AZ EN RU

Birinci Qarabağ müharibəsi şəhidinin meyitinin qalıqları Ağdaşda torpağa tapşırılıb

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Əbdürrəhmanov Yasin Şakir oğlunun meyitinin qalıqları Ağdaş rayonuna gətirilib. O, Bakı şəhərində Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.

Şəhidin nəşi bu gün rayonun Qarağan-Şıxlar kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında, atasının məzarı yanında torpağa tapşırılıb, dualar oxunub.

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.

Qeyd edək ki, Əbdürrəhmanov Yasin Şakir oğlu 1992-ci ildə Ağdarə istiqamətində gedən döyüşlərdə itkin düşmüş sayılırdı.

Nəşr edilib : 28.06.2024 16:55