AZ EN RU

Boks Federasiyasının fəaliyyəti və qarşıda duran vəzifələr müzakirə olunub

    Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Ramil Hacı tədbirdə çıxış edərək bildirib ki, nazirlik tərəfindən idmanın inkişafı və təbliği məqsədilə ardıcıl işlər görülür, maddi-texniki imkanlar genişləndirilir, müasir idman mühiti yaradılır, idmançıların dünya arenasına çıxışı təmin olunur. Nəticədə, əhalinin, xüsusən də gənc nəslin bu sahəyə olan marağı zaman keçdikcə daha da artır, böyük nailiyyətlər əldə olunur. Belə ki, ötən il Naxçıvan idmançıları tərəfindən ölkə və dünya arenalarında 27-si qızıl olmaqla, ümumilikdə, 82 medal qazanılıb. Bütün bunlar Ali Məclis Sədrinin rəhbərliyi ilə muxtar respublikamızda uğurla icra olunan dövlət idman siyasətinin bəhrələridir. 
    Boks Federasiyasının fəaliyyəti barədə danışan nazir qeyd edib ki, Şahbuz rayonu istisna olmaqla, Naxçıvan şəhəri və bölgələrdə fəaliyyət göstərən boks üzrə bölmələrdə, ümumilikdə, 21 qrup üzrə 330 yeniyetmə və gənc idmanın bu növü ilə məşğul olur. Ötən il federasiyanın yetirmələrindən Sərxan Əliyev kişilər arasında, Tayfur Əliyev isə hərbçilər arasında dünya çempionatlarını, Eldar Quliyev isə neft ölkələri arasında dünya birinciliyini bürünc medalla başa vurublar. İdmançıların bu tarixi uğurları Naxçıvanın boks tarixində qazanılmış ən yüksək nailiyyətdir. 
    Qeyd olunub ki, qazanılan nailiyyətlərə baxmayaraq, qarşıda mühüm vəzifələr dayanır. İdman federasiyaları və aidiyyəti qurumlarla birgə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Pro­qramı”nın icrası istiqamətində işlərin davam etdirilməli olduğunu vurğulayan Ramil Hacı dövlət idman siyasəti çərçivəsində qarşıya qoyulan tələb və tapşırıqları diqqətə çatdırıb. Nazir federasiya ilə qarşılıqlı əməkdaşlıq və fəaliyyət nəticəsində yeni nailiyyətlərin əldə olunacağına inamını ifadə edib.
    Federasiyanın sədr müavini Məmmədcəfər Əliyev ötən il ərzində keçirilən tədbirlər haqqında hesabat xarakterli məlumatı diqqətə çatdırıb. Rayonlarda çalışan məşqçi-müəllimlərdən Seymur Hüseynov və Rasim İsgəndərov öz fəaliyyətləri barədə danışıblar. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 22.02.2022 19:43