AZ EN RU

Bitki tərkibli şəfalı araqlar

    Keçmiş zamanlardan, tibbin bu qədər inkişaf etmədiyi vaxtlardan müalicə və sağlamlıq üçün xeyirli olan müxtəlif təbii tərkibli dərman vasitələri hazırlanıb. Təbiətin bizə bəxş etdiyi bu nemətlər, bitkilər “türkəçarə” üsulu ilə bir çox xəstəliklərin sağalmasında və qarşısının alımasında misilsiz rol oynayıb. Bəzi səbəblər üzündən bu vasitələrin bir çoxu yaddan çıxmaq üzrə olsa da, son illərdə həmin vasitələrdən istifadəyə qayıdış təqdir olunur. Buna təbii, bitki tərkibli, ev şəraitində hazırlanan araqlar nümunə göstərilə bilər. Naxçıvanın bir sıra rayonlarında bitki tərkibli, müalicəvi xüsusiyyətlərə malik araq hazırlanması ənənələrinə rast gəlinir. Qeyd edək ki, müxtəlif çiçək, gül, meyvə-tərəvəz və otların distilləsindən hazırlanmış dərman və ədviyyat cövhərləri təbii şəfaverici araq adlandırılır. Təbii nanə, cəfəri, şahtərə, bebniş (digər adı ilə pişpişə), boymadərən, batrınc, xiyar, zoğal, tut, şaftalı, ərik, gül və gül köşşəyindən hazırlanan araqlar da bu cür vasitələrdəndir. Onlardan biri də nanə arağıdır. Daha məşhur sayılan nanə arağının hazırlanması ilə  bu gün elə məşğul olan insanlar var. Adına “araq” deyilməsinə baxmayaraq, bu tipli məhlullar spirtli içkilər kimi istifadə olunmur, orqanizmdə gedən proseslərin tənzimlənməsindən tutmuş şəkərli diabet, böyrək, ürək xəstəliklərinə qədər bir çox müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir. 
    Ordubad şəhər sakini Azadə Mirzəli ilə söhbətimizdə də müalicəvi əhəmiyyətli bitki cövhərlərindən danışdıq. Müsahibimin sözlərinə görə, əhali arasında hazırda ən çox tələbat gülab və nanə araqlarınadır. Təbii ki, bunların tərkibində alkoqol yoxdur. Bunlardan qızılgül ləçəklərindən hazırlanan gülab ölkəmizin bir çox yerlərində,  yas mərasimlərində istifadə olunsa da, profilaktik təsirə də malikdir. Nanə arağı daha çox türkəçarə vasitəsi kimi əhəmiyyət daşıyır. El arasında nanə arağının sancı, köp, qarın ağrısı, mədə ağrısı, ürəkbulanma zamanı çox müsbət təsir göstərdiyi deyilir. Həmçinin baş və miqren ağrılarını aradan qaldırır, yuxarı tənəffüs yollarını iltihabdan təmizləyir,  həzmi rahatlaşdırır, iştahanı açır, stress əleyhinə müsbət təsir göstərir. Həmçinin toksintəmizləyici, ödqovucu, qızdırma salıcı, iltihab əleyhinə təsirə malikdir. 
    Hazırlanmasına gəldikdə həmsöhbətim bildirir ki, ağır və uzun olan bu proses 7-8 saat çəkir. İndi bir çoxları nanə arağı satmaq üçün onu kustar və ya digər yeni metodlarla çəkməyə çalışsa da, əsl bitki cövhərlərinin hazırlanması əziyyətli, zəhmətli və çətindir. Təmizlənən 1 kiloqram yabanı nanə yarpağı, təxminən, 5 litr suda qaynadılır. Nanə ilə birgə su qaynayaraq buxara çevrilir. Və nəticədə, nanə arağı əldə olunur. Distillə edilmiş bitki suyu daha sonra bir neçə gün qaranlıq bir otaqda istehlaka hazır olana qədər saxlanılır. Həmsöhbətim onu da diqqətimizə çatdırır ki, nanə arağı qədim zamanlardan hazırlanan alkoqolsuz yabanı nanə distillatıdır. Təmiz, yaşıl rəngli, təravətli və çox ətirli mayedir.     
    El arasında daha çox tələbat olan digər bir bitki tərkibli cövhər isə xüsusi qızılgül növünün ləçəklərindən çəkilən gülabdır. Əsasən, dini ayinlərin icrası zamanı və yas mərasimlərində və bəzi milli təamların, şərbətlərin hazırlanmasında istifadə edilir. Gülab ürək və mədənin möhkəmlənməsinə səbəb olur, stresi aradan qaldırır, arterial təzyiqi aşağı salır və kosmetik vasitə kimi üz dərisinə qulluq zamanı istifadə edilir. Gülab iyləmək diqqətin toplanmasına köməklik göstərir.     
    Günümüzdə hələ də bu üsullardan istifadə olunması çox sevindirici haldır. Xalq təbabəti üsulu, təbii tərkibli, ev şəraitində hazırlanan bu məhlullardan  istifadənin düzgün və müəyyən qaydada qəbulu çox mühümdür.  Çünki hər bir halda  qədərindən artıq qəbul edilən zaman insan orqanizmi üçün təhlükə doğura bilər.     
    Keçmişdən bu günümüzə gəlib çatan bu bitki tərkibli araqların hazırlanma qaydası xalq təbabəti nümunəsi, məişət mədəniyyətimiz kimi qorunub saxlanmalı və gələcək nəsillərə ötürülməlidir. Onların istehsalının, ixracının artırılması brend məhsul kimi yurdumuza şöhrət qazandırar, iqtisadi cəhətdən də gəlirli ola bilər.

Sürəyya QƏDİMƏLİYEVA 

Nəşr edilib : 16.08.2023 19:50