AZ EN RU

Biz bunu bir ticari iş kimi yox, qardaşlıq borcu kimi görürük

    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi yurdumuzun mühüm səhiyyə turizmi ünvanlarından olan Duzdağ Fizioterapiya Mərkəzinin beynəlxalq sertifikat ilə təmin olunması üçün Europa Spa Assosiasiyasına müraciət ünvanlayıb. Evropespa Med Beynəlxalq Sertifikatlaşdırma İnstitutunun Almaniya ofisinin Türkiyədəki ekspertləri bu müraciət əsasında Duzdağ Fizioterapeya Mərkəzində yoxlamalara başlayıb. Həmin yoxlamaları aparan türkiyəli ekspertlərlə həmsöhbət olduq. 
    Ankara şəhərindən olan Murad Kaya ixtisasca elektirik, elektronika mühəndisidir. M 2 Beynəlxalq keyfiyyət direktorudur. O dedi ki, ilk dəfədir Naxçıvana gəlir. Qardaş ölkənin səhiyyə turizminin inkişafına və dünyada tanınmasına dəstək verməkdən qürur duyur. Müsahibim dedi: – Muxtar respublikanın səhiyyə naziri vəzifələrini icra edən Samiq Sadıxovla söhbətləri də çox səmimi keçib. Onun bu işə necə həvəslə yanaşdığına və bu məkana beynəlxalq status almağı ürəkdən istədiyinə şahid olmaq sevindiricidir. Yoxlamaları yekunlaşdırıb baş ofisə məlumat verdikdən sonra buranın dünya səhiyyə turizmi sahəsində tanıdılmasına başlanılacaq. Avropa standartlarına uyğun şəkildə fəaliyyətini davam etdirəcək bu təbii şəfa mənbəyi inanıram ki, dünyada rəqibi olmayacaq bir yerə çevriləcək. Şəhəri gəzmək imkanımız olmasa da, milli mətbəxinizin nümunələrindən dadmışıq, yeməkləriniz çox ləzzətlidir. 
    Digər müsahibim Erkan Karadağ həkim-uroloqdur. M 2 Beynəlxalq network və medikal direktoru, Türkiyə Respublikası Səhiyyə Nazırliyinin müstəqil nəzarətçisidir:  – Mədəniyyəti, dini, dili bir olan qardaşlarımızın yurdunda olmaq çox gözəldir. Səmimi insanlarınızın əhatəsində özümüzü evimizdəki kimi hiss edirik. Duzdağ təbii sağlamlıq ocağıdır. Uzun illərdir ki, fəaliyyət göstərməsinə baxmayaraq, buraya beynəlxalq status alınmayıb. Belə bir təşəbbüsün göstərilməsi çox yaxşı haldır. Naxçıvan bizim öz doğma, qardaş yurdumuzdur. Duzdağ Fizioterapeya Mərkəzinə beynəlxalq statusun verilməsi ilə bağlı araşdırmalar apardıqca buradakı səmimi tibbi personalı da izləyirik. Hər biri mərkəzə üz tutan insanlara kömək edir, çalışır ki, buraya gələnlər xoş təəssüratla qayıtsın. Mərkəzin Avropa standartlarına uyğunluq sertifikatını alması üçün əlimizdən gələni edəcəyik. Mövcud çatışmazlıqların aradan qaldırılması üçün tövsiyələrimizi veririk. 
    Ahmed Girgin Türkiyə Sağlamlıq Turizmi Dərnəkləri Federasiyasının baş katibidir. O dedi ki, bu Naxçıvana ilk gəlişidir. Buraya gəlməkdə məqsədi mərkəzi görmək, Avropa standartlarının tələblərinə uyğunlaşdırılması üçün məsləhətlərini verməkdir. Buranı dünya səviyyəsində bir mərkəzə çevirmək üçün bu sertifikatın alınması çox vacibdir. Keyfiyyətli xidmət üçün buranın işçiləri əllərindən gələni edir. İnşallah, buradakı tibbi heyətlə birlikdə bu işin öhdəsindən gəlinəcək. Müsahibim onu da əlavə etdi ki, məsələ təkcə beynəlxalq sertifikatı almaqla bitmir. Buranın dünya səviyyəsində reklamının edilməsi lazımdır. Buranı lazım olan sertifikala təmin etdikdən sonra bu daha asan olacaq.
    Ahmed Girgin dedi: – Mərkəz çox böyük bir ərazini əhatə edir. Ərazinin bir hissəsi boşdur. Və biz həmin hissələrdə alternativ tibb üsulları ilə müalicə aparılması üçün şəraitin yaradılması məsləhətini verəcəyik. Bu elə də çox maliyyə tələb edən iş olmayacaq. Sadə işlərlə buranı bir cazibə mərkəzinə çevirmək mümkündür. Duzdağ Fizioterapiya Mərkəzi elə bir sağlamlıq ocağına çevrilə bilər ki, dünyada rəqibi olmasın. Naxçıvan Beynəlxalq Hava Limanından Rusiyaya, Türkiyəyə birbaşa uçuşların olması da şəfa tapmaq istəyənlərin buraya gəlişini asanlaşdırır. 2020-ci ildə Qarabağın və Şuşanın azad edilməsi ilə başa çatan qələbənin sonunda Zəngəzur dəhlizinin açılmasının reallaşması ilə bu mərkəzə gəlişlər daha da artacaq. Fəaliyyət göstərdiyim Türkiyə Sağlamlıq Turizmi Dərnəkləri Federasiyasının bütün bölgələrdə dərnəklərini yaratdıq. Çoxşaxəli işlər görürük. Beynəlxalq festivallar keçiririk. Həmin festivallarda Duzdağın da təmsil olunmasını arzu edirik. Amma bunun üçün bir çox işlər görülməsi gərəklidir. Kefiyyət sertifikatının alınması üçün əlimizdən gələni edəcəyik. Biz bunu gəlir, mənfəət əldə etmək xətrinə deyil, qardaşlıq borcu kimi görürük. Avropada bir çox sağlamlıq ocaqlarını gəzmişəm orada olan mərkəzlər süni görünür, amma bura Ulu Yaradanın bir bəxşişidir. İnşallah, bura dünyada məşhurlaşacaq. 
    Qeyd edək ki, EuropeSpa Tibbi spa və sağlamlıq üçün Avropa bazarında şəffaflığı yaratmaq məqsədilə 2006-cı ildə ESPA-nın keyfiyyət təşəbbüsü ilə yaradılıb. EuropeSpa müvafiq standartları hazırlamaq vəzifəsini öz üzərinə götürüb. Assosiasiyanın vəzifəsi rəsmi keyfiyyət və sertifikatlaşdırma, tibbi spa və sağlamlıq təminatçıları üçün beynəlxalq, sərhədlərarası keyfiyyət standartlarını hazırlamaq və dərc etmək, həmin standartlar əsasında sertifikatlar təqdim etmək, auditləri və onların keyfiyyət təminatını idarə etmək, bilik və təcrübələrimizi seminar və təlimlərdə ötürməkdir. 

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 25.08.2023 20:07