AZ EN RU

Bizim eldə qar gözləri üşütmür

Biz uşaq olanda - 1990- cı illərdə  qarın yağmasını, qışın gəlməsini istəməzdik. Qış gələndə sanki qara buludlar alardı Naxçıvanın başı üstünü. Sular donar, təbii qaz gəlməz, işıqlar yanmazdı. Qış da sanki öz məharətini göstərirmiş kimi  insanlara zülm edərdi. Evdə yanan neft, soyuq sinif otaqlarında isə oradan -buradan tapıb gətirdiyimiz yaş odunla qalanan sobaların istisinə isinməmiş tüstüsünə boğulardıq.  Çöldə dizə kimi çıxan qarda açdığımız cığırla məktəbdən evə, evdən məktəbə gedərdik. Günlərlə yağan qarla oynamaq həvəsi duymazdıq. Çünki qış bizim üçün əzab kimi idi. 
Çörəyin belə ərşə çəkildiyi həmin illərdə həm də düşmənlər sərhədlərimizə amansız hücumlar edir, Sədərəyi hədəf almaqla yetinmir, Şərur şəhərini də top atəşinə tuturdular. 
1990 - cı ilin bir yanvar səhəri başlayan qar yağışı altında məktəbə yol aldığımız gün sinif yoldaşımızın atasının Sədərəkdə ağır döyüşlərdə şəhid olduğu xəbərini aldıq. Və həmin gün əylənib güldüyümüz istirahət parkı Şəhidlər xiyabanına döndü. Artıq biz oraya əylənməyə yox, şəhidlərimizi ziyarət etməyə gedir, balaca əllərimizlə Məhərrəm və Mirhəşim Seyidovun məzarlarına yağan qarı təmizləyib üstünə gül dəstəsi qoyurduq. 
Hər dəfə qar yağanda, yer- yurd ağaranda o çətin günlər, çətin günlərdə elinə dayaq olub onu bəlalardan qurtaran hamımızın Heydər babası, Ulu Öndər  gəlir ağılıma.  Ən ağır günlərdə belə mətanətini itirməyən bu yurdun insanları  ürəyini Vətən eşqi ilə isidir, soyuq səngərlərdə gecə-gündüz döyüşüb düşməni bir addım belə irəli buraxmadılar. 
Artıq həmin vaxtları ən çətin və ən şərəfli günlər kimi xatırlayırıq.İndiki uşaqların evi də, sinif otaqları da istidir. Onlar   çıraq  işığında dərs oxumur, qar yağanda sevinclə çölə qaçır qartopu oynayırlar. Çünki onlar azad və bütöv Azərbaycanın övladlarıdır. Onlar azad Vətənin bəxtəvər uşaqlarıdır.

Ramiyə Əkbərova

Nəşr edilib : 14.01.2024 11:24