AZ EN RU

Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan üç döyüşçü Xaçmazda dəfn olunacaq

Birinci Qarabağ müharibəsinin şəhidləri Baratov Hörmət Beytulla oğlu, Ağayev Şahlar Hüseynağa oğlu və Qasımov Adıgözəl Əmirsoltan oğlunun cəsədlərinin qalıqları iyunun 27-də Xaçmazda dəfn olunacaq.

Şəhid Hörmət Baratov Nərəcan, Şahlar Ağayev Ağçay, Adıgözəl Qasımov isə Keymərəz kəndində torpağa tapşırılacaq.

Şəhid Baratov Hörmət Beytulla oğlu 1975-ci ildə Xaçmazın Nərəcan kəndində anadan olub. Ailədə üç qardaşın ən kiçiyi olub. 1994-cü ildə hərbi xidmətə yollanan Hörmət Birinci Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşüb. 1994-ci ilin aprel ayında Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Hörmətin ailəsinə onun itkin düşdüyü barədə məlumat verilib. Ailəsi 30 il ərzində ondan xəbər ala bilməyib.

Şəhid Ağayev Şahlar Hüseynağa oğlu 1973-cü ilcə Xaçmaz rayonunun Ağçay kəndində dünyaya göz açıb. Orta məktəbdən sonra peşə məktəbində təhsil alıb və 1992-ci ildə hərbi xidmətə yollanıb. Birinci Qarabağ müharibəsində Kəlbəcər və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib. Son döyüşü 1992-ci ilin iyul ayının 19-da olub. Ailəsinə Şahların itkin düşdüyü barədə məlumat verilib.

Şəhid Qasımov Adıgözəl Əmirsoltan oğlu 1971-ci ildə Xaçmaz rayonunun Keymərəz kəndində doğulub. Hərbi xidmətini keçmiş Sovet ordusunda keçib. 1992-ci ildə könüllü olaraq Birinci Qarabağ müharibəsinə yollanıb. Laçın və Kəlbəcər istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Aparılan araşdırmalardan sonra şəhidlik zirvəsinə ucalmış xaçmazlı döyüşçülərin Bakı şəhərində yerləşən I və II Şəhidlər Xiyabanında tanınmadan dəfn olunduğu müəyyənləşib.

Nəşr edilib : 25.06.2024 15:07