AZ EN RU

Biri varmış, biri yoxmuş

İnci şəhər və ya viran qoyulmuş yurd yeri

Ordubad şəhəri Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Bu yurd yerinə VII əsrin yazılı mənbələrində rast gəlinir. XIX əsrin məşhur səyyahlarından Hacı Zeynalabdin Şirvani “Bustanüs-səyahət” kitabında yazır: “Ordubad ürəkaçan gözəl bir şəhərdir. Ora adama fərəh verən yerdir. Onun möhkəm qalası, bol suyu və çoxlu bağları vardır. Meyvəsi bol və dadlıdır. Havası insana sağlamlıq verir. İnsanlarının siması gözəldir”. 

Bundan başqa rus alimi İ. Şopen, polyak tədqiqatçısı A.Petzoldı, fransız yazıçısı A.Düma, Azərbaycan tarixçisi İsgəndər Münşi, XVII əsrdə yaşamış Məhəmməd Mustafa və başqaları Ordubadın qədim abidələrindən, çeşmə-bulaqlarından, ləziz meyvələrindən və qonaqpərvər insanlarından söhbət açıblar. 

Bizcə Ordubada ən gözəl dəyəri ulu ondər Heydər Əliyev verərək bu gözəl yurd yerini Azərbaycanın incisi adlandırmışdır. Hətta orta əsr memarlıq quruluşunu qoruyub saxladığına görə 1977-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Ordubad şəhəri Qoruq şəhər elan edilmişdir. Şəhərdəki qədim “Sərşəhər”, “Anbaras”, “Üçtürləngə”, “Kürdətal”, “Qaraçanaq”, “Qarahovuzbaşı”, “Əngəc”, Meyrəmçə, Peci və sairə məhəllələr öz tarixi qədimliyini bu günədək qoruyub saxlaya bilmişlər. Ötən əsrin 90-cı illərinə qədər memar Zakir Babayevin rəhbərliyi ilə abidələri bərpa idarəsi şəhərdəki “Anbaras”, “Cümə”, “Sərşəhər” məscidlərində, “Qeysəriyə”,  “Buzxana” binalarında həmin ünvanların milli-memarlıq xüsusiyyətləri saxlanılmaqla təmir-bərpa işləri aparılmışdır. Bundan başqa şəhərdəki tarixi romanlar müəllifi Məmməd Səid Ordubadinin və  Yusif Məmmədəliyevin ev-muzeyləri və Tarix-Diyarşünaslıq Muzeyi ötən əsrdə ümummilli lider Heydər Əliyevin tapşırığı ilə yaradılan mədəniyyət ocaqlarındandırlar. 

İllər gəldi, dövran dəyişdi və biz ötən əsrin 90-cı illərində müstəqilliyə qovuşduq. Qazandığımız müstəqilliyin bəhrələrindən ən çox yararlanan yaşayış məntəqələrindən biri də Ordubad olmuşdur. Xüsusən ölkə Prezidenti, ulu öndər Heydər Əliyevin yolunu layiqli davamçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində rayonumuzun bütün yaşayış məntəqələrində kənd mərkəzləri, müasir məktəb binaları, xidmət mərkəzləri inşa olundu, rahat avtomobil yolları salındı. Bu gün Azərbaycanın bir sıra regionlarında qazlaşdırma 50 faiz həyata keçirildiyi halda, rayonumuzun bütün yaşayış məntəqələri fasiləsiz surətdə mavi yanacaqla təmin olunub, elektrik enerjisi ilə təchizatda da heç bir problem yaşanmır. Bütün bunlar necə də ürəkaçandır...

İndi isə gəlin möhtərəm Prezidentimizin etimadından sui-istifadə nəticəsində Ordubad şəhərinin başına açılmış oyunlardan bir necəsi ilə tanış olaq. 1972-ci ildə tarixi romanlar müəllifi Məmməd Səid Ordubadinin anadan olmasının 100 illiyi ilə əlaqədar onun Ordubad şəhərinin Mingis məhəlləsindəki boyüyüb boya-başa çatdığı ev muzeyə çevrildi.  Ulu öndər Heydər Əliyev şəxsən bu muzeydə olaraq onun daha da zənginləşdirilməsi üçün göstəriş verib. Lakin 2009-cu ildə həmin muzeyin yerləşdiri bina əsaslı təmir adı ilə tamamilə sökülərək mövcud olan bütün maddi-mədəniyyət nümunələri yox edildi. Yerində isə gözətçi məntəqəsinə oxşar bina tikib adını da muzey qoydular. Hələ bu harasıdır. Həmin muzeyin bir neçə addımlığında yerləşən XIX əsr abidəsi olan hamam binası da yenə əsaslı təmir adı ilə sökülüb-dağıdıldı, bərpa olunarkən isə hamamdan əsər-əlamət qalmadı. Mingis məhəlləsində yerləşən daha bir mədəniyyət abidəsi Məhəmməd Tağı Sidqinin ev-muzeyidir. Muzey qədim məscid binası sökülərək  onun yerində inşa olunmuşdur. Əslində isə Məhəmməd Tağı Sidqinin yaşadığı ev Təbris küçəsi 27 nömrəli ünvanda yerləşirdi. Həmin tarixi məkanı yerlə-yeksan etdikdən sonra Məhəmməd Tağı Sidqiyə “ehtiram” əlaməti olaraq  indiki muzey binası inşa olunub. Eyni adlı layihə ilə inşa olunan bu binanın muxtar respublikada bir sıra öxşarları mövcuddur. 

Ordubad şəhərindəki ən əzəmətli tarixi memarlıq  abidələrindən biri də qədim “Cümə”  məscididir. İki ildən artıqdır ki, bu ünvanda təmir-bərpa işləri aparılır. Təmir-bərpa zamanı məscid binsının daxilindəki bütün tarixi cizgilər qaşınaraq yox edilmişdir. Binanın şəbəkəli pəncərələri sökülərək yerində dörd yüz il bundan əvəllə əlaqəsi olmayan dəmir pəncərələr salınmışdır. Təmir-bərpa zamanı binanın həndəvərindəki qədim tut ağacları və ərik tingləri sökülərək yox edilmişdir. “Cümə” məscidinin cənuba baxan hissəsində şəhər sakinlərinin istirahəti üçün bir neçə səkidən ibarət meydançalar düzəldilmişdir. Həmin meydançalarda şam ağaclarının əkilməsi və işıqlandırma həyata keçiriləcəkdir. Tikinti zamanı inşaatçılar  nədənsə bir məsələni unudublar. Belə ki, güclü qar və yağış yağarsa əmələ gətirdiyi suların axıb-getməsi üçün çıxış qoymaq unudulmuşdur. Yəqin ki, bu səkilər tam hazır olduqdan sonra buraya xüsusi qayıqlar gətirmək lazım gələcəkdir. “Cümə”  məscidinin yaxınlığında XVII əsr abidəsi olan Qeysəriyyə binası yerləşir. 2010-cu ildə  qədim tarixi memarlıq abidəsi də əsaslı təmir-bərpa olunarkən bu ünvanda da bütün tarixi cizgilər yox edilmiş, binanın fasadına isə “hamam”  kaşılarından ibarət mozaika yapışdırılmışdır. 

Ordubad şəhərinin ən qədim abidələrindən biri də yaşı yüz illərlə ölçülən “Mədrəsə” binasıdır. Ötən əsrin əvvəllərinədək bu binada ali dini təhsil tədris olunmuşdur. Bir neçə il bundan qabaq Ordubad Rayon Tikinti İdarəsi, Rabitə Evinin inşası ilə əlaqədar bu qədim binanı da sökmək cəsarətində bulunmuşdur. Əhalinin sərt təpkisi ilə üzləşən tikinti idarəsi məcbur qalaraq söküntü işlərini yarımçıq saxlamışdır. Hazırda iki tağı  dağıdılmış vəziyyətdə olan bu qədim tarixi abidə bir qrup insanların mədəniyyətimizə vurduğu zərbələri özündə əks etdirir. Rabitə evindən söhbət düşmüşkən, həmin binanın yerində vaxilə Ordubad ipək fabrikinin işçiləri üçün inşa olunmuş iki mərtəbəli gözəl bina yerləşirdi. Nədənsə bu bina Naxçıvanda oturanların xoşuna gəlməmiş, həmin bina yerlə-yeksan edilərək yüz minə yaxın mişar daşı, panellər və qapı-pəncərələr sökülüb aparılmışdır. Halbuki həmin binanı saxlamaq da olardı. Çünki   ötən əsrin 80-cı illərində Rabitə Evi üçün Ordubad şəhərinin Tədbirlər meydanı ilə üzbəüz ərazi ayrılmışdı. Bu binanı orda da inşa etmək olardı. Sökülən uşaq bağçası binasını isə mehmanxana və ya başqa məqsədlər üçün istifadə etmək olardı. Axı həmin bina qəza vəziyyətində deyildi. Ordubadda isə hələ də mehmanxana yoxdur... 

Möhtərəm Prezidentimiz şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərir. Belə qəhrəmanlardan biri də 20 Yanvar şəhidi Rahim Vaqif oğlu Babayevdir. Ötən əsrin 90-cı illərində bu qəhrəman vətən övladının xatirəsinə hörmət əlaməti olaraq Ordubad şəhərindəki  2 nömrəli orta məktəb onun adına adlandırıldı. Məktəb binası 1957-ci ildə inşa olunsa da öz monolitliyi, təhsil üçün bütün imkan və şəraitə malik olması ilə diqqət çəkirdi. Lakin 2000-ci ilin əvvəllərində qəfil göstərişlə bu məktəbin fəaliyyətinə xitam verildi. Təhsil ocağı 18 il istifadəsiz qaldıqdan sonra ötən il Culfa Yol Təmir Tikinti İdarəsinin inşaatçıları tərəfindən dibindən sökülərək materialları daşınıb aparıldı. İndi Ordubad şəhərinin M.T.Sidqi, Fərhad Zeynalov, İbrahim Əbilov, Anbaras, Usta Haşım, Nərman Nərimanov, Qafar Babayev, Dədə Qorqud. Sərşəhər,Üçtürləngə küçələrində yaşayan sakinlərin övladları məcburiyyətdən 3 kilometr yol qət edərək ya 1 nömrəli, ya da 3 nömrəli tam orta məktəblərə getməli olurlar. Payız-qış aylarında həmin uşaqların necə əziyyət çəkdiklərinin şəxsən şahidi olmuşam. Halbuki Məhəmməd Tağı Sidqi küçəsindəki 2 nömrəli məktəb binasını yüngülvarı təmir etməklə uşaqları əzab-əziyyətdən qurtarmaq olardı. Bu məktəbin yaxınlığında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının Radio Fizika Cihazqayırma üzrə Xüsusi Texnoloji Binası uzun illər səmərəli fəaliyyət göstərib və kosmik sənayesi üçün burda mühüm hissələr yığılıb. Həmin bina qədim tikilidə yerləşirmiş. Bu ünvan da pis niyyətli insanların güdazına gəlmiş və o da sökülərək yerlə-yeksan edilmişdir. Söküntü işləri zamani binanın həyətindəki iri çəviz ağacları da kəsilərək odunları daşınıb aparılmışdır. 

Ulu öndər Heydər Əliyev 1980-ci ilin may ayında Ordubadda olarkən rayon camaatınıa yeni Konserv zavodunun inşa olunacağı müjdəsini vermişdir. Axı vaxtilə Ordubadda istehsal olunan məhsillar Amerikanın Kaliforniya ştatında və Venesiyada keçirilən sərgilərdə mükafata layiq görülmüşdülər. Mövcud konserv zavodu isə ildə 40 milyon şərti banka mürəbbə, kompor, cem istehsal edirdi. Həmin məhsulların sorağı uzaq Sibirdən, Kamçatkadan Murmanskdan gəlirdi.  Şəhriyar qəsəbəsində inşa olunacaq həmin zavod 6 hektar ərazidə yerləşməliydi  və smeta dəyəri 10 milyon manat təşkil edirdi. Zavod binası 80-ci illərin sonunda inşa olunaraq tamamilə istifadəyə yararlı vəziyyətə gətirilmişdi. Bu ünvanda konserv məhsulları istehsalı üçün nələr yox idi. Bu gün həmin əraziyə baş çəkəndə adamı dəhşət bürüyür. 27 il ərzində sözügedən zavod binası tamamilə yerlə-yeksan edilmişdir. Bu gün həmin ərazidə adi taxta qırıntısı tapa bilməzsən. 

Məktubu yekunlaşdırarkən Ordubad rayonu ilə bağlı bir neçə söz demək istəyirəm. Bu rayon uzun illər ərzində meyvəçilik, tərəvəzçilik və bağçılıqla şöhrət tapmışdır. İndi bir igid istəyirəm ki, son 27 ildə salınmış 40-50 hektarlıq sistemli bir meyvə bağını mənə göstərsin. Ordubadın limonundan, fındığı, əbutalibu, ağ növrəstə, əsgərəbad ərik növlərindən, səlami, güştü, nazlı, şərəlli, tərəlli şaftalı növlərindən, müxtəlif növ cəvizlərdən, alçalardan, gilaslardan, heyvalardan, badamlardan, gilənarlardan, albuxaralardan və sair  meyvələrindən sistemli şəkildə yüzlərlə hektar bağ və parniklər salmaq mümkün  idi. Yol kənarlarına son illər Naxçıvandan gətirilib əkilən şam ağaclarını görəndə insan məətəl qalır. Halbuki yol kənarlarına tut və badam ağacları əkməklə həm baramaçılığı, inkişaf etdirmək üçün zəmi hazırlanar, həm də insanlar bu ağacların meyvəsindən bəhrələnərdilər. 

Ordubadda törədilən digər xoşagəlməz hadisələrdən də  yazmaq olar. Lakin gəlin hələlik məktubumuza bu yerdə nöqtə qoyaq və 27 il ərzində muxtar respublika rəhbərliyinin törətdiyi bu qanunsuz əməllərin hesabının sorulanacağını gözləyək. İnanırıq ki, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  44 günlük tarixi Vətən müharibəsi qələbəsindən sonra Naxçıvanda başlatdığı islahatlar uğurla yekunlaşacaq, əhalinin güzəranı yaxşılaşacaq.  Axı 27 il ərzində muxtar respublikaya rəhbərlik edənlər Ordubad rayonunda 30-40 nəfərin belə işləyə biləcəyi istehsal müəssisəsini nə özləri yaradıblar, nə də ki, həmin müəssisəni yaratmağa imkan veriblər. Əksinə, 2007-ci ilin noyabr ayında bir neçə gün ərzində 168 təndirin, xarrat emalatxanasının, ticarət obyektlərinin, tövlələrin qapılarına vurulan qıfılların hələ də pası açılmayıb... 

Abbas SEYİD

Azərbaycan Respublikasının Əməkdar jurnalisti 

Nəşr edilib : 15.01.2023 12:02