tədbirləri yalnız ədalətin və beynəlxalq hüququn yanında olan dövlətlər tərəfindən dəstəkləndi. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Cozef Borelin söylədiyi əsassız fikirlər, qərəzli bəyanat puça çıxdı. Azərbaycan Xarici İşlər Nazirliyinin Cozef Borelin bəyanatına cavabında da bildirildi ki, bu təşkilat Azərbaycanın suveren ərazilərinin 30 ilə yaxın davam edən hərbi işğalını, azərbaycanlılara qarşı etnik təmizləmə və bəşəriyyətə qarşı cinayətləri pisləməkdən həmişə çəkinmiş və 2020-ci il müharibəsindən sonra Azərbaycanın regionda sülh və sabitliyin bərqərar edilməsi istiqamətində fəaliyyətini heç vaxt təqdir etməmişdir. Azərbaycana qarşı təhdidedici bəyanat səviyyəsinə qədər ikitərəfli yanaşma regionumuzda sülhə xələl gətirir... Bir vaxtlar azərbaycanlılar silah gücünə, zorla, vəhşi üsullarla doğma yurd-yuvalarından didərgin düşəndə, azərbaycanlılara qarşı kütləvi surətdə soyqırımı həyata keçiriləndə ermənipərəst qüvvələrin səsi eşidilmirdi. Bəli, bu gün bunu fotolar da təsdiq edir ki, bir tərəfdə zor gücünə Qarabağdan qovulan azərbaycanlılar, digər tərəfdə heç vaxt onların olmayan torpaqları rahatlıqla tərk edib öz vətənləri Ermənistana qayıdan ermənilər. Tarixi ədalət həmişə öz yerini tapır. 
    Sentyabrın 21 və 25-də Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə keçirilən görüşlərdə sosial və humanitar məsələlər müzakirə edilmiş, erməni sakinlərin müraciəti əsasında uşaq bağçaları və məktəblər, xəstəxanalar və digər fövqəladə xidmətlər sahəsində sosial obyektlərin çalışması üçün yanacağın çatdırılması, eləcə də digər humanitar dəstək tədbirlərinin görülməsi məsələləri tezliklə aidiyyəti mərkəzi hökumət institutları tərəfindən icra olunacaq. Hazırda Laçın sərhəd-buraxılış məntəqəsindən Xankəndi-Gorus istiqamətində erməniəsilli şəxslərin sərbəst keçidi təmin olunur və onlar öz şəxsi maşınları ilə Ermənistan istiqamətində sərbəst şəkildə keçid edirlər. Dövlətimiz tərəfindən növbəti humanitar addım Xankəndi şəhərinə elektrik enerjisinin verilməsi olub, belə ki, Xankəndinin Ermənistanın enerji sistemindən ayrılaraq Azərbaycan enerji sisteminə qoşulması təmin edilib. 
    İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra qarşıda duran əsas məsələlərdən birincisi, Cənubi Qafqazda sülh və təhlükəsizliyi təmin edəcək sülh sazişinin imzalanmasıdır. Dövlətimizin başçısı həmişə öz çıxışlarında vurğulayıb ki, bizim erməni xalqı ilə heç bir problemimiz, ədavətimiz yoxdur. Son hadisələrdən sonra sülh müqaviləsinin imzalanması real görünür. Sülh müqaviləsinin imzalanması, eyni zamanda Zəngəzur dəhlizinin reallaşması regiona geniş imkanlar qazandıracaq. 
    Sentyabrın 25-də Naxçıvanda səfərdə olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan buradan bir daha Ermənistana sülh çağırışı etdilər. Prezident cənab İlham Əliyev “Yəni bizim müştərək maraqlarımız ondan ibarətdir ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibələr olmasın, ölkələrin ərazi bütövlüyü təmin edilsin”, Prezident Rəcəb Tayyib Ərdoğan isə “Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik. Hər zaman vurğuladığım kimi, sülhün uduzanı olmaz” deməklə bölgəmizdə sülh, sabitlik və rifahın yaranması üçün sülh müqaviləsinin imzalanmasının əhəmiyyəti vurğuladılar. Bütün bunlar əminlik yaradır ki, bölgəyə sülhün, barışın gəlməsi çox yaxındır. 

 Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 26.09.2023 21:12