AZ EN RU

Boksçularımızın növbəti uğuru

    Bakıda Universal Boks Təşkilatının (UBO) orta ağır çəki dərəcəsində dünya kəməri uğrunda döyüş keçirilib. Bu münasibətlə peşəkar boks gecəsi təşkil olunub. Tədbirdə fəxri qonaq qismində “WBC Silver Asia” ve “WBC international” çempionu və UBO dünya çempionu türkiyəli Serdar Avcı, hazırda Mayamidə yaşayan, peşəkar boksda “WBA international champion” kəməri olan həmyerlimiz Ramal Amanov, eyni zamanda idman ictimaiyyətinin tanınmış şəxsləri, incəsənət nümayəndələri, ictimai, siyasi xadimlər iştirak ediblər.

    Milli komandanın üzvləri, Naxçıvan Boks Federasiyasının yetirmələri olan Sərxan və Tayfur Əliyev qardaşları da boks gecəsi çərçivəsində keçirilən döyüşlərdə iştirak ediblər. Tayfur 61 kiloqrama qədər çəki dərəcəsində Sərxan Əhmədovla mübarizədən qalib ayrılıb. Sərxan Əliyev isə orta çəki dərəcəsində Xanbala Qurbanovu məğlubiyyətə uğradaraq gecənin qazananlarından olub.
    Qeyd edək ki, peşəkar boks gecəsində müxtəlif çəki dərəcələri üzrə 7 döyüş keçirilib. Gecənin əsas döyüşündə – 12 raundluq “UBO Light Heavy Weight World Title” uğrunda türk boksçu Hasan Kubilay qalib gələrək UBO dünya kəmərini qazanıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 21.11.2022 20:27