AZ EN RU

Boksçularımızın növbəti uğurları

    Gənc boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub. Oğlan boksçularla yanaşı, yeniyetmə və gənc, həmçinin qadın boksçular arasında 7 çəkidə ölkənin ən güclüləri müəyyənləşib. Naxçıvan Boks Federasiyasının idmançıları Lalə Namazlı qadınlar arasında 63 kiloqram çəki dərəcəsi üzrə ikinci, Gülay Hümbətova isə qızlar arasında 54 kiloqram çəki dərəcəsi üzrə üçüncü yerə layiq görülüblər. Bu göstəricilər Naxçıvan boksu tarixində qadın idmançıların qazandığı ən yüksək nəticədir. 
    Qazaxıstanın Karaqanda şəhərində isə boks üzrə beynəlxalq turnirə yekun vurulub. Azərbaycan millisi Qazaxıstan, Kuba, Gürcüstan, Tacikistan, Qırğızıstan və Kambocadan 150-dək idmançının qatıldığı yarışı 5 qızıl, 2 gümüş və 5 bürünc medalla başa vurub. Bu nəticə ilə yığmamız komanda hesabında birinci yeri tutub. Qazaxıstan ikinci, Kuba üçüncü olub. 
    Naxçıvan boks məktəbinin yetirmələri Tayfur (60 kiloqram) və Sərxan Əliyev (71 kiloqram) qardaşları isə milli komandamızın heyətində yer alıb. Mübarizəyə ¼ final mərhələsindən qoşulan hər iki boksçu qazaxıstanlı rəqiblərini məğlub ediblər. Yarımfinalda Sərxan Əliyev millimizin üzvü Rəşid Həsənova, Tayfur Əliyev isə Ruslan Kuzembayevə (Qazaxıstan) məğlub olaraq bürünc medalla kifayətləniblər.

Naxçıvan Muxtar Respublikası 
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 26.12.2022 22:10