AZ EN RU

Boks üzrə seminar keçirilib

    Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə muxtar respublikanın idman federasiyalarının birgə təşkil etdiyi məşqçilər və idmançılar üçün seminarlar davam etdirilir. Ötən gün Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində boks üzrə təşkil edilən növbəti seminar da bu qəbildəndir. 
    Seminarın açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov, Boks Federasiyasının sədr müavini Məmmədcəfər Əliyev, kişilərdən ibarət Azərbaycan milli komandasının böyük məşqçisi Nəriman Abdullayev bildiriblər ki, son illərdə ölkəmizdə boksun inkişafına göstərilən diqqət öz bəhrəsini verməkdə, gənc nəslin bu idman növünə marağı artmaqda, keçirilən yarışlarda uğurlu nəticələr əldə edilməkdədir. Bu gün Naxçıvanda da yüksək səviyyəli yarışların və turnirlərin keçirilməsi, boksun maddi-texniki bazasının gücləndirilməsi, boksçularımızın dünya arenalarında uğur qazanması bu idman növünün muxtar respublikada inkişafından xəbər verir. 
    Çıxışların ardınca seminara start verilib.
    Azərbaycan milli komandasının böyük məşqçisi Nəriman Abdullayev, yeniyetmələr və gənclər arasında üçqat Avropa çempionu Ruslan Rüstəmov, yeniyetmələr və gənclər arasında dünya və Avropa çempionu, olimpiya mükafatçısı Məhəmməd Abdullayev, yeniyetmələr və gənclər arasında Avropa çempionatının mükafatçısı Türkeş Mustafayev, yeniyetmə, gənclər və böyüklər arasında Avropa və dünya çempionatlarının, Avropa və İslam Oyunlarının mükafatçısı, milli komandanın kapitanı Tayfur Əliyevin iştirakı ilə keçirilən seminarda Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarının 100-ə yaxın dəri-əlcək sahibi iştirak edib.
    Qeyd edək ki, keçirilən taktiki-texniki seminarın məqsədi məşqçi-müəllimlərin, idmançıların yeniliklər, yeni qaydalar haqqında məlumat almasına, ümumilikdə isə boks idman növünün inkişaf etdirilməsinə bilavasitə təkan verir.

 Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 22.07.2022 19:35