AZ EN RU

BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan Nümayəndəliyi tərəfindən Naxçıvanda təlimlər keçirilir

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan Nümayəndəliyi ilə birgə Naxçıvanda təlimlərə başlayıb. 
Təlimlərin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, dövlət uşaq siyasətinin həyata keçirilməsi və uşaqların hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”na uyğun olaraq muxtar respublikada müvafiq tədbirlər həyata keçirilir. Uşaq hüquqları haqqında BMT Konvensiyasının müddəalarının tələblərinə uyğun həyata keçirilən dövlət siyasətindən danışan Ramilə Seyidova qeyd edib ki, uşaq hüquqlarının müvafiq aspektlərində təlimlərin keçirilməsində məqsəd qazanılan təcrübənin bölüşdürülməsi ilə aidiyyəti qurumların əməkdaşlarının bilik və bacarıqlarının təkmilləşdirilməsidir. Bununla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə UNİCEF-in təyin etdiyi təlimçilər tərəfindən muxtar respublikada 5 gün ərzində 4 proqram əsasında təlimlərin keçirilməsi nəzərdə tutulub.
Sonra təlimlərə start verilib. Təlimlərin ilk günündə 2 təlim keçirilib. 1-ci təlim polis, prokurorluq və ədliyyə (məhkəmə, icra və probasiya) işçiləri, eləcə də Ombudsman Aparatının əməkdaşları üçün “Yuvenal ədliyyə və uşaq ədliyyəsində beynəlxalq standartlar,  mülki və cinayət prosedurlarında uşaqyönümlü ünsiyyət və yanaşmanın tətbiqi” mövzusunda olub.
Təlimdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Yuvenal Ədliyyə Mərkəzinin hüquqşünası, UNİCEF-in təlimçi-eksperti Rafiq Alışov Azərbaycanda Yuvenal Ədliyyə Sistemi sahəsində qazanılmış təcrübə və görülmüş işlər haqqında məlumat verərək hüquq-mühafizə orqanlarında çalışan əməkdaşların uşaqlarla ünsiyyət və davranışından danışıb.
“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri, Yuvenal Ədliyyə Mərkəzinin rəhbəri Kəmalə Aşumova “Uşaqların inkişaf dövrləri və yaş xüsusiyyəri uşaqların ümdə maraqlarının qorunmasında əhəmiyyətli proses kimi” mövzusunda təlim keçib. 
Yuvenal Ədliyyə Mərkəzinin psixoloqu Gülşən Axundova Uşaqların müdafiəsində psixoloqun iştirakının beynəlxalq standartlarından danışaraq “Cinayətdən zərər çəkən və cinayətə şahid olan uşaqların viktimizasiyası və onun aradan qaldırılması” mövzusunda çıxış edib.
Günün ikinci yarısında  vəkillər üçün təşkil olunan “Uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyətinə dair” təlimdə isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Yuvenal Ədliyyə Mərkəzinin hüquqşünası, UNİCEF-in təlimçi-eksperti Rafiq Alışov “Uşaqyönümlü hüquqi yardım sahəsində beynəlxalq standartlar və mexanizmlər” mövzusunda təlim keçib.
Təlimlər davam edir.

Nəşr edilib : 11.03.2024 14:21