AZ EN RU

Biz gənclərin əsas missiyası ölkəmizi xaricdə layiqincə təmsil etməkdir

    “Həmrəyliyimizin ən böyük ideyası – Azərbaycançılıq” rubrikasının növbəti qonağı hazırda Budapeşt Texnologiya və İqtisadiyyat Universitetində doktorantura təhsili alan, Baker Hughes-da maliyyə mütəxəssisi kimi çalışan Xudayar Lətifovdur. 
    1999-cu ildə Ordubad şəhərində anadan olan Xudayar xaricdə yaşamaq, təhsil almaq, eyni zamanda dünyanın müxtəlif yerlərində olan azərbaycanlıların həmrəyliyi, birliyi ilə bağlı düşüncələrini bölüşdü:
     – Macarıstanın paytaxtı Budapeşt şəhərində yaşayıram. Burada doktorantura təhsilimi davam etdirirəm, eyni zamanda ixtisasımla əlaqəli maliyyə sahəsində çalışıram. Hər il burada 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü azərbaycanlı qardaş və bacılarımızla birlikdə təntənəli şəkildə qeyd edirik. 

    Macarıstana gəldiyim zamanı xatırlayıram. Xarici ölkəyə alışmaq, buradakı şəraitə uyğunlaşmaq, doğma Vətəndən kənarda yaşamaq çətin hiss etdirsə də, zamanla alışmağa başladım. Bu uyğunlaşma prosesində, əlbəttə, öz yerli azərbaycanlı dostlarımın, yoldaşlarımın köməyini unutmaram. Hər dəfə yeni xarici dostlarla yanaşı, azərbaycanlı dostlar tanıdıqca, artıq bura mənə heç də evimdən kənar bir yer kimi gəlmirdi. Ümumiyyətlə, insan harada olursa olsun, öz doğma yurdunun insanını gördüyü zaman sanki öz evində hiss edir. 

    Zaman keçdikcə yerli təşkilatlarla, diaspor ilə maraqlanan və təşkil olunan hər bir tədbirdə yaxından iştirak edən Xudayar dedi: – Biz gənclərin əsas missiyası ölkəmizi xaricdə layiqincə təmsil etmək olduğu üçün, hamımız bu kimi tədbir və təşkilatlarda iştirak etməkdə qürur duyuruq. Belə tədbirlərə nümunə olaraq qeyd edə bilərəm ki, bu il Avstriyanın Vyana şəhərində xaricdə yaşan azərbaycanlılarla birlikdə Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı keçirilən aksiyada iştirak etdik, günahsız qurbanlara ədalət çağırışını həmişəki kimi bütün dünyaya çatdırdıq. İyun ayında Budapeştdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert maraqlı keçdi. Macarıstanın məşhur “Szolnok” simfonik orkestri tanınmış azərbaycanlı dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Asəf Zeynallının, macar bəstəkarı Bela Bartokun, eləcə də italyan klassiki Cakomo Puççininin əsərlərini böyük ustalıqla ifa etdi.
    Noyabrın 8-də biz azərbaycanlı gənclər Zəfər Gününə həsr olunmuş ənənəvi “Victory Hiking” yürüşündə bu qürurverici tarixi günü birlik və qələbə ruhu ilə qeyd etdik. Yürüş zamanı Şuşanın əkiz şəhəri adlandırılan Gyöngyösi şəhərində yerləşən ölkənin ən hündür zirvəsi olan Keşkeş zirvəsinə qalxdıq. Bu kimi tədbirlərdə iştirak etmək harada olmağımızdan asılı olmayaraq, biz azərbaycanlıların yalnız bir gün yox, hər zaman birlik və həmrəy olmasının təcəssümüdür. 
    Xudayar sonda bütün Azərbaycan xalqının və dünya azərbaycanlılarının bayramını təbrik edib, xalqımızı daim bir, həmrəy görməyi arzuladı.

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 21.12.2023 17:15