AZ EN RU

BMT-nin Uşaq Fondu UNİCEF-in nümayəndə heyətinın Naxçıvana səfəri başa çatıb

BMT-nin Uşaq Fondu UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin Səhiyyə və Qidalanma Proqramının rəhbəri Töhfə Cəmilovanın başçılıq etdiyi heyətin Naxçıvana səfəri  başa çatıb.  Üç gün ərzində “İlkin səhiyyə xidmətlərinin təkmilləşdirilməsi”, “Erkən uşaqlıq dövrün inkişafı yol xəritəsi, “superviziya” sosial işçilərin rolu, “Hamilə qadının patronajının superviziyası- Edinburq şkalası ilə depressiyanın müəyyən edilməsi”, “Yeni doğulmuş uşağın patronajı”, “Uşağın inkişafının monitorinqi” və s. mövzularda  təlimlər keçirilib. Nümayəndə heyətinin  təlimçiləri Mətanət Qaraxanova, Rübabə Qulivevanın və digərlərinin iştirakı ilə muxtar respublikadakı səhiyyə ocaqlarının tibb işçilərini maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Səfərin son günü BMT-nin Uşaq Fondu UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin Səhiyyə və Qidalanma Proqramının rəhbəri Töhfə Cəmilova ilə həmsöhbət olduq. O bildirdi ki, bu onların Naxçıvana ilk gəlişidir.  

“Səfərimizin məqsədi BMT-nin Uşaq fondunun “Səhiyyə və qidalanma” proqramı ilə əməkdaşlıq istiqamətlərini müzakirə edərək hansı sahələrdə təcrübələrimizi bölüşə biləcəyimizi, bir-birimizə necə dəstək ola biləcəyimizi müəyyənləşdirməkdir. Xüsusilə UNİCEF-in  mandatına uyğun olaraq ana və uşaq sağlamlığı məsələləri prioritet təşkil edir. Bu baxımdan ilkin səhiyyə xidmətlərində tibbi kadrların bilik və bacarıqlarının artırılması əsasdır. Hamilə qadınlara və doğuşa yardım xidməti göstərən müəssisələrdə UNİCEF-in tövsiyyələrinə uyğun olaraq, yeni təşəbbüslərin tətbiqi mümkündür. Məhz bu baxımdan da əməkdaşlığımız mühüm əhəmiyyət kəsb edir. Respublika xəstəxanası, Perinatal Mərkəz, Ordubad Ailə Sağlamlıq Mərkəzində ilə tanış olduq. Heç bir xəbərdarlıq etmədən Ordubad rayonun Dəstə kəndindəki həkim amblatoriyasına getdik. Səhiyyə infrastrukturu çox gözəl qurulub. Sadə bir kənd məntəqəsində belə sakinlər üçün hər cür şərait yaradılıb. Perinatal Mərkəzdə ana və uşaq sağlamlığının qorunmasını üçün nə lazımdır var. Muxtar respublikada tanış olduğumuz xəstəxanalarda tibb işçilərinin öyrənməyə meyilli olduğuna şahid olduq. Keçirilən təlimlərdə həkimlərin necə fəallıqla iştirak etdiyini gördük. Burada lazımlı tibb kadrları var.Təminat çox yaxşıdır.  Amma hər sahədə olduğu kimi tibbdə hər ötən gün də yeni-yeni uğurlara imza atılır. Yenilikləri öyrənib zamanla ayaqlaşaraq müasir müalicə üsullarından istifadə etməklə tibbi xidmətin səviyyəsini daha yüksəltmək mümkündür. Bu kimi təlimlərin keçirilməsində  də  məqsəd tibb işçiləri  ilə fikir mübadiləsi aparmaqla bərabər yenilikləri onlara çatdırmaqdır. Təlimlər çox gözəl keçdi. Sözün düzü mən düşünürdüm ki, yorğun iş günü keçirən tibb işçisi təlimlərə soyuq yanaşacaq amma gördüm ki, naxçıvanlı tibb işçiləri təlimlərə çox həvəslə qoşuldu. Onlar yeni biliklər öyrənməyə səy göstərirlər.

Töhfə xanım onu da bildirdi ki, Naxçıvana ayaq basdıqları  ilk anda diqqətlərini  çəkən səliqə -səhman oldu.Şərt o deyil ki, bir bina yeni tikilsin və ya yeni təmir olunsun əsas odur ki, burada dövlətimizin qayğısı ilə tikilən qurulan hər bir yerə o qədər qayğı ilə yanaşılıb ki,  elə səliqəli saxlanılıb ki, hər şey öz yerindədir, qarışıqlıq yoxdur beş on il bundan öncə istifadəyə verilmiş tibb müəsissəsi sanki yeni inşa olunmuş təsiri bağışlayır. Qədim dini ziyarətgah olan Əshabi-Kəhf i ziyarət etdik. İnsan buradakı gözəlliyi görəndə, Vətənimizdən illərdir ayrı düşən qədim Naxçıvanın inşafına şahid olanda dövlətimizin necə güclü və vətəndaşına dəyər verən bir ölkə olduğuna şahid olub qürurlanır.

 İnsanlarınız çox mehriban, səmimi və yeniliklərə  açıqdırlar. Naxçıvanda keçirdiyimiz üç gün çox gözəl görüşlərə və əməkdaşlıqlarla yadda qaldı. Qısa zaman kəsiyində muxtar respublikada yerinə yetirilən islahatlar və layihələrlə tanış olmaqdan məmnun olduq. Ən sevindirici məqam səhiyyədə yeni təşəbbüslərə açıq olmaqdır. Dar zaman çərçivəsində bu dərəcədə əhəmiyyətli işlərin reallaşması, yeni başlanğıclar ümidvericidir. Biz əminik ki, işlər bu istiqamətdə davam edərsə, Naxçıvan səhiyyəsi örnək təşkil edəcək və bu nümunədən ölkəmizin bütün bölgələrində yararlanmaq mümkün olacaqdır.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 17.11.2023 17:31