AZ EN RU

“Biz gedirik, ancaq qalır rüzigar, Biz ölürük, əsər qalır yadigar”

    “Keçmişlə ədəbiyyat arasında” kitabında qeyd edilir: “...Məşhur ustad Əcəmi ən vacib bir işini, Böyük Atabəyin sifarişini başa çatdırmışdı. Bu, Ana Şahbanunun, Atabəy Şəmsəddin Eldənizin zövcəsi Möminə xatının türbəsi idi… Türbədən eşidilən səs, Atabəy Şəmsəddin Eldənizin ilıq nəfəsinin pıçıltısı sanki indi də qulaqlarımızdadır. Üzünü başdaşına söykəyərək yerə çökmüş, məzarı bağrına basmış bu qoca bahadır, möhtəşəm döyüşlərin yenilməz qazisi gözyaşları içində pıçıldayırdı: “Biz ayrılanı düz bir ay oldu... Burada bir memar var... Səndən ötrü ona türbə sifariş etdim... Yəqin, hazırını görməyəcəm... Eybi yox, mən görməsəm də olar... Qoy başqaları görsün... Qoy sənin adın yaşasın. Sən yox olub getməyəcəksən, sən burada, bu yerdə kök atacaqsan. Günlərin bir günündə, hər şeyin unudulub getdiyi, yaddan çıxdığı bir gündə sənin soy ağacın təzədən bəhrə verəcək. Sənə söz verirəm... O vaxtlar ki, bu Yer üzündə bizlərdən heç birimizin hökmü – fərmanı, adı-sanı qalmayacaq, mən, mənim hakim oğullarım, böyük sultanlar, əmirlər belə fani olacaq, bax həmin o vaxtlarda da sənin adın yaşayacaq və uca tutulacaq...” 
    Bu sözlər şəhərin bir hissəsini yerləşdiyi yüksəklikdən izləyən, yamyaşıl bağın ağuşunda qərar tutub, qaynar həyatla iç-içə olan abidəyə adı verilən, el arasında hörmət və sevgi sahibi olan Möminə xatına ithaf olunub. Həmin abidə isə öz yaradıcısını məğrur-məğrur izləyən, qədim Xan sarayını öz əhatəsinə almış, zərafət nümunəsi Möminə xatın türbəsidir. Şəhərin qədim Şərq memarlıq xüsusiyyəti və müasir infrastrukturunu harmoniya ilə özündə ehtiva edən bu qədim abidə elə tarixin özüdür. Türbə yalnız Azərbaycan tarixi və memarlığının deyil, həm də Azərbaycan qadınına duyulan sevgi və hörmətin nişanəsidir. 
    O sanki öz əzəməti, məğrurluğu ilə səni səsləyir. Bu dəvətə təşrif etməmək mümkün deyil... Türbə və onun ətrafında tarix çox canlıdır. Onun ətrafında dövr edib nəzər yetirəndə artıq sən müasir Naxçıvanda yox, əsrlər öncə görkəmli hökmdarların hökm sürdüyü, mühüm tarixi hadisələrin cərəyan etdiyi zamanın insanı olursan. 
    Saf eşqi simvollaşdıran incə kompozisiyalı bu türbə həm də türk-İslam aləminin görkəmli abidələrindən hesab edilir. Dövrün portretini çəkən bu abidənin yanındakı Açıq Səma Altında Muzey də özlüyündə böyük mənaya sahibdir. Deyirlər ki, o dövrdə məzar daşları indiki kimi dəbdəbəli və göstərişli deyil, sadə qoyularmış. Muzeydə sərgilənən qoç heykəllər də məhz həmin məzarlarda əbədi yuxuya gedənlərin məzar üstünə qoyulan heykəllərdir. Heykəllərə həkk olunmuş təsvirlər isə həmin insanların hansı peşə sahibi olduğunu ifadə edir. Keçmişin bizə miras qoyduğu abidəni ziyarət edənlər bu muzeyi, heykəlləri və fiqurları görmədən türbəyə daxil olmurlar. 
    Bu abidəni seyr etmək belə insan ruhunun dincəlməyinə kifayət edir. Məqbərənin gövdəsini bəzəyən həndəsi ornametlər, epiqrafik naxışlar kənardan baxıldıqda bir-birinə çox bənzəyir. Lakin istifadə edilən hər naxış sanki zərgər dəqiqliyi ilə bir-birindən fərqləndirilib. Türbənin başdan-başa on guşəsinin bir-birini təkrarlamayan, azacıq belə oxşamayan mürəkkəb həndəsi naxışlarla işlənməsi onun yaradıcısının – Memar Əcəminin zəngin bədii təfəkkürünün zənginliyindən xəbər verir. Özünəməxsus memarlıq xüsusiyyətlərinə malik olan bu monumental abidəni Memar Əcəminin şah əsəri hesab etmək olar.
    Böyük qüdrət sahibi olan hökmdar Şəmsəddin Eldəniz öz həyat yoldaşının ölümündən sonra ona həsr etdiyi abidənin tikintisinin tamamlanmasını görə bilmir. Çünki o ömür yoldaşından cəmi bir ay artıq yaşaya bilir. Böyük məhəbbətin nişanəsi olan bu nadir əsərin haqqında çox söz söyləmək olar. Lakin burada əsas məharət sahibindən – onu ərsəyə gətirən, bu gün heykəlinin Möminə xatın türbəsi ilə üzbəüz dayandığı Memar Əcəmidən bəhs etmək də mütləqdir. O memar ki bu gün onun 900 illik yubileyi beynəlxalq miqyasda –  UNESCO çərçivəsində qeyd olunacaq yubileylər siyahısına daxil edilib. Naxçıvan memarlıq məktəbinin banisi hesab edilən Əcəmi Naxçıvaninin yaradıcılığı Azərbaycanda və dünya memarlığında bu gün də ilham mənbəyi rolu oynayır. Bu görkəmli memara nə qədər hündür, nə qədər böyük heykəl qoyulsa belə onun bizə miras qoyduğu abidələrin dəyərindən, yaradıcı irsindən böyük olmayacaq, adı daim yaddaşlarda qalacaq. Bəlkə də, dahi sənətkar bu abidənin qazanacağı şöhrəti əvvəlcədən hiss edərək yazmışdı: 

    Biz gedirik, ancaq qalır rüzigar, 
    Biz ölürük, əsər qalır yadigar.

Aysel YUSİFZADƏ

Nəşr edilib : 29.12.2023 17:35