AZ EN RU

BMT, ÜST və UNESCO Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı müraciət yayıblar

Hər il dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü qeyd edilir. İİV-infeksiyası/QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biridir.

Dekabrın 1-də Ümumdünya Səhiyyə Təşkilatı icmalar və tərəfdaşlarla birlikdə 2023-cü il Ümumdünya QİÇS-lə Mübarizə Gününü “İcmalara rəhbərlik edək” devizi altında qeyd edir.

BMT-nin məlumatına istinadla xəbər verir ki, İİV-lə yaşayan və bu virusdan təsirlənən icmalar, əsas əhali qruplarından olan insanların şəbəkələri və gənclər liderləri İİV-ə qarşı mübarizədə daha çox irəliləyiş əldə etməyə çağırıblar. Bu çərçivədə insanlara əsas profilaktika, sınaq və müalicəyə dəstək xidmətləri göstərir, innovativ həllər tətbiq edilir, sağlam həyat tərzi təşviq olunur, sözügedən sahədə siyasət və proqramların icrasına nəzarət gücləndirilir.

BMT Baş katibi Antonio Quterreşin müraciətində qeyd olunur ki, dünya icmaların əməkdaşlığı vasitəsilə QİÇS-ə son qoya bilər. Məhz buna görə də 2023-cü il Ümumdünya QİÇS-lə Mübarizə Gününün mövzusu “İcmalara rəhbərlik edək” devizidir və bu, icmaların nailiyyətlərinin qeyd edilməsindən daha çox, onların liderlik rollarını yerinə yetirməsinə imkan yaratmaq və dəstəkləmək üçün fəaliyyətə çağırışdır.

1983-cü ildə qabaqcıl QİÇS fəalları Denver Prinsipləri manifestini qəbul ediblər. Bu manifest İİV-lə yaşayan insanların qurban olması fikrini rədd edib və onların QİÇS-ə qarşı cavab tədbirlərinin bütün aspektlərində mərkəzi rol oynamalı olduqlarını açıqlayıb. Bu, İİV-lə yaşayan insanların mənalı iştirakını təşviq edən virusa yoluxmuş insanların daha çox cəlb edilməsi (GIPA) prinsipinə doğru atılmış tarixi ilk addım idi. İcmaların rəhbərlik etdiyi bu prinsip irəliyə doğru əhəmiyyətli addımlar atmağa kömək edib. Bu, dünyada antiretrovirus müalicəsi alan insanların sayının təxminən 4 dəfə artaraq, 2010-cu ildəki 7,7 milyondan 2022-ci ildə 29,8 milyona yüksəlməsində öz əksini tapır. Bununla belə, 2022-ci ildə hər dəqiqə bir QİÇS xəstəsi həyatını itirib və virusa yoluxmuş 9,2 nəfərin müalicə imkanı olmayıb.

UNESCO-nun müraciətində deyilir ki, QİÇS-in ictimai sağlamlıq təhlükəsi kimi aradan qaldırılması istiqamətində xeyli irəliləyiş əldə olunsa da, İİV epidemiyası hələ bitməyib və gənclər qeyri-mütənasib şəkildə risk altında qalırlar. Təkcə 2022-ci ildə 10-24 yaş arası 480 min gənc İİV-ə yoluxub, onlardan 140 mini 10-19 yaş arası yeniyetmələrdir. 2022-ci ildə hər həftə təxminən 4 min qız və gənc qadın bu virusa yoluxub. Dəhşətli virusdan ən çox təsirlənən region olan Sub-Sahara Afrikasında yeniyetmələrin və gənclərin HİV haqqında bilikləri artırılır.

Nəşr edilib : 01.12.2023 11:00