AZ EN RU

Birlik, mübarizlik, qəhrəmanlıq simvoludur həmrəyliyimiz

Zəfər Abidəsi qarşısında düşüncələr...

    Səhərin erkən saatlarıdır... Ətrafa hakim kəsilmiş sükutu qışın həzin melodiyası, havada olan sərin mehin simfoniyası pozur. Yolboyunca uzanan ağaclara, günün bu saatında işinə tələsən çöhrələri nurlu, əlləri ruzi-bərəkət ətirli zəhmətsevər insanlara tamaşa edə-edə bir ünvanın yolunu tutmuşam. Hava soyuq olsa da, mənzilbaşına çatmaq niyyəti insanı tamam ayırır bu aləmdən, özün də bilmədən, ağlında qurub-yaratdığın düşüncələrin sehrinə qapılırsan. Çox keçmir ki, hər bir azərbaycanlının qəlbini riqqətə gətirən, daim tariximizdə şərəf nöqtəsi kimi tanınan o müqəddəs sözü uzaqdan seyr edirəm. 30 ildir, həsrət qaldığımız, indi isə dilimizin əzbərinə çevrilən “Zəfər” kəlməsi, ardınca isə şəhərimizin mərkəzində əzəmətlə ucalan Zəfər Abidəsi qarşılayır məni...

    Böyük qələbənin təntənəsi, 
    Xalq-Ordu birliyinin rəmzi 

Üçrəngli bayrağımızın ornamentlərini özündə birləşdirən Zəfər Abidəsinin qarşısında dayanıram. Bir anlıq yolboyunca zehnimə hakim kəsilmiş düşüncələr təzahür edir, ağlımdan kəlmələrə, oradan da ağ vərəqə həkk olunur... Bu abidə yalnız 44 gündə əldə etdiyimiz tarixi qələbənin simvolu deyil, bu həm də əsrlərin, qərinələrin şahidi olan qəhrəmanlar yurdumun ərşə ucalan haqq səsi, düşmənin bağrını dələn, dosta cəsarət verən bir amalın, bir vüqarın təntənəsidir. Ötən əsrin sonlarında düşmənin amansız işğalı ilə xalqımıza isti qucaq, doğma ocaq olan ana torpaqların azadlığa qovuşmasının sevinci, illərin həsrətinin vüsala qovuşmasıdır bu əzəmətli sənət əsəri. Bu abidə o qələbənin nişanəsidir ki,  Azərbaycan xalqı nə az, nə çox düz 30 il onun həsrətini çəkdi. Cəbhədən gələn hər xəbərdə, ay-ulduzlu bayrağa bükülü tabutlarda, daşlara həkk olunmuş nurlu simalarda axtardı o Zəfəri. Bir anlıq da olsa, insan qayıtmaq istəyir həmin illərə, heç zaman unutmadığımız, unuda bilmədiyimiz tarixin qara səhifəsinə. Amma “pis günü yad etmək adı zəfərlə qoşalaşmış, mübarizliklə birləşib, qələbə ilə kamala çatmış bir xalqa yaraşmaz”, – deyib zehnimdəki bu düşüncələri üstələyirəm. Tək onu dilə gətirirəm ki, minlərlə soydaşlarımızın ata-baba yurdundan qovulmasına, torpaqlarımızın tar-mar edilməsinə Vətənimiz, şanlı Ordumuz razı olmadı, ola bilməzdi də... Düşmənin işğal altında olan torpaqlarımızda qurub-yaratdığı və keçilməz hesab etdiyi istehkam məntəqələrini rəşadətli Azərbaycan Ordusu bıçaq yağı kəsən kimi cəmi 44 gündə kəsib keçdi. Düşmən bir şeyi unutmuşdu ki, zülmün topu var, gülləsi var, qələsi varsa, Haqqın da bükülməz qolu, dönməz üzü vardır...

Vətəni qorumaqdır ən 
müqəddəs arzumuz...

Bu gün hər birimiz qürurla, fəxrlə deyə bilərik ki, xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanılıb. Azərbaycanın Silahlı Qüvvələri İkinci Qarabağ müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində 44 gün ərzində qazanılan bu qələbə hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir.  
    Şanlı və tarixi Qələbəmiz Azərbaycan xalqında milli birliyə, yeni bir dirçəlişə səbəb oldu. Azərbaycan xalqı Prezidentimizin ətrafında “Dəmir yumruq” kimi birləşərək, sözün əsl mənasında, böyük xalq, ulu türk millətinin cəsur, qəhrəman ulusu olduğunu bir daha sübut etdi, cəmiyyətimizdə mövcud olan Xalq-Lider-Ordu birliyini daha yüksək səviyyəyə qaldırdı. Xalq öz liderinə ürəkdən inandı və Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının etimadını əməli fəaliyyəti və şanlı Zəfəri ilə doğrultdu. Möhtərəm Prezidentimiz öz qətiyyəti, sarsılmaz iradəsi, cəsarəti, Azərbaycana edilən bütün təzyiqlərə məharətlə sinə gərməsi və son dərəcə mürəkkəb, çətin müharibə şəraitində siyasi arenada, informasiya müharibəsində parlaq qələbələr qazanaraq xalqına söz verdiyi kimi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev öz adını milli tariximizin son 200 ildə ən şanlı və müzəffər sərkərdəsi kimi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə əbədi həkk etdi. İnanırıq ki, bu tarix, bu qələbə, bu müqəddəs hərəkat, tutduğumuz haqq yolu, millət yolu əsrlər ötdükcə daha böyük qürurla xatırlanacaq.

    Hər zaman həmrəy ol,
     Azərbaycan!

Hər il təqvimin bu günləri – Həmrəylik Günü ərəfəsi yaxınlaşdıqda orta məktəbdə tarix müəllimimdən eşitdiyim hadisələri xatırlayıram, ya da həmin hadisələrin canlı şahidlərinin dedikləri, ömür kitablarına qara yazıtək həkk olunan o ağrılı-acılı prosesləri düşünürəm. Zəfər Parkında keçən müddətdə yenə mənə xatırladır eşitdiklərimi, oxuyub-öyrəndiklərimi... Milli tariximizdəki qanlı-qadalı hadisələr yalnız “Arazı ayırıb su ilə doyurmamışdı”, həm də dili bir, dini bir soydaşlarımızı bir-birindən ayırmışdı. Araz çayı boyunca uzanan tikanlı məftillər arzuları, ümidləri ədalətin sınağına elə çəkmişdi ki, ustad Şəhriyarın “O tay, bu tay fərqi yoxdur, Vətəndir!” fikirləri sanki öz reallığını itirmiş, “Ömürdən pay verərlər, Vətəndən pay olmayır” kəlmələri yerini qulaqbatıran hayqırtılara vermişdi. Ötən əsrin 80-ci illərinin sonlarında hadisələrin baş verməsi də təsadüfi deyildi. Keçmiş ittifaq məkanında gedən proseslər Azərbaycanda milli oyanış hərəkatının geniş vüsət almasına gətirib çıxardı. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi milli azadlıq hərəkatının əsasını qoydu. 1988-ci ildə paytaxt Bakının mərkəzi meydanında toplaşan Azərbaycan xalqının etirazları, qaldırdığı haqq-ədalət şüarı öz bəhrəsini verdi. 

Naxçıvanda səslənən 
haqq-ədalət şüarı...

Ölkəmizin bir çox bölgələrində alovlanan bu proseslər Naxçıvan Muxtar Respublikasında da özünü göstərdi. Quru sərhədləri bağlanmış, blokada şəraitinə salınmış, anası Azərbaycandan cismani surətdə qopub ayrılmış diyarın insanları, daha dəqiq desək, müstəqil olmağa, azad yaşamağa layiq olan Naxçıvan əhalisi böyük həmrəylik nümayiş etdirdi. Lakin xalqın haqq səsini boğmaq istəyənlər, dövlətin idarə taxtında əyləşib “masabəyilik” edənlər bu hərəkata əngəllər törətməyə çalışırdı. Həmin illərdə iqtidarda olan Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və onun yerli orqanları, ölkənin sərhəd qoşunlarının rəhbərliyi buna mane olmaq üçün bütün hərbi-siyasi təsir vasitələrinə əl atdılar. Bütün bu siyasi təzyiqlərə, çalxantılara baxmayaraq, Azərbaycan xalqının birliyindən, birgəliyindən güc alan Naxçıvan əhalisi ardıcıl olaraq “Sərhəd hərəkatı” adı ilə bir sıra siyasi aksiyalar həyata keçirdi. Genişlənən demokratik hərəkatın nəticəsində SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri elliklə söküldü. İlk dəfə olaraq Arazın о tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi. Beləliklə, 1989-cu il dekabrın 31-i dünya Azərbaycan türklərinin həmrəyliyi bayramına çevrildi, 1990-cı ildə isə həmin günün ildönümü respublikanın demokratik qüvvələri tərəfindən geniş qeyd edildi.
    Düşmənin məkrli niyyətinə boyun əyməyən soydaşlarımızın qaldırdığı bu mübarizə nəticəsində, 1991- ci il 31 dekabr Azərbaycan tarixinə Milli Həmrəylik Günü kimi həkk olundu. Ümummilli Liderimiz 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: “Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”.
    Həmin şanlı tarixdən sonra həmrəylik günümüz hər bir Azərbaycanlının hafizəsində azadlıq yolunda atılan məqsədyönlü siyasətin ilkin addımları kimi xatırlanır. Çünki bu ali məqsəd öz bəhrələrini verdiyi gün yüz minlərlə Azərbaycan türkünün hər iki sahildən Arazın sahillərinə yürüdüyü, orda qovuşub bir-birinə gözaydınlığı verdiyi, Arazın buzlu suyundan cənnət suyu kimi içib sevinclərini bölüşdükləri bir gündür. Bu gün Vətənimizin tarixinə həkk olunan qara yazıların Arazın vüsal yanğısı ilə coşub-daşan suyu ilə yuyulub təmizləndiyi gündür, türkün qüdrətinin, xalqın birlik və bərabərliyinin dünyaya bəyan edildiyi, Vətənin gələcək azadlığının bərqərar olunduğu gündür. Bu tarix əsrlər, qərinələr ötdükcə hər an xatırlanacaq, nəsillərdən-nəsillərə miras qalacaq tarixdir. Zəfər Abidəsinin altında yad etdiyim hər iki əlamətdar gün – Zəfər Günü və Həmrəylik Günü hələ min illər türkün biləyinə qüvvət, əqidəsinə güc, qüdrət verən tarix kimi qalacaq. 

    Zəfər Parkından ayrılarkən...

Mübarizliyindənmi deyim? Qəhrəmanlığındanmı yazım sənin, ey ana Vətən! Nədəndir bilmirəm...həqiqətdən başqa heç nəyin qarşısında əyilməyən qələmim aramlığını itirər adın çəkiləndə, şəninə şeirlər oxuyanların səsi titrəyər, adını çəkdikdə səndən ayrı düşənlərin gözlərindən sevinc göz yaşları süzülər, düşmən bir qarış torpağına əl uzadanda ər oğulların sinələrini sipər edər namərd gülləsinə, şəhid anaları “Vətən sağ olsun!” – deyər, şəhid ataları “Vətən yolunda canımız fədadır!” söyləyər. Bu qeyrət borcu ola gərək, Vətən borcu ola gərək... Sən əcdadlarımın yaradıb-yaşatmaq eşqisən, ulu ozan Dədə Qorqudun xeyir-duasından ilhamlanmış vüsal çələngisən, Qaraca Çobanın xanına sədaqətinə, Qaragünənin qardaşına, Burla Xatının başının tacına, ömür-gün sirdaşına, Qazan xanın elinə, Beyrəyin eşqinə, Banuçiçəyin əhdi-peymanına olan sədaqətinin şahidisən. Sən ömrünü xalqına həsr etmiş o dahi rəhbərin – Ümummilli Lider Heydər Əliyevin: “Doğma, canım – varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır!” – deyib bəyan etdiyi eşqin, məhəbbətin təcəssümüsən, ata vəsiyyətinə sədaqət andı içən Qalib Sərkərdənin, Ali Baş Komandanın qalib etdiyi məmləkətsən. Sən Vətənsən, sən azadsan, sən müstəqilsən. Sən Ulu türkün “min yol öldürülən, amma ölməyən əzəli-əbədi Azərbaycanam!” –  deyib vəsf etdiyi Ana yurdsan! 

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 27.12.2022 22:20