AZ EN RU

Biz də belə millətik

Keçmişi öyrənmədən bu günümüzü anlaya bilmərik. 1992-ci il fevralın 23-də Naxçıvandan Bakıya getmişdim. O tarixlərdə ermənilər Azərbaycanın Qarabağ bölgəsinə hücum etmiş, amma hələ Xocalı soyqırımını törətməmişdilər. Qarabağın müxtəlif yerlərində müdafiəsiz qalan azərbaycanlılar erməni silahlı dəstələri tərəfindən qətl edilir, qaçanlar canını qurtarır, qaça bilməyənlər isə elə yerindəcə işgəncə edilərək şəhid edilirdilər.

Həmin vaxt Azərbaycan hakimiyyətində rusiyayönlü Ayaz Mütəllibov idi. İşlədiyim “Milliyət” qəzetinin Bakı təmsilçisi Rəhbər Bəşiroğluna zəng vuraraq Qarabağa getmək üçün icazə almasını istəmişdim. Amma icazə verməmişdilər. Həmin vaxt Bakıda Şəhidlər Xiyanına gələn şəhid cənazələrini qarşılayır, qazilərdən müsahibələr alır və şəhərdəki mitinqlərə qatılırdım.

1992-ci il fevralın 25-də 26-na keçən gecə Xocalıya ermənilər hücum edərək insanlıqdan kənar soyqırımı törətmişdilər. Qanım donmuşdu. Yüzlərcə insan qətl edilmiş, minlərcə əsir alınmış, on minlərcə insan qışın sərt soyuğunda yalın ayaqla Bakıya doğru qaçmağa məcbur olmuşdu. 27-28 fevralda “Azadlıq” Meydanındakı poçt bölməsindən “Milliyət” qəzetinin redaksiyası ilə əlaqə saxlayaraq vəziyyəti anlatmağa çalışırdım. Belə məlumat verirdim: “Ermənilər Qarabağın müxtəlif şəhər və qəsəbələrində qətliamlar törədirlər. Mətbuat işçilərinə Qarabağa getməyə icazə verilmir. Yalnız həmin yerləri tanıyan yerli müxbirlərdən müəyyən məlumatlar ala bilirik. Şəhidlər Xiyabanında qazilərlə görüşdüm. Vəziyyət çox ağırdır. 1 milyona yaxın insan bölgəni tərk etmək məcburiyyətində qalıb. Qışın sərt soyuğunda ayaqyalın həmin bölgələri tərk edən insanların bir çoxu elə yolda donaraq ölüb. Bir çoxu əsir alınıb. Qadın, uşaq, yaşlılar işgəncə edilərək öldürülüb. Hamilə qadınların qarnı yırtılaraq uşağı çıxarılıb öldürülmüş, ələ keçirilən əsirlərin bədən üzvləri kəsilmiş, insanlıq tarixinin ikinci Kərbəlası yaşanmışdır”.

Poçtdakı danışıq məntəqəsindən bunları deyərkən gözlərimdən yaş axdığını və danışdıqlarımın orada gözləyən insanlar tərəfindən fərq edildiyini də bilmirdim. Təbii ki, bu arada hakimiyyətdə olan rusiyayönümlü Ayaz Mütəllibovun da baş verən hadisələrə səssiz qaldığını, bölgəyə heç bir yardım göndərmədiyini deyirdim. Yəni, 1992-ci ildə ermənilər elə bir soyqırımı etmişdilər ki, insan insan olduğundan utanmışdı. Dağlar-daşlar insanlardan utanmışdı. Quşlar, pişiklər, itlər insandan utanıb qaçmağa başlamışdı. İnsanların ağı səsləri ərşə çıxır, bir milyon qaçqın köhnə binalara, vaqonlara, yəni nə tapdılarsa ətrafını bir parça ilə qapadıb yaşamağa çalışırdılar…

Bu dəqiqə o gördüklərim bir film lenti kimi gözlərimin önündən gəlib keçir. İndi gedib gördüyümüz həmin Şəhidlər Xiyabanı o zamanlar belə deyildi. Sıradan bir qəbirstanlıq kimi idi. Və orada həm şəhid anaları ilə birgə ağlamış, həm də qazilərlə bir-birimizə sarılıb təsəlli etmişdik.

İndi aradan tam 31 il keçib. 2020-ci ildə 44 gün sürən Qarabağ müharibəsində Azərbaycan ordusu mülki insanlara bir mərmi belə atmadı. Ələ keçirdikləri mülki insanların hamısına mərhəmətlə davranmış, əsirlik münasibəti belə, göstərməyərək ehtiyaclarını təmin etdikdən sonra Ermənistana təhvil vermişdilər. Amma 44 günlük savaşının ardından ermənilər atəşkəs anlaşmasını 258 dəfə pozmuş və davamlı olaraq bölgədə yeni bir müharibənin yaranmasına can atmışdılar. Azərbaycan Prezidenti cənab İlham Əliyev davamlı olaraq onlara xəbərdarlıq etdi, razılaşmaya sadiq olun – dedi. Ancaq erməni silahlıları buna əhəmiyyət verməyərək yenidən sərhədlərimizi tanımadıqlarını nümayiş etdirməyə başlayınca Azərbaycanın tərs şilləsi ilə yerlərinə oturdular. Azərbaycan bu dəfə də separatçılara ”təslim olsanız, heç bir problem olmayacaq, təslim olmasanız bir-bir öləcəksiniz”- deyə xəbərdarlıq etdi. Erməni diasporunun və daşnaqların əmrində olan separatçıların bir çoxu mübarizə aparmağı seçərək əməliyyat zamanı öldürüldü, digərləri isə təslim olmağa məcbur edildi.  

İndi Xankəndi və Xocalını boşaldan ermənilər 1992-ci ildə buranı tərk edən azərbaycanlılar kimi getmir. Kimisi şəxsi avtomobili ilə bütün əşyalarını yığaraq, kimisi ictimai nəqliyyatla gedir. Ac olanlara isti yemək verilir, sığınacaq yeri olmayanlara yer veriir, xəstə olanlar müalicə edilir. Yəni, biz öz insanlığımızı yenə də göstəririk. Hərbi sahədə müharibə başqadır, mülki insanların hüquqları başqadır. Azərbaycan bu günə qədər mülki qadın, yaşlı, uşaq, gənc heç bir erməniyə tək bir söz belə deməyib. Ancaq həmin mülki ermənilərin uşaqları, əmiləri, dayıları, bir sözlə qohumları 1992-ci ildə yüzlərlə Azərbaycan vətəndaşını qətl etmişdilər.

Bax, biz belə millətik! Hərb qanunlarına uyğun müharibə aparmağı bilirik, ancaq qətliam törətməyi əsla bilmərik!

Ən qısa sürdə Xankəndində görüşmək ümidi ilə…

Cabbar ŞIKTAŞ

“Yeşil İğdır” qəzetinin Baş redaktoru

 

Nəşr edilib : 09.10.2023 15:18