AZ EN RU

Biz səni tanıdıq. Sən o qadınsan…

Xatırlamıram… İllər öncə, hələ orta məktəbdə təhsil alarkən Xocalı həqiqətlərinə aid bir kitab oxumuşdum. Kitabda o müdhiş gecədə əsir düşmüş soydaşlarımızın acı xatirələri öz əksini tapmış, Xocalı şəhidlərinin cəm olduğu Ağdam məscidinin qarşısında yaşananlar yazıçının bədii təxəyyülü ilə vicdanları titrədəcək tərzdə nəsrə çəkilmişdi. Qısa hekayələrdə yaşanan insan taleləri o qədər acı, o qədər ağır idi ki, mənim üçün… Gözləri çıxarılan, qulaqları kəsilən, erməni daşnakları tərəfindən hər növ işgəncəyə, zülmə, əzab-əziyyətə məruz qalan həmvətənlərin nakam həyatları və daha nələr-nələr… Ancaq o hekayələrdə insana ən çox təsir edən, qadınlarımızı xısın-xısın ağladıb, kişilərimizi vicdan məhkəməsi qarşısında xəcalətli edən, qəlblərimizdə qubar bağladan məhz onun taleyi idi. Xocalıda həyatını itirən, ömrünün bahar çağında dünyaya gözlərini yuman və öz doğma anasının belə nəşini tanıya bilmədiyi başsız qadının taleyi…

 Başsız qadın! Nə qədər ağırdır bu ifadəni dilə gətirmək. Görəsən, bu adı daşımağın, daşımağa məcbur olmağın yükü yalnız səni həyata bəxş edən atanı, ananı, sənə öz qəlbinin hərarətindən pay edən qardaşını, bir ömrü bölüşdüyün həyat yoldaşını itirməkmidir? Onların yoxluğunun verdiyi ağrı-acıları qəlbində daşımaqmıdır? Gəlimli-gedimli, bir ucu ölümlü dünyada yön alacaq ümid yolu tapmamaq, söykənəcək, sənə arxa-dayaq olacaq Tanrı bəndələrinin sevgisindən, şəfqətindən məhrum olmaqmıdır? Başsız qadın olmaq bu dünyada tək qalmaqmıdır? Yoxsa erməni cəlladları tərəfindən əzab-əziyyətlərə tab gətirmək, bir zamanlar atanın, ananın sığal çəkdiyi başının düşmən əlində “oyuncağa” çevrilməsinin verdiyi dəhşəti düşünə-düşünə işıqlı dünyaya gözlərini yummaqmıdır?

 Başsız qadın – başsız şəhər və viran olmuş Xocalı! Nə qədər bənzər talelər var bu həyatda. Mən yalnız insanların taleləri bir-birinə oxşayır deyə bilirdim. Belə öyrətmişdilər mənə. Ancaq o dəhşətli gecə yalnız insanların, daha dəqiq desəm, məzlum xocalıların taleyini dəyişmədi, o gün, o qara təqvim bütöv şəhərin – Xocalı şəhərinin taleyini dəyişdi. Külə dönmüş şəhərin taleyi ilə məhv olmuş, ümidləri, arzuları bir quş qanadında Tanrı dərgahına pərvazlanmış soydaşlarımızın taleləri birləşdi, bütünləşdi. Onlar həyatlarını itirdilər, Azərbaycan isə Xocalını…

Xatırlayaq o günləri, çətin də olsa, xatırlayaq. Çünki bu təqvim xalqımızın milli şüuruna mürəkkəblə yox, al qanla yazılmış tarixdir, tarixin özüdür, həqiqətdir! 1992-ci il fevralın 25-dən, 26-na keçən gecə 366-cı motoatıcı alayın köməyi ilə daşnak erməni-rus hərbi birləşmələri beynəlxalq hüququn norma və prinsiplərini pozaraq Xocalıda analoqu olmayan faciə törətdi. Həmin dəhşətli gecədə 613 nəfər soydaşımız amansızlıqla qətlə yetirildi. Onlardan 56 nəfər Xocalı sakini xüsusi amansızlıqla – gözləri çıxarılaraq, başı kəsilərək, diri-diri yandırılaraq şəhid edildi…

O 56 nəfərdən biri idi haqqında danışdığımız başsız qadın. Onun haqqında çox rəvayətlər, hekayələr eşitmişəm. Çox şeirlərin bu faciədən ilham aldığını duymuşam. Deyirlər ki, o qadının cansız bədəni Ağdam məscidinin həyətində, məscid divarının bir küncündə həftələrlə qalıb. Ailə üzvlərindən sağ qalanlar onu axtarıb, arayıb, ancaq tapa bilməyib. Yaxınlarının cənazəsini soraqlayan bir neçə Xocalı sakini başsız qadını axtaranlara “divarın küncündə bir neçə cənazə var, başları kəsildiyi üçün tanımaq olmur. İçlərində uşaq da var, yaşlı da, gənc qadın da. Şəhidinizi onların içində axtarın, bəlkə, tapa bildiniz…” söyləmişdi. Nəhayətində başsız qadının anası getmişdi qızının sorağına. Əllərinin nəcibliyindən, sərvi boyundan, dik qamətindən hiss etmişdi onun övladı olduğunu. Ancaq inanmamışdı. Daha doğrusu, inanmaq istəməmişdi. Ancaq ana ürəyi yanılmamışdı. Qızının incə barmaqlarındakı xına izlərindən tanımışdı qızını. Tanımışdı və başsız bədənini bağrına basmışdı, qucaqlamışdı övladını. Sanki Ayla Günəş bir araya gəlmişdi, qovuşmuşdu bir-birinə. Anası tanımışdı başsız qadını, ancaq biz tanıya bilməmişdik. Ətrafdakı həmvətənlər, bu “mənzərəni” görənlər də soruşmamışdı adını, maraqlanmamışdı kimliyi ilə. Elə sakitcə izləmişdilər bu dəqiqələri. Axı böyük dərdlərin dili olmur… Hafizələrdə başsız qadın olaraq anıldı, onun adı şüurlara belə həkk olundu. Biz başsız qadını tanımadığımız, tanıya bilmədiyimiz gün Xocalı Azərbaycandan ayrılmışdı. Xocalı da başsız qalmışdı…

İndi o tarixdən çox zaman keçib; nə az, nə çox düz 32 il… Ötən bu illər ərzində xalqımızın birliyi, bərabərliyi sayəsində milli şüurumuzda “Xocalıya ədalət!” şüarı alovlanıb. Bu şüar, bu ədalət andı bizi Qarabağa, oradan da qeyrət rəmzimiz sayılan Xocalıya aparıb. Ürəyi Vətən sevgisiylə zirehlənmiş Vətən oğullarının qəhrəmanlığı, mübarizliyi ilə düşmənin keçilməz hesab etdiyi o tikanlı, qanqallı yolları rəşadətli Ordumuz qanlarıyla, canlarıyla keçib. İndi Qarabağ da alınıb, Xankəndi də, Xocalı da. O Xocalı ki hələ 44 günlük şanlı Vətən müharibəsində gözlərimiz onun yollarına dikilmişdi; ana-bacılarımızın yalınayaq, başıaçıq pənah gətirdiyi o yollara. O Xocalı ki Kətik meşəsində erməni əlinə əsir düşməmək üçün övladını boğub öldürən anaların ah-naləsinə şahidlik etmişdi. O Xocalı ki…

2020-ci ilin 27 sentyabr tarixdə ordumuzun əks-hücum əməliyyatı ilə başlayan və 44 gün davam edən Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbə nəticəsində tarixi torpaqlarımızın böyük bir hissəsi düşmən işğalından azad edildi. Qısa zaman ərzində Qarabağda böyük dirçəlmə və inkişaf dövrü başladı. Ali Baş Komandanımızın siyasi səriştəsi və uzaqgörənliyi ilə bir zamanlar ata-baba yurdundan didərgin edilmiş soydaşlarımız Vətənlərinə, öz yurd-yuvalarına qayıtdı. 2020-ci ilin noyabrında rəsmi təslim aktını imzalayan separatçı Ermənistanın Qarabağ xülyası və “dənizdən dənizə Ermənistan” yaratmaq isteriyası Vətən müharibəsindən illər sonra 2023-cü ilin sentyabrında, elə şanlı Vətən müharibəsi ərəfəsində birdəfəlik puç oldu. Belə ki, ötən il 19-20 sentyabr tarixlərdə Azərbaycan Ordusunun apardığı lokal xarakterli antiterror tədbirləri ilə Xankəndi və Xocalı şəhərləri də separatçılardan təmizləndi. Həmin tarixi gün xalqımız tərəfindən böyük qürur və sevinclə yad edildi. Xüsusilə də Xocalı şəhərinin düşmən işğalından azad edilməsi milli şüurun dirçəlməsi, Qarabağ qisasının alınması baxımından xalqımız üçün böyük əhəmiyyət daşıdı. Elə Ali Baş Komandan Xocalı azad olarkən yaşadığımız sevincin şövqünü digər ərazilərimizin sevincindən daha şirin, daha üstün hesab etməsi də bunun nəticəsi idi. İrəliləyən müddət ərzində, daha dəqiq desək, oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Üçrəngli, ay-ulduzlu bayrağımız yüzlərlə şəhid vermiş bu müqəddəs şəhərin azad Vətən səmasında çırpındı. Ancaq bu dəfə həmişəlik…

Xocalı! İllərdir, xalqımızın qanayan, heç zaman qaysaq bağlamayan yarası deməkdir. Gözü yollarda qalan soydaşlarımızın ümid çırağı, qapısı bağlı qalan ailələrin pənah yeri deməkdir. Xocalı! Min illər boyu el mirasından yağı düşmənə pay verməyən əcdadlarımızın qeyrət mücəssiməsi, Oğuz elinin namus rəmzi deməkdir. Xocalı! O gecədə səsi ərşi titrədən ataların incikliyi, nəfəsi süd ətri verən körpələrin son nəfəsi, Allahdan küsən anaların ah- naləsi deməkdir. Toy xınasının izləri əllərindən silinmədən qanını, canını bu torpağa qurban verən başsız qadın deməkdir. Xocalı sən, Xocalı mən, Xocalı biz deməkdir…

 Başsız qadın, bilirsənmi, mən artıq səni tanımışam. Səni hər kəs tanıyıb. Sən böyükdən-kiçiyə, qocadan-cavana hər birimizə isti qucaq, doğma ocaq olan məmləkətsən. Biz səni tanıdıq qərib quşlar isti yuvasına qayıdanda, şəhid qoxulu bayrağımız azad Vətən göylərində dalğalananda, səsi ərşi titrədən analar Allahla barışanda. Biz səni tanıdıq Ali Baş Komandanımız, xalqımız və ordumuz bir amal uğrunda birləşəndə, “Ya Qarabağ, ya ölüm!” şüarını özlərinə həyat amalı seçəndə, “Əziz Şuşa, əziz Füzuli, Qubadlı, Zəngilan, sən azadsan!” sözlərini eşidəndə. Biz səni tanıdıq, başsız qadın. Sən ana Vətənsən, Qarabağsız başı bədənindən ayrı düşən Azərbaycancansan! Anamız Azərbaycan…

Nəşr edilib : 26.02.2024 00:41