AZ EN RU

BMT: Təhsil qlobal sülhə mühüm töhfə verə bilər

Hər il yanvarın 24-də dünya ictimaiyyəti Beynəlxalq Təhsil Gününü qeyd edir. Sabah bu əlamətdar gün UNESCO tərəfindən “Sülh naminə təhsil” şüarı altında keçiriləcək və əsas diqqət uşaq və gənclərin tolerantlıq ənənələrinə sadiq qalmasına, nifrət ritorikasından uzaq durmasına yönəldiləcək.

 Təşkilatın rəsmi saytında xəbər verilir ki, bu əlamətdar gün münasibətilə UNESCO və Ömürboyu Təhsil üzrə Dostlar Qrupu yanvarın 24-də Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı baş qərargahında yüksək səviyyəli panel və dialoq təşkil edəcək. Tədbir BMT-yə üzv dövlətləri, BMT agentliklərini və proqramlarını, sülh naminə təhsil ideyasına sadiq olan QHT-ləri, müəllimləri və təhsildə maraqlı olan digər tərəfləri səfərbər edəcək.

BMT bildirir ki, dünya hazırda şiddətli münaqişələrin artması və nifrət ritorikası, dözümsüzlük və ayrı-seçkiliyin narahatedici tendensiyası ilə mübarizə aparır. Sülhə dərin bağlılıq heç vaxt bu qədər kritik olmayıb. Bu məsələdə təhsilin rolu böyükdür. İnsan hüquqları, dialoq, həmrəylik və bərabərliyə əsaslanan tədris prosesi daha dinc və ədalətli cəmiyyətlər yaratmaq üçün vacibdir.

Təhsilin dinc gələcəyin formalaşdırılmasında oynadığı transformativ rol 2023-cü ilin noyabrında BMT Baş Konfransının 42-ci sessiyasında 194 üzv dövlət tərəfindən sülh, insan hüquqları və davamlı İnkişaf naminə təhsil üzrə yeni tövsiyədə öz əksini tapıb. BMT bildirir ki, sosial medianın istifadəsi ilə güclənən və müxtəlif regionlarda yeni və uzunmüddətli böhranlarla kəskinləşən son qlobal eskalasiya bütün dünyada icmaların təhlükəsizliyinə ciddi təsir göstərir. UNESCO-nun bu yaxınlarda 16 ölkədə apardığı sorğunun nəticələri göstərib ki, internet istifadəçilərinin 67 faizi onlayn nifrət ritorikası ilə qarşılaşıb, onların 85 faizi dezinformasiyanın öz vətəndaşlarına təsirindən narahatdır və onu sabitliyi poza biləcək real təhlükə kimi görür.

Təhsil nifrət ritorikasının əsas səbəblərini həll etmək və sosial mediada müsbət məzmunlu məlumatları yaymaq üçün çoxsaylı imkanlar təklif edir. Bu, şagirdlərə nifrət və ədalətsizliyi ayırd etmək, onlara adekvat cavab vermək bacarıqları aşılayır, habelə böyüyən nəsli multikulturalizm dəyərlərinə və insan hüquqlarına hörmət ruhunda tərbiyə edir. UNESCO 2023-cü ildə qərar qəbul edənlərə bu sahədə dövlət siyasətlərini gücləndirməkdə kömək etmək üçün “Təhsil vasitəsilə nifrət ritorikasının aradan qaldırılması” təlimatını təqdim edib.

Nəşr edilib : 23.01.2024 11:55