AZ EN RU

BMT-nin Uşaq Fondu UNICEF-in nümayəndə heyəti Naxçıvanda səfərdədir

    Heyətin Naxçıvan şəhərində keçirilən görüşündə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov təşkilatın nümayəndə heyəti ilə görüşüb. Görüşdə Samiq Sadıxov muxtar respublikada səhiyyə sahəsində reallaşdırılan islahatlardan və görüləcək işlərdən bəhs edib. Vurğulanıb ki, ölkə rəhbərinin apardığı siyasətin təzahürü olaraq səhiyyə sahəsində də əsas məqsəd vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərməkdir. Muxtar respublika rəhbərliyi də səhiyyə sisteminin formalaşdırılması, islahatların yüksək səviyyədə aparılması üçün səylərini əsirgəmir. Qonaqlar ötən aylar ərzində muxtar respublikamızda səhiyyə sahəsində yerinə yetirilən işlər barəsində məlumatlandırılıb. Bildirilib ki, ölkənin səhiyyə sistemində ən önəmli məsələ ilkin səhiyyədir. Vətəndaşların yüksək tibbi xidmətlərdən yararlana bilməsi məqsədilə 37 ailə sağlamlıq mərkəzi, muxtar respublikanın bütün kəndlərində tibb mərkəzləri, eyni zamanda tərkibində peyvənd mərkəzi olan ictimai səhiyyə xidməti yaradılıb. Vurğulanıb ki, yaxın zamanda istifadə ediləcək smart peyvənd sistemi uşaqların peyvənd olunması prosesini asanlaşdırmaqla yanaşı, peyvənddən kənarlaşma hallarının qarşısını alacaq. 
    Görüşdə muxtar respublikada səhiyyə sisteminin gələcək perspektivlərindən də bəhs olunub. Xidmətin ən yüksək şəkildə təmin olunması üçün nəzərdə tutulan layihələr də qonaqlara təqdim edilib. Təcili Yardım korpusu, Ailə Sağlamlıq Mərkəzi, Ağız-Diş Sağlamlıq Mərkəzinin yaradılması üçün fəaliyyətə başlanılıb. 

    Sonra qonaqlar Perinatal Mərkəzlə və Ordubad Ailə Sağlamlıq Mərkəzi ilə tanış olublar.    
    Naxçıvan Muxtar Respublikasına səfər edən Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) –Azərbaycandakı Nümayəndəliyinin Səhiyyə və Qidalanma proqramının rəhbəri Töhfə Cəmilova və Erkən uşaqlıq dövrü inkişaf konsultantı Yelena İsrafilova Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova ilə görüşüb.

    Görüşdə qonaqları salamlayan komitə sədri qeyd edib ki, ölkəmizdə həyata keçirilən dövlət uşaq siyasətinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. Muxtar respublikada uşaq hüquqlarının qorunması, bu istiqamətdə görülən işlərin prioritetlər sırasında olduğu və ölkədə həyata keçirilən dövlət uşaq siyasətinin muxtar respublikada da uğurla həyata keçirildiyi bildirilib. Ramilə Seyidova muxtar respublikada yaşayan uşaqlar, o cümlədən sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum, tək valideynli uşaqların hüquqlarının qorunması ilə bağlı komitə tərəfindən mütəmadi görülən işlər, aparılan monitorinqlər, maarifləndirici tədbirlər haqqında ətraflı məlumat verib və UNICEF-in Azərbaycandakı Nümayəndəliyi ilə birgə əməkdaşlığın vacibliyini vurğulayıb.
    Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun – UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin Səhiyyə və Qidalanma proqramının rəhbəri Töhfə Cəmilova, Erkən uşaqlıq dövrü inkişaf konsultantı Yelena İsrafilova erkən uşaq dövrü inkişaf yol xəritəsinin vacibliyindən, muxtar respublikada fəaliyyət göstərən qurumların koordinativ formada fəaliyyətinin zəruriliyindən, eyni zamanda valideynlərin, sosial işçilərin, psixoloqların uşağın inkişafındakı rolundan, muxtar respublikada yaşayan valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud uşaqların vəziyyətindən, onlarla bağlı görülən işlərdən söhbət açıb, eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) – Azərbaycandakı Nümayəndəliyi tərəfindən icra olunan layihələr və keçiriləcək təlimlər haqqında məlumat verilib, uşaqlarla bağlı mövcud problemlər müzakirə olunub, gələcək perspektivlər barədə fikir mübadiləsi aparılıb.
    BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyinin Səhiyyə və qidalanma proqramının rəhbəri Töhfə Cəmilova “Şərq qapısı” qəzetinə müsahibəsində qısa zaman kəsiyində muxtar respublikada yerinə yetirilən islahatları və layihələri yüksək qiymətləndirib: – Naxçıvana üçgünlük səfərimiz bu gün etibarilə başladı. Bu günə kimi görülən işlər, səhiyyədə yeni təşəbbüslər haqqında məlumatlar əldə etdik. Dar zaman çərçivəsində bu dərəcədə əhəmiyyətli işlərin reallaşması, yeni başlanğıclar ümidvericidir. Bu istiqamətdə işlər davam edərsə, əminik ki, Naxçıvan səhiyyəsi örnək hesab ediləcək. Bu nümunədən isə ölkəmizin bütün bölgələrində yararlanmaq mümkün olacaq. Bu gün BMT-nin Uşaq Fondunun “Səhiyyə və qidalanma” proqramı ilə əməkdaşlıq istiqamətlərini də müzakirə etdik: iki qurum olaraq hansı sahələrdə təcrübələrimizi bölüşə bilərik, bir-birimizə necə dəstək ola bilərik? Xüsusilə bizim mandatımıza uyğun olaraq ana və uşaq sağlamlığı məsələləri prioritet təşkil edir. Bu baxımdan ilkin səhiyyə xidmətlərində, tibbi kadrların bilik və bacarıqlarının artırılması əsas məsələləri təşkil edir. Hamilə qadınlara, doğuşa yardım xidməti göstərən müəssisələrdə də UNICEF-in tövsiyələrinə uyğun olaraq yeni təşəbbüslərin tətbiqi mümkündür. Məhz bu baxımdan biz əməkdaşlıq etməkdən məmnun olacağıq.

 Aysel YUSİFZADƏ

 Gülcamal TAHİROVA

Nəşr edilib : 14.11.2023 19:29