AZ EN RU

“Biz qovuruq, onlar qaçır”, – deyən igidimiz Hafis!

Hafis Cavanşir oğlu Qasımov

18.07.1998-14.10.2020

    Mənim üç oğul övladım var. İkisi bir yana idi, Hafis bir yana. Balaca vaxtından qeyri-adi uşaq idi Hafis. Böyük qardaşı hərbi liseydə təhsil alırdı. Deyirdi ki, ana, mən də hərbçi olacağam. 

    Bir gün oturmuşdum. Telefonuna nəsə yükləmişdi. Gəldi ki, ana, gəl sənə bir şey göstərəcəm. Telefonu açdı, proqrama girdi, özünü qocaltdı. Sanki 50-60 yaşı varmış kimi. Hafisi qucaqladım ağladım ki, sənin qoca vaxtını görmək istəmirəm. O da məni qucaqladı. Dedi, ana, sən məni qocalmış görməyəcəksən. Elə hər zaman körpə balan kimi də xatırlayacaqsan. Ona həmişə körpəm deyirdim. 
    Müharibəyə getdiyini də demədi. Nə vaxt soruşurdum, deyirdi ki, ana, nə müharibə, təlimlərdəyik. Tez-tez danışardıq. Mənim o biri oğlum da hərbçidir. O da Murov tərəfdə döyüşürdü. Elə ki, Hafislə danışa bilmirdik, tez ona zəng vururduq ki, Hafisdən xəbər desin.
    Sonuncu dəfə 13 oktyabrda danışdıq. 14 oktyabrda şəhid oldu mənim balam. O qədər danışdıq ki, həmin gün. Deyərlər ki, gözümdən qan alana qədər. Bax elə çox danışdım. Doymurdum balamdan. O da ancaq dostlarının, komandirinin şəhid olmağından danışırdı. Deyirdi, ana, mənə bir şey olsa, mənimlə fəxr elə. Başını dik tut. Heç fikir etmə.
    Danışdıqdan sonra həmin dostlarının və komandirinin şəkillərini, sonra öz şəklini duruma qoydu. Yazdım ki, Hafis bu nədir? Öz şəklini niyə qoydun? Yazdı ki, ana, mən də onların qisasını alıb şəhid olacağam.
    Həmin gün bütün qohum-əqrəba ilə zəngləşib. Yaşıd dostları ilə də danışıb. Onlara deyirmiş ki, biz qovuruq, onlar qaçırlar. Onları necə məhv etməklərindən danışırmış.
    14-15 oktyabrı sakit keçirdim. Amma 16-sı həsrətli kimi oğlumdan zəng gözləyirdim. Amma 16-sı balamın zəngi deyil, şəhid xəbəri gəldi. Balamı itirdim. Balam şəhid olub uğrunda canını verdiyi Vətəninə qovuşdu! 

Nəşr edilib : 24.02.2024 22:45